“Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Həm də bu, sadəcə olaraq dostlarımızın bizimlə sevincimizi paylaşmaları anlamında deyil. Məsələ bundadır ki, Azərbaycan bu gün Orta Asiya məkanını Avropa ilə birləşdirə biləcək ən əlverişli logistik mərkəzdir. Məlum olduğu kimi, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin nəticələri kimi Cənubi Qafqazda yaranmış yeni reallıqlardan biri də Zəngəzur dəhlizinin açılmasına dair qəbul edilmiş qərardır. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi Bu gün isə qədim Azərbaycan torpağı olan Zəngəzur artıq türk dünyasının birləşməsi rolunu oynayacaq. Məhz buna görə də birmənalı olaraq deyə bilərik ki, Türk dünyası Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsilə daha da güclənib.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili həmçinin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində iki qardaş ölkənin dövlət başçılarının bir neçə açılış və təməlqoyma mərasimlərində birgə iştirakları Azərbaycan-Türkiyə münasibətlərinin dörd ay bundan əvvəl imzalanmış Şuşa Bəyannaməsində nəzərdə tutulan yeni formatda təzahürlərindən biri kimi qiymətləndirilə bilər: “Oktyabr ayının 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Azərbaycana rəsmi səfər etdi. Bu həm də qardaş ölkə Prezidentinin işğaldan azad edilmiş Qarabağ torpaqlarına ikinci rəsmi səfəri idi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezident Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdilər, birlikdə Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoydular. Əlbəttə ki, bütün bunlar ilk növbədə Türkiyə-Azərbaycan münasibətlərinin dörd ay bundan öncə imzalanmış tarixi Şuşa Bəyannaməsi ilə rəsmi müttəfiqlik səviyyəsinə qaldırılmasından sonra ölkələrimiz arasında yeni, daha əhatəli formatda qarşılıqlı əməkdaşlıq əlaqələrinin təzahürləridir. Möhtərəm dövlət başçımızın dediyi kimi, Türkiyə dost və qardaş ölkə olaraq həm Vətən müharibəsi dövründə, həm də bu gün ölkəmizin həyata keçirdiyi bərpa-yenidənqurma işlərində Azərbaycanın yanındadır. Bir neçə gündən sonra Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin birinci ildönümünü qeyd edəcək. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o bəyan etdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə də qardaş Türkiyənin rolu böyükdür. Bu gün istər regional, istərsə də dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Bu qardaşlıq Azərbaycan və Türkiyə Prezidentlərinin birlikdə yazdıqları tarixin ən şərəfli səhifələrində əks olunacaq. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək.”
Daha sonra Novruzəli Aslanov Qarabağ münaqişəsinin başa çatması ilə regional inkişafı əngəlləyən maneələrin də aradan qalxdığını vurğulayaraq bunları deyib: “Azərbaycan 44 günlük savaşda qalib gəlməklə bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan əsas səbəbi aradan qaldırdı. Bu gün artıq işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə və keyfiyyətli şəkildə davam etdirilir. Artıq bir sıra iri layihələrin icrası tamamlanıb. Bu gün Qarabağda təməli qoyulan layihələr, tunellər, avtomobil yolları bölgədə görülən işlərin miqyasını göstərir. Zəngilan rayonunda təməli qoyulan birinci özəl sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə projesidir. Qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək isə təbii ki, həm də keçmiş məcburi köçkünlərimizin geri qayıtmasi üçün bir müjdədir. Ötən gün isə Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını bütün dünya izlədi. Qısa müddətdə - cəmi 8 ay ərzində müasir tələblərə tam cavab verən belə bir aeroportun inşa edilməsi dövlətimizin dayanıqlı iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək. Bu gün artıq Cənubi Qafqazda bütün xalqların sülh və əmin-amanlıq şəraitində, yüksək rifah içində yaşaya bilmələri üçün tarixdə bu günə qədər mövcud olmamış çox geniş imkanlar yaranıb. Türkiyə və Azərbaycanın birlikdə həyata keçirdikləri regional layihələr və ilk növbədə əlbəttə ki, beynəlxalq nəqliyyat-logistik layihələr bu imkanların yalnız bizim xalqlarımız üçün deyil, bütün region ölkələri və qonşu dövlətlər üçün əlçatan olmasını təmin edə bilər. Bunun üçün isə sadəcə yeni regional reallıqlara uyğun hərəkət edilməlidir. Belə olan halda bu ərazilərdən keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticarət imkanları yaradacaq. Bu imkanlardan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları yararlana biləcəklər.”