Rusiya Federasiyasının Orenburq şəhərinin rəhbəri Sergey Salmin “Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Yaşar Məsimovu “Təşəkkürnamə” ilə təltif edib. Sergey Salmin mayın 26-da Rusiyada Sahibkarlar Günü münasibətilə Yaşar Məsimova “Təşəkkürnamə”ni təqdim edib və ona şəhərin ictimai-siyasi həyatında göstərdiyi aktivliyə görə təşəkkür edib. “Təşəkkürnamə”də “Beynəlxalq Ailə Gününə həsr olunmuş “Əkizlər bayramı” tədbirinin hazırlanmasına və keçirilməsinə şəxsi töhfəsinə görə” deyə qeyd olunur.
Xatırladaq ki, mayın 18-də Orenburqda Beynəlxalq Ailə Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirə əkiz övladları olan 10 ailə cütlüyü dəvət olunub. Bayram tədbirnin təşkilatçılığı “Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Yaşar Məsimov tərəfindən olub. Tədbirn sonunda “Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı adından 10 ailəyə xatirə hədiyyələri təqdim edilib.