Novruz Aslanov kəndlərdə növbəti görüş keçirdi - FOTOLAR

Millət vəkili Novruz Aslanov yay aylarında özünün fəaliyyət planına uyğun olaraq ucqar dağ kəndləri də daxil olmaqla hər həftənin cümə axşamı bir neçə kəndə səfər edərək səyyar qəbullar keçirir, seçicilərinin problemləri ilə maraqlanır.

Sabahinfo.az xəbər verir ki, iyulun 8-də İsmayıllı rayonuna növbəti səfərini edən millət vəkili rayonun Cülyan, Xanagah və Talıstan kəndlərində seçiciləri ilə görüşüb. Bu dəfə də deputat epidemioloji qaydalara uyğun olaraq seçicilərini fərdi qaydada qəbul edib.

Əsasən kənd yolları, içməli su, yararsız vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi barədə millət vəkilinə müraciət edilib. Bəzi sakinlər şəxsi məişət problemlərini də deputatın diqqətinə çatdırıblar. Bir neçə məsələ yerindəcə həll edilib. Digər məsələlər qeydə alınaraq həlli üçün müvafiq qurumlara müraciətin ediləcəyi bildirilib. 

Dəstək məqsədilə müraciət edən sakinlərin bəzilərinə ərzaq yardımlarının edilməsi nəzərdə tutulub.