Tarixin gərdişi ucbatından Azərbaycan neçə dəfə neçə yerə bölündü...
Azərbaycanın cənubu bir fikir bildirir, Cənubi Azərbaycan başqa bir fikir, Azərbaycanın qərbi bir fikir bildirir, Qərbi Azərbaycan başqa bir fikir. Bu fərq tarixin yaratdığı siyasi çalxantılara görədir.
Qərbi Azərbaycan kimi tanınan ərazi tarixən Azərbaycanın ərazisi olub. Bir atalar sözünü xatırlayaq: “Ayağıma yer eləyim, gör bir sənə nə edirəm”. Ermənilərin ermənilik xüsusiyyəti məhz belə ifadə olunmalıdır. Çar Rusiyasının siyasi riyakarlğına görə ermənilər Cənubi Qafqazda, əsasən, Azərbaycanda yerləşdirilməyə başladı. Bu, imperiyanın “parçala, hökm sür” siyasətinin bir tərkib hissəsi idi. Azərbaycanın tarixi torpaqları hesabına haralardansa yığılıb-toplanananlar üçün bir dövlət yaratmaqla min illərin dövlətçiliyinə xəyanət edildi, Azərbaycanı parçalamaq bu siyasətin nəticəsi kimi tarixləşirdi. Azərbaycan ərazilərinə köçürülən ermənilər, yox yerdən dövlət olan ermənilər Çar Rusiyasının gizlin siyasəti nəticəsində aşkar olaraq Azərbaycanda “ayağına yer elədi”. Neçə dəfə azərