Ölkəmizin enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti istər regional, istərsə də beynəlxalq miqyasda günbəgün artmaqdadır  

Müasir dünyada Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan cari ilin aprelin 4-də paytaxtımızda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları əlbəttə ki, dövlətimizin enerji siyasətində strateji mərhələ olmaqla yanaşı, ölkəmizin regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir. Tədbirdə çıxış edən Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın ənənəvi enerji siyasəti ilə yanaşı bərpa olunan enerji strategiyasının əhəmiyyətinə toxunaraq bildirmişdir: “Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq”.  Göründüyü kimi, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqların tarazlaşdırılması beynəlxalq maliyyə institutlarının dəstəyi ilə mümkün olub. Yaşıl gündəliyin sürətlənməsi ilə paralel olaraq, Azərbaycan bərpaolunan enerji sektorunda ciddi addımlar atır. İndiyədək imzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsalı nəzərdə tutulur. Bu investisiyalar daxili təbii qaz istehlakının azalmasına və qazın ixrac üçün yönləndirilməsinə imkan verəcək.  Tədbir zamanı xüsusilə vurğulanan məsələlərdən biri faydalı qazıntı layihələrinin maliyyələşdirilməsi ilə bağlı bəzi beynəlxalq maliyyə təsisatlarının siyasətinin yenidən nəzərdən keçirilməsi idi. Uzunmüddətli müqavilələrin bağlanması və investorlar üçün dayanıqlı bazar təminatı mühüm şərtlər kimi irəli sürülüb. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışında ölkəmizin nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malik olduğunu vurğulayaraq qeyd etmişdir: “AÇG, “Şahdəniz” və “Abşeron” - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Bir sözlə, düşünürəm ki, həmin mühüm məqam da, ola bilsin, müzakirə ediləcək”.  Beləliklə, ölkəmizdə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası və tədbir zamanı səslənən fikirlər onu deməyə əsas verir ki, Azərbaycanın dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Həmçinin ölkəmizin enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti istər regional, istərsə də beynəlxalq miqyasda günbəgün artmaqdadır.

Ümid MEHDİYEV,
ADPU-nun rektor müşaviri