Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin mahiyyətini, əldə edilmiş nəticələri və qarşıdakı dövr üçün əməkdaşlıq perspektivlərini aydın şəkildə ortaya qoyur. Dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi fikirlərdən də göründüyü kimi, Azərbaycan-Özbəkistan əlaqələri artıq yalnız ənənəvi dostluq və qardaşlıq münasibətləri ilə məhdudlaşmır. Bu münasibətlər siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər istiqamətləri əhatə edən hərtərəfli müttəfiqlik modelinə çevrilib.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə keçdiyi inkişaf yolunun sistemli qiymətləndirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Çünki burada yalnız mövcud əlaqələrin səviyyəsi deyil, həm də Azərbaycanla Özbəkistanın regional proseslərə baxışı, türk dünyasının gələcəyi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişləndirilməsi və yeni iqtisadi imkanların yaradılması ilə bağlı mühüm mesajlar ifadə olunub.
Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlərin əsasında ilk növbədə xalqlarımızın ortaq tarixi, mədəni və mənəvi dəyərləri dayanır. Eyni tarixi-mədəni köklərə, dil və ənənə yaxınlığına malik iki xalq arasında münasibətlər dövlətlərarası əlaqələrin möhkəm ictimai dayağını formalaşdırır. Son illərdə bu təməl üzərində qurulan münasibətlər siyasi iradə və qarşılıqlı etimad sayəsində keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Bu prosesdə Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi münasibətləri xüsusi rol oynayır. Dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimad Azərbaycan-Özbəkistan əlaqələrinin praktiki məzmununun genişlənməsinə mühüm təsir göstərir. Qarşılıqlı dövlət səfərləri də məhz bu siyasi iradənin konkret nəticələrini nümayiş etdirir.
2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri münasibətlərin inkişafında mühüm mərhələlər olub. Bu səfərlər zamanı imzalanmış sənədlər, o cümlədən strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkənin gələcək əməkdaşlığı üçün möhkəm hüquqi-siyasi çərçivə yaradıb. Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində də qeyd edildiyi kimi, həmin səfərlər çərçivəsində 2025-2029-cu illər üçün müttəfiqlik münasibətləri haqqında müqavilənin həyata keçirilməsi üzrə “Yol Xəritəsi” də daxil olmaqla çoxsaylı sənədlər imzalanıb.
Azərbaycan-Özbəkistan münasibətlərində Ali Dövlətlərarası Şuranın yaradılması da xüsusi əhəmiyyət daşıyır. 2023-cü ilin avqustunda təsis edilən bu mexanizm iki ölkə arasında strateji gündəliyin müəyyənləşdirilməsi, prioritetlərin əlaqələndirilməsi və dövlətlərarası əməkdaşlığın uzunmüddətli istiqamətlərinin formalaşdırılması üçün mühüm platformaya çevrilib. Şuranın ilk iki iclasının 2024-cü il avqustun 22-də Daşkənddə və 2025-ci il iyulun 2-də Bakıda keçirilməsi onun artıq fəaliyyət göstərən institusional mexanizm kimi formalaşdığını təsdiqləyir.
Münasibətlərin möhkəmliyini göstərən əsas amillərdən biri isə iqtisadi əməkdaşlığın sürətli inkişafıdır. Prezident İlham Əliyevin müsahibəsində açıqladığı rəqəmlər bu dinamikanı aydın nümayiş etdirir. Belə ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib.
Bu göstəricilər iqtisadi əlaqələrin yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, real biznes və ticarət münasibətlərinin də genişləndiyini göstərir. Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri qarşılıqlı ticarət dövriyyəsinin daha da artırılması, məhsul çeşidlərinin genişləndirilməsi, birgə müəssisələrin sayının çoxaldılması və özəl sektorun qarşılıqlı bazarlara çıxış imkanlarının artırılması olmalıdır.
İnvestisiya əməkdaşlığı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki ölkənin biznes dairələri üçün mühüm maliyyə və investisiya platformasına çevrilib. Şirkətin fəaliyyəti Azərbaycan və Özbəkistanda müxtəlif iqtisadi sahələr üzrə perspektivli layihələrin maliyyələşdirilməsinə imkan yaradır. Hökumətlərarası Komissiyanın indiyədək 15 iclasının keçirilməsi isə iqtisadi gündəliyin institusional əsaslarının kifayət qədər möhkəm olduğunu göstərir.
Energetika sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin strateji istiqamətlərindən biridir. “Neftegaztexnologiya” birgə müəssisəsinin 2016-cı ildən fəaliyyət göstərməsi, SOCAR ilə “Özbəknefteqaz” arasında əməkdaşlığın genişlənməsi və Azərbaycan neft-kimya məhsullarının Özbəkistan bazarına çıxarılması iki ölkənin enerji sektorlarında qarşılıqlı maraqlarının artdığını göstərir. Prezident İlham Əliyevin müsahibəsində “Turan Energy AFEZCO” birgə müəssisəsinin “Azərikimya” İstehsalat Birliyinin istehsal etdiyi yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirdiyi də vurğulanır.
Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində formalaşan əməkdaşlıq yeni regional imkanlar açır. 2024-cü ilin dekabrında “Azərenerji”, Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti və Özbəkistan Milli Elektrik Şəbəkəsi arasında “Yaşıl Dəhliz Birliyi” birgə müəssisəsinin yaradılmasına dair təsis müqaviləsi imzalanıb. 2025-ci ilin iyulunda isə birgə müəssisənin fəaliyyəti ilə bağlı növbəti institusional addımlar atılıb. Layihənin əsas məqsədlərindən biri Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması imkanlarının inkişaf etdirilməsidir.
