Novruzəli Aslanov: “Ölkəmizdə aparılan ordu quruculuğu işləri ilə bağlı Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamalar həyati əhəmiyyət kəsb edir”

 

“Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində toxunduğu vacib məqamlardan biri də əlbəttə ki, Orta Dəhliz layihəsinin tam reallaşması baxımından xüsusilə önəmli olan Zəngəzur dəhlizi ilə bağlı oldu. Məlumdur ki, Azərbaycan nəqliyyat sahəsində artıq uzun illərdir ki, mühüm beynəlxalq layihələrin aparıcı iştirakçısı və bir çox hallarda həm də təşəbbüskarı kimi çıxış edir. Müasir dünyada gedən proseslər, xüsusilə yeni dünya düzəninin formalaşma istiqamətlərinə təsir etmək imkanları baxımından 2022-ci ilin ən önəmli hadisələrindən olan Rusiya-Ukrayna müharibəsi Azərbaycanın gördüyü işlərin əhəmiyyətini daha da artırmışdır. Lakin dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu sahəyə uzun illərdir ki, böyük vəsaitlər qoyur. Nəticə olaraq Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm də Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Hesablamalara görə təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Bu isə o deməkdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra bu, Rusiya üçün əsas prioritet məsələlərdən birinə çevrilib. Həmçinin Azərbaycan Orta Dəhliz layihəsi ilə bağlı ardıcıl siyasət aparır. Hələ beş il bundan əvvəl Azərbaycan təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdi. Qeyd olunmalıdır ki, bəzi böyük Qərb ölkələrinin bu layihənin əleyhinə çıxış etmələri və çox ciddi maneələr törətmələri səbəbindən layihənin icrası mümkün ola biləcəyindən daha çox zaman aldı. Həmin ölkələrin layihəyə qarşı çıxmalarının səbəbi də ondan ibarət idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir. Yəni, cənab Prezident İlham Əliyevin dediyi kimi, ermənipərəstlik bu layihənin icrasında da özünü göstərdi. Lakin Azərbaycan bütün hallarda olduğu kimi, öz məqsədinə nail oldu və hazırda bu layihənin genişləndirilməsi ilə bağlı ciddi iş gedir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Öz fikirlərini davam etdirən deputat bildirib ki, Zəngəzur dəhlizinin iqtisadi səmərəsinin təsdiqi də bu layihənin reallaşmasını labüd edən əlavə amil kimi çıxış edir: “Hazırda gündəmdə duran əsas məsələlərdən biri Orta Asiyadan gedən yüklər üçün yeni yolların açılmasıdır. Məhz buna görə də Zəngəzur dəhlizinin iqtisadi səmərəsi artıq heç kimdə şübhə doğurmur. Eyni zamanda da dövlət başçısı bu layihənin həm Azərbaycan üçün, həm də bir neçə qonşu ölkə üçün, böyük bir coğrafiya üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, həm də strateji bir layihə olduğunu vurğuladı və bir daha bəyan etdi ki, bu layihənin reallaşması ölkəmizin təbii hüququdur. Məlumdur ki, Zəngəzur dəhlizinin açılması şərti eyni zamanda, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatda da öz əksini tapıb. Həmin sənəddə açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir və Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq.”

Daha sonra deputat hazırda ölkəmizdə aparılan ordu quruculuğu işlərinin mahiyyəti ilə bağlı Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamaların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Məlumdur ki, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə 2003-2020-ci illər ərzində Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin intensiv şəkildə həyata keçirdiyi əhatəli hazırlıq işləri, o cümlədən müasir və güclü ordunun yaradılması sayəsində mümkün oldu. Təbii ki, müasir dünyada bundan sonra da məhz güc amilinin həlledici faktor kimi çıxış edəcəyi artıq heç kimdə şübhə doğurmur. Bu baxımdan hazırda ölkə ictimaiyyətini son dərəcə maraqlandıran məsələlərdən biri də əlbəttə ki, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərlə bağlıdır. Öz müsahibəsində bu məsələyə də aydınlıq gətirən dövlət başçısı bildirdi ki, Azərbaycan müharibədən sonrakı dövrdə də bu istiqamətdə işləri heç bir fasiləyə yol vermədən davam etdirib. Qeyd olundu ki, dövlətimiz müharibə təcrübəsini həyatda artıq yeni ordu konsepsiyası əsasında tətbiq etmək üçün fəal iş aparır. İki il ərzində artıq bir çox işlər görülüb. O cümlədən, Silahlı Qüvvələrin xüsusi təyinatlı və yüksək zərbə gücünə malik olan “komando” hissələri artıq tam formalaşıb və bu proses davam etdirilir. Həmçinin Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlı dəstələri, qrupları yaradılıb. Dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayı artırılıb. Ali Baş Komandan Ermənistanla məsələnin həll olunduğunu və üçüncü müharibənin baş verməyəcəyinə əminliyini bildirsə də, eyni zamanda müharibədən sonra ölkəmizin üzləşdiyi bəzi yeni təhdidlərin də hələ ki, aradan qalxmadığını vurğuladı. Buna görə də Azərbaycan ordu quruculuğu işini bu gün də yüksək səviyyədə davam etdirir. Artıq Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlanıb. Eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə danışıqlar sona çatmaq üzrədir. Ölkə Prezidenti xüsusi olaraq vurğuladı ki, Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır və bu, ixracyönümlü sənaye olacaqdır. Bütün bunlar Azərbaycanın hərbi qüdrətinin və ümumilikdə iqtisadi gücünün getdikcə artacağını deməyə əsas verir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.