Azərbaycan Milli Mətbuatı 149 yaşını qeyd edir. Təməli Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, ilk sayı 22 iyul 1875-ci ildə işıq üzü görmüş “Əkinçi” qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrına qədər fəaliyyəti dövründə 56 sayı işıq üzü görmüş “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olmuş, maarifçilik missiyasını üzərinə götürərək, az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında məşhurlaşaraq çox sevilmişdir.
“Milli Mətbuat Günü” Azərbaycanda 1991-ci ildən rəsmi olaraq təsbit olunsa da, onun yaddaqalan bayram kimi qeyd olunması və bu münasibətlə dövlət səviyyəsində xüsusi tədbirlərin, jurnalistlərlə çoxsaylı görüşlərin keçirilməsi, fərqlənən yüzlərlə qələm sahiblərinin ayrı-ayrı dövlət təltifləri ilə mükafatlandırılması kimi digər xoş ənənəni 1995-ci ildən Ümummilli8 lider Prezident Heydər Əliyev yaratmışdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilməsi, kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir. Elə həmin vaxt senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. Heydər Əliyev öz çıxışlarında demokratik prinsiplərə sadiq qalaraq, mətbuatın cəmiyyət üçün əhəmiyyətli bir güc olduğunu və onun müstəqil fəaliyyət göstərməsinin vacibliyini vurğulayırdı.
Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkəmizin artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Hazırda ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir.
Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumda iştirak etməsi və sualları cavablandırması media işçilərinə böyük jest kimi qiymətləndirilir.
50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Xatırladaq ki, “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.
Hazırda Azərbaycan mediası Mətbuat Şurasının sədri Rəşad Məcid dediyi kimi, tarixi ənənələrə sadiqliyi və müasirliyi yaşadan dinamik, cəmiyyət həyatının müxtəlif sferalarına nüfuz etməyi bacaran mütəhərrik strukturdur və dünyanın Cənubi Qafqaz regionu ilə bağlı vacib informasiya mənbəyi rolunda çıxış edir.
Əsas problemlərə gəlincə isə, bu sırada sosial şəbəkələrdəki yoxlanılmamış xəbərlərin mətbuat səhifələrinə sıçramasını, dünyəvi tendensiya kimi ciddi materialların daha az maraq kəsb etməsini, peşəkarlığın daha da artırılmasına ehtiyacı qeyd etmək olar. İnanıram ki, Qalib Azərbaycanın mətbuatı da önündə duran bütün çətinlikləri arxada qoyacaq. Bugünkü Azərbaycan mətbuatı inkişafdadır və son tendensiyaları da mediada tətbiq etməyi bacarır.
Elnarə Həziyeva