Bu layihə yalnız enerji layihəsi kimi qiymətləndirilməməlidir. Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi Xəzər regionunda yeni iqtisadi əməkdaşlıq xəritəsinin formalaşmasına, enerji sistemlərinin əlaqələndirilməsinə və Azərbaycanın regional enerji tranziti imkanlarının genişlənməsinə xidmət edə bilər. Eyni zamanda, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yeni əməkdaşlıq formatlarının yaranmasına zəmin yaradır.
Nəqliyyat və logistika sahəsi də Azərbaycan-Özbəkistan münasibətlərinin regional əhəmiyyətini artıran əsas istiqamətlərdəndir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə artım 12,2 faiz təşkil edib və daşımaların həcmi 675 min tona yüksəlib.
Özbəkistanla birgə həyata keçirilən layihələr sırasında işğaldan azad edilmiş Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı”nın salınmasını və avtomobil istehsalı sahəsində əməkdaşlığı da qeyd etmək lazımdır. 2026-cı il iyulun 13-nə olan məlumata əsasən, Azərbaycanda 10 min 720 “Chevrolet” avtomobili və 275 “İsuzu” avtobusu istehsal edilib. Bu layihələr iqtisadi münasibətlərin sadəcə ticarətlə məhdudlaşmadığını, istehsal və sənaye kooperasiyasının da inkişaf etdiyini göstərir.
İnvestisiya əməkdaşlığının digər istiqamətində də mühüm nəticələr var. Hazırda Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı fəaliyyət göstərir. Bu şirkətlərin sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sektorlarında təmsil olunması iki ölkənin biznes mühitləri arasında əlaqələrin genişləndiyini göstərir. Eyni zamanda Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr, o cümlədən “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında reallaşdırılan hotel və yaşayış kompleksi, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” layihəsi qarşılıqlı investisiya modelinin formalaşdığını nümayiş etdirir.
Regionlararası əməkdaşlıq da münasibətlərin sosial bazasını genişləndirir. İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termiz, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz arasında qardaşlaşma və tərəfdaşlıq əlaqələrinin yaradılması şəhərlər və regionlar səviyyəsində qarşılıqlı təcrübə mübadiləsinə imkan verir. Bu münasibətlər yalnız protokol xarakteri daşımır, eyni zamanda mədəniyyət, turizm, təhsil və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Media və vətəndaş cəmiyyəti sahələrində əməkdaşlığın genişlənməsi də mühüm məqamdır. 2024-cü ilin sentyabrında Daşkənddə Birinci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci ilin sentyabrında isə Bakıda İkinci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. Bu platformalar jurnalistlər arasında peşəkar əlaqələrin genişləndirilməsi, iki ölkənin informasiya məkanlarının qarşılıqlı tanıdılması və ortaq gündəliyin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Özbəkistan münasibətlərinin mühüm üstünlüklərindən biri də bu əməkdaşlığın ikitərəfli çərçivədən kənara çıxaraq Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya formatlarında daha geniş məzmun qazanmasıdır. Ölkələrimiz Türk Dövlətləri Təşkilatının gücləndirilməsini, türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni və humanitar inteqrasiyanın dərinləşdirilməsini dəstəkləyir. Azərbaycan ilə Özbəkistanın bu təşkilat çərçivəsində mövqelərinin yaxınlığı Türk dünyasının beynəlxalq münasibətlər sistemində daha fəal və təsirli aktora çevrilməsi üçün mühüm amildir.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatında Azərbaycanın iştirakının genişlənməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin 2025-ci ilin noyabrında Daşkənddə keçirilmiş görüşdə iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi. Azərbaycanın bu formatda iştirakının genişlənməsi Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha sıx qurulmasına imkan verir.
Burada Azərbaycanın regional siyasətinin əsas xüsusiyyətlərindən biri də qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelidir. Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərdə yalnız ikitərəfli iqtisadi maraqları deyil, daha geniş regional bağlantıları, enerji təhlükəsizliyini, nəqliyyat dəhlizlərinin inkişafını və humanitar əlaqələrin möhkəmləndirilməsini əsas götürür. Özbəkistanla əməkdaşlıq bu siyasətin ən uğurlu nümunələrindən biridir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsi də məhz bu reallığı bir daha təsdiqləyir. Müsahibədə səsləndirilən fikirlərdən aydın olur ki, Azərbaycan və Özbəkistan arasında siyasi etimad artıq konkret iqtisadi layihələrə, nəqliyyat marşrutlarına, enerji təşəbbüslərinə, mədəni proqramlara və humanitar əlaqələrə çevrilib. Bu isə münasibətlərin dayanıqlığını və uzunmüddətli perspektivini təmin edən əsas amildir.
İnanıram ki, Azərbaycan və Özbəkistan qarşıdakı illərdə mövcud potensialdan daha geniş istifadə etməklə ticarət və investisiya əlaqələrini artıracaq, nəqliyyat və enerji layihələrini genişləndirəcək, mədəni-humanitar əməkdaşlığı daha da dərinləşdirəcək. Ən əsası isə iki qardaş xalq arasında əsrlər boyu formalaşmış dostluq və mənəvi yaxınlıq dövlətlərimizin müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi üçün etibarlı zəmin olaraq qalacaq.
Asif Əsgərov,
Milli Məclisin deputatı