Mayın 21-22-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri kifayət qədər məhsuldar oldu. Səfər çərçivəsində Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən vacib sənədlər imzalanıb. Geniş fikir mübadiləsi əsnasında aparılan önəmli müzakirələr və imzalanan sənədlər ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini bir daha təsdiqlədi. Vilnüsdə keçirilmiş biznes-forum ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Prezident İlham Əliyevin bu forumda iştirakı onun əhəmiyyətini bir qədər də artırmış oldu.
Bunu Milli Məclisin deputatı Cəbi Quliyev AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Litva münasibətlərinin tarixini o qədər də gənc hesab etmək olmaz. Bu baxımdan ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə tarixi əməkdaşlığın müasir reallığa uyğunlaşdırılaraq münasibətlərin mahiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir. Bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Keçən il Litva Prezidenti Nausedanın Azərbaycana rəsmi səfəri, bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi, eləcə də cari ilin əvvəlində iki ölkənin dövlət başçılarının Davosda baş tutmuş görüşü onu göstərir ki, ölkə rəhbərləri arasında fəal siyasi dialoq mühiti mövcuddur. Azərbaycan və Litva Prezidentləri arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, regionda yeni situasiya yaradır. Bu əlaqələr digər sahələrə də öz müsbət təsirini göstərir. Bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları iki ölkə arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlı görünürlər. Ötən il mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi dediklərimizi təsdiq edir. Vilnüsdə keçirilən biznes forum da iqtisadi dialoqun, müzakirələrin davamıdır. Bu görüşlər, tədbirlər gələcək illərdə iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafı istiqamətdə görülən tədbirlərə mühüm töhfə olacaqdır.
Cəbi Quliyev qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayan Litva həm də NATO üzvü kimi hər zaman ölkəmizə öz dəstəyini əsirgəməyib.
“Prezident İlham Əliyev öz bəyanatında bir daha vurğuladı ki, Litva ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafına önəmli töhfələr verir. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq. Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edərək regional sülhün bərqərar olunmasına dəstək verir. Məhz Prezident İlham Əliyevin son iki ildə keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq rəsmi Bakının yürütdüyü sülh siyasəti Qərb ölkələri tərəfindən tam dəstəklənir. Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən ümdə məsələlərdən biridir. Azərbaycan və Litva Prezidentlərinin keçirdikləri görüşdə bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı fikir mübadiləsi də prioritet istiqamətlərdən biridir”, - deyə deputat hesab edir ki, Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri Litva-Azərbaycan iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsinə təkan verəcək.