Qadınlar arasında torpaq mübahisəsi dava ilə nəticələndi - TƏFƏRRÜAT

Şirvan şəhərində qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı uzun illərdir davam edən münaqişə yenidən gərginliyə səbəb olub.

Sabahinfo.az Teleqraf-a istinadən xəbər verir ki, tərəflər arasında mübahisə 2018-ci ildən bəri mövcuddur.

Məlumata görə, hadisə Aytacla qonşuları Ləman və onun bacısı qızı Rəqsanə (adlar şərti verilib - red.) arasında baş verib.

Hadisə axşam saatlarında olub. Aytac özünə məxsus həyətyanı sahədə çəkdiyi daş hasarın Ləman və Rəqsanə tərəfindən aşırıldığını iddia edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb, onlar qarşılıqlı olaraq bir-birilərinin ünvanına nalayiq ifadələr işlədiblər.

Ləman və Rəqsanə bildiriblər ki, Aytacın çəkdiyi daş hasar onların evinə gedən yolu bağlayıb. Onların sözlərinə görə, mübahisə zamanı Aytac Rəqsanəyə qarşı fiziki zorakılıq tətbiq edib və onu boğmağa cəhd göstərib.

Aytac isə iddiaları təkzib edib, heç kəsə xəsarət yetirmədiyini, yalnız sözlü mübahisə etdiklərini bildirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Əraziyə polis əməkdaşları cəlb olunub. Tərəflərin izahatı alınıb. Məlum olub ki, bu hadisənin törədilməsində Aytac günahkardır.

Aytacın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub.

Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Aytacın inzibati xəta törətməsi müəyyən edilməyib. Buna görə də onun barəsində başlanan İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə icraata xitam verilib.