“Bu gün həyat Ağdama yenidən qayıdır. Həm də təkcə Ağdama deyil, bütün Qarabağa və Şərqi Zəngəzura qayıdan bu yeni həyat az müddət sonra bütün dünyanı dolğunluğu, rəngarəngliyi və zənginliyi ilə heyrətə gətirəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri zamanı bu ərazilərdə bir neçə yeni obyektin açılış və ya təməlqoyma mərasiminin keçirilməsi artıq bir ənənə halını almışdır. Bununla belə möhtərəm dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna etdikləri səfər xüsusi özəllikləri ilə əlamətdar oldu. Səfər çərçivəsində cənab Prezident və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində və Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Bütün bu tədbirlər işğaldan öncə də Qarabağın ən böyük şəhəri olan Ağdamın yenidən qurulması istiqamətində aparılan işlərin heyratamiz vüsətindən və dinamikasından xəbər verir. Digər tərəfdən isə, oktyabrın 5-də ilk dəfə olaraq Azərbaycan Milli Şəhərsalma Forumunun məhz bu şəhərdə keçirilməsi Ölkə Prezidenti cənab İlham Əliyevin Ağdamın bərpasına, yenidən qurulmasına və inkişafına göstərdiyi xüsusi diqqət və qayğının daha bir təzahürü oldu.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat Ağdamda keçirilən Forumun erməni vandallarının 30 il işğal altında saxladıqları ərazilərdə törətdikləri vəhşiliklərin dünyaya təkrar nümayiş etdirilməsi üçün son dərəcə əlverişli platforma olduğunu qeyd edib: “BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu əslində çoxfunksional bir beynəlxalq tədbirdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu Forumda iştirak edən dünyanın 40-dan artıq ölkəsinin nümayəndələri həm də 30 il işğal altında qalmış ərazilərimizdə hansı dağıntıların, hansı vəhşiliklərin törədildiyini bir daha öz gözləri ilə görmək imkanı əldə etdilər. Təsadüfi deyil ki, tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev də Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdam şəhərində deyil, məhz bu şəhərin bir zamanlar yerləşdiyi məkanda təşkil edildiyini vurğuladı. Bununla da Ağdamın ermənilər tərəfindən tamamilə dağıdıldığı və yerlə-yeksan edildiyi bir daha diqqət mərkəzinə gətirildi. Həmçinin dövlətimizin başçısı xüsusi olaraq bu faktı da qeyd etdi ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. Bu şəhər sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. İşğal dövründə eyni aqibəti digər şəhər və kəndlərimiz – Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da yaşayıblar. Şuşa, Laçın və qismən Kəlbəcər şəhərlərində isə ermənilər məhdud miqdarda müəyyən yaşayış binalarını dağıtmamışlar ki, bunda da məqsəd müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirmək olub.”
Daha sonra Novruzəli Aslanov bildirib ki, bu gün Azərbaycan keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng layihələr həyata keçirməkdədir, Ermənistan isə bu prosesi mümkün qədər ləngitmək məqsədilə faktiki olaraq 30 il ərzində törətdiyi hərbi cinayət əməllərini indi də davam etdirir: “Bu gün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində apardığı işlərdə Azərbaycanın qarşısında duran ən böyük çətinliklərdən biri minalar məsələsidir. Vətən müharibəsinin başa çatmasından artıq iki il keçsə də, ölkəmiz hələ də ərazilərində ermənilər tərəfindən basdırılmış minalardan dolayı insan tələfatı verir. Bu iki il ərzində təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb və bu rəqəm hər həftə artır. Ermənilər işğal dövründə Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıblar və bütün beynəlxalq razılaşmalara zidd olaraq hələ də mina sahələrinin xəritələrini təqdim etməkdən boyun qaçırır. Bu, birmənalı olaraq Azərbaycana və azərbaycanlılara qarşı terror siyasəti kimi qiymətləndirilməlidir. Hər partlayan mina bir insan həyatına son qoyur. Yəni Ermənistan Vətən müharibəsi dövründə olduğu kimi, indi də dinc sakinləri hədəfə almaqda davam edir. Bu isə artıq hərbi cinayət əməlidir. Dövlət başçımızın dediyi kimi, Azərbaycana qarşı təcavüz, Azərbaycana qarşı terror davam edir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yenə də sülh çağırışlarına davam edir. Öz çıxışında cənab Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı görüşmələri sülh prosesi ilə bağlı müəyyən nikbinlik yaradıb. Artıq Ermənistanda gedən proseslərə adekvat reaksiya göstərməli, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirərək özü üçün nəticə çıxarmalıdır”, - deyə N.Aslanov fikirlərini tamamlayıb.