Novruzəli Aslanov: “Daha bir Avropa ölkəsi Azərbaycanla strateji tərəfdaş olur”

“Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun may ayının 7-də Azərbaycana etdiyi rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin artıq yeni müstəvidə, strateji tərəfdaşlıq formatında inkişafına başlanğıc vermiş oldu. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Slovakiyanın Baş nazirinin ölkəmizə səfərini məhz əlamətdar hadisə kimi qeyd etdi və bildirdi ki, bu səfərlə Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində iki ölkə arasında bir çox mühüm sənədlər, o cümlədən “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Dövlət başçısı ilk növbədə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini vurğulayaraq bildirdi ki, məhz bu sənəd Slovakiya-Azərbaycan əlaqələrini ən yüksək səviyyəyə qaldırır. Eyni zamanda tərəflər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara da start verilib. Bütün bunlar Avropa ölkələrinin Azərbaycan ilə dostluq və strateji tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olmalarının daha bir təsdiqidir.”

Bu sözləri Azərbaycan-Slovakiya münasibətlərinin inkişaf perspektivləri ilə bağlı fikirlərini paylaşan Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a açıqlamasında deyib.

Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, Azərbaycan ilə Slovakiya arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində oynadığı rolun önəmini bir qədər də artıracaq: “Azərbaycan Prezidenti ilə Slovakiyanın Baş naziri arasında keçirilən təkbətək və geniş tərkibli görüşlərin nəticələri barədə mətbuata təqdim edilən açıqlamalardan belə bir qənaətə gəlmək olur ki, Slovakiya bu yaxınlarda Azərbaycanın təbii qazını idxal edən doqquzuncu ölkə ola bilər. Qeyd edək ki, 25 aprel 2023-cü il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində imzalanmış Memorandum “Həmrəylik Halqası” ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar açmışdır. Ümumiyyətlə Avropada Azərbaycan qazına olan tələbat getdikcə artır və ölkəmizdə bu tələbatı ödəmək üçün müvafiq addımlar atılır. Bir tərəfdən Azərbaycanda qaz hasilatı artır. Digər tərəfdən isə ölkənin iri həcmli yaşıl gündəliyi də icra edilir. Aydındır ki, çox sayda bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ilə təbii qaza kifayət qədər böyük həcmlərdə qənaət ediləcək və bu qənaət olunmuş qazın əsas hissəsi də Avropaya nəql olunacaq. Bütün bu tədbirlər ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində rolunu daha da artıracaq və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.