"Doğma Qarabağımızdan inkişaf sürətlə gedir. Misli görünməyən tikinti işləri aparılır. Böyük Qayıdış istiqamətində işlər davam etdirilir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.
O bildirib ki, Qarabağda çalışan iş adamlarından şikayətlər qəbul edirlər: "Bu şikayətlər xüsusilə də büdcə ilə bağlıdır. Bunu biz işçi heyətimiz ilə müzakirə edə bilərik, amma iş adamına bunu izah etmək olmur. Yavaş-yavaş Qarabağa doğru gedən yolda işləməyə həvəs azalmağa başlayıb. Həmin şirkətlərin adlarını da çəkə bilərəm. Bizim iqtisadiyyatımız inkişaf etdiyi kimi, onların işləri yaxşılığa doğru getdiyindən, öz vəsaitlərindən istifadə edirlər. Dövlət qurumlarından söz verirlər ki, bu işi filan vaxta etmək lazımdır, pulunuz ödəniləcək, öz ciblərindən vəsait xərcləyərək edirlər. Amma təəssüflər olsun ki, geri dönüş olmur. Bunu onunla əsaslandırırlar ki, büdcə açılmayıb, təsdiqlənməyib və s. İstərdim ki, hökumətimiz bunu mexanizm şəklinə salsınlar. İş adamı inanmalıdır ki, bu gün bu işi gördüm, pulum müəyyən müddətdən sonra veriləcək. Və ya bilməlidir ki, ümumiyyətlə verilməyək və bu işi götürməsin".
Komitə sədri Tahir Mirkişili isə bildirib ki, dövlət büdcəsindən daxili ödəmələrlə bağlı yeni layihə hazırlanır: “Təkcə podratçılara verilən ödənişlərlə bağlı yox, həmçinin daxili ödəmələr, ödəniş qəbzləri ilə bağlı müəyyən problemlər var. Sözügedən layihədə bütün bu məsələlər nəzərə alınacaq”.