Qadınların hüquları ən yüksək səviyyədə qorunur

8 Mart – Beynəlxalq Qadınlar Günü, dünyada qadınların hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və qadınların mübarizələrinin qeyd edilməsi məqsədini güdən xüsusi bir gündür. Azərbaycanın tarixində qadınlar həm ailə həyatı, həm də dövlət quruculuğu sahələrində əvəzsiz xidmətlər göstərmişlər. Qadınlarımızın müstəqil Azərbaycan dövlətinin qurulmasında, müharibələrdə, təhsil və mədəniyyət sahəsində böyük və əhəmiyyətli rolu olub.

Azərbaycan tarixində qadınların rolu uzun illər boyu nəzərə çarpan olub. Tariximizin müxtəlif dövrlərində qadınlar, Azərbaycan xalqının müdafiəsində və inkişafında fəal iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində öz vətənpərvərlik hisslərini nümayiş etdirmişlər. Azərbaycan qadınlarının döyüş meydanında göstərdikləri şücaət, eyni zamanda Mömünə Xatun, Sara Xatun, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi lider qadınlarımızın qəhrəman və cəsarətli həyat yolu buna nümunədir. Bu qadınlar, öz dövründə cəmiyyətdə mühüm qərarlar almış, böyük liderlik qabiliyyətlərinə malik olmuş, cəmiyyətin inkişafında və dövlətin möhkəmlənməsində öz sözlərini demişlər.

Qadınların hüquqları və onlara verilən imkanlar ölkənin inkişafında, xüsusilə də siyasi həyatında mühüm əhəmiyyətə malikdir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar seçib-seçilmək hüququnu qazanmışlar. 1918-ci ildən başlayaraq Azərbaycan qadınları sosial-siyasi həyatda öz hüquqlarını müdafiə etmiş və bu, qadınların cəmiyyətdə daha fəal iştirak etmələrinə zəmin yaratmışdır. Bu gün bu hüquqların qorunması və gender bərabərliyinin təmini ölkəmizdə hökumət və vətəndaş cəmiyyəti tərəfindən müvafiq islahatlarla davam etdirilir.

Ulu Öndər Heydər Əliyev də öz hakimiyyəti dövründə ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirməyə çalışmışdır. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmışdır.

Azərbaycanda qadınların hüquqları həm də qanunvericiliklə möhkəm şəkildə qorunur. Azərbaycan Respublikasının Konstitusiyasına görə, qadınlar kişlərlə bərabər hüquqlara malikdirlər. Bu hüquqların həyata keçirilməsi üçün hüquqi baza yaradılmış, qadınların müxtəlif sahələrdə - iş dünyasında, siyasətdə, təhsildə və digər sahələrdə fəaliyyət göstərməsi üçün hüquqi zəmin hazırlanmışdır. 

Azərbaycanın beynəlxalq əlaqələrində də qadın hüquqlarının qorunması məsələsi mühüm yer tutur. Beynəlxalq təşkilatlar qadınların hüquqlarını qorumaq və onlara bərabər imkanlar yaratmaq üçün müxtəlif proqramlar, o cümlədən bu sahədə müxtəlif islahatlar həyata keçirir. Azərbaycan da bu məsələyə böyük diqqət yetirir, həm öz daxilində, həm də beynəlxalq arenada qadınların hüquqlarının qorunmasına önəm verir.

Ölkəmizdə qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün bir çox Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. 

Həm Ümummilli Lider Heydər Əliyevin, həm də ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə qadın siyasətinin effektivliyinin təmin edilməsi məqsədilə bir çox Komitələr yaradılmış, Sərəncam və Fərmanlar imzalanmış, eləcə də Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı qəbul edilmişdir. Bundan başqa, ölkəmiz bir sıra beynəlxalq təşkilatlara və konvensiyalara qoşulmuş, milli qanunvericilikdə qadın hüquqları mövzusunu təkmilləşdirilməsi istiqamətində Ölkə Rəhbərliyi tərəfindən uğurlu addımlar atılmışdır. 

Bu gün Azərbaycan Respublikasının Birinci xanımı və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər Azərbaycan qadını üçün əsl örnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələri, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir və ölkəmizə yeni dostlar qazandırır. Xanım Mehriban Əliyevanın Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Həmçinin qeyd edə bilərik ki, Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə 26 qadın deputat seçilmişdir. Hətta, 2020-ci il mart ayının 10-dan etibarən Milli Məclisə Sahibə xanım Qafarova sədrlik edir.

Beynəlxalq Qadınlar Günü, qadınların hüquqlarının tanınması və qadınların daha güclü bir gələcək qurmaq üçün mübarizələrinin dəstəklənməsi məqsədini güdür. Azərbaycan qadınları bu gün cəmiyyətdəki yerini möhkəmləndirərək, həm milli, həm də beynəlxalq səviyyədə öz sözlərini deyirlər. “8 Mart” sadəcə qadınların bayramı deyil, həm də onların mübarizələrinin qeyd edildiyi, qadın hüquqlarının tanındığı və gender bərabərliyinin təşviq edildiyi bir gündür. Bu günün qeyd edilməsi, həm də qadınların tarix boyunca qazandıqları uğurları anlamağa və gələcəkdə bu uğurların daha da artırılmasına kömək edəcək bir addımdır.


Milli Məclisin deputatı 

Pərvanə Vəliyeva