“Azərbaycanın xarici siyasətində müsəlman ölkələri, o cümlədən ərəb dövlətləri ilə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi hər zaman mühüm istiqamətlərdən olub. O cümlədən ölkəmizin Misir Ərəb Republikası ilə münasibətləri bu gün yüksək səviyyədə inkişaf edir. İyun ayının 7-də cənab Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri də Azərbaycan-Misir əlaqələrinin daha da genişlənməsinə böyük töhfə olacaq. Səfər çərçivəsində iki ölkənin dövlət başçılarının keçirdikləri təkbətək və geniştərkbli formatda görüşlər zamanı bir çox mühüm məsələlər müzakirə olunmuşdur. İyunun 8-də Qahirədə keçirilmiş geniş tərkibdə görüşün gedişində Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib. Müzakirə edilən məsələlər arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq mövzusu əsas yer tutub.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin iyunun 8-də mətbuata bəyanatla etdiyi çıxışında təqdim olunan açıqlamalar Azərbaycan-Misir əlaqələrinin inkişaf perspektivləri barədə aydın təsəvvür yaradır: “Öz çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır və bütün beynəlxalq məsələlərdə dövlət başçılarının fikirləri üst-üstə düşür. Qeyd olundu ki, Azərbaycan Misirin dəstəyi ilə dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur. Xüsusi qeyd olunmalı bir məqam da budur ki, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi mövzusunda cənab Prezident İlham Əliyev bir daha dövlətimizn və şəxsən özünün prinsipial mövqeyini nümayiş etdirərək bildirdi ki, müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. İki ölkənin dövlət başçılarının müzakirə etdikləri mühüm məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı oldu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Həmçinin Prezidentlərin görüşü zamanı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olundu. Cənab Prezident İlham Əliyevin Misirə səfəri çərçivəsində imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ölkələrimiz arasında ticarət dövriyyəni artıracaq, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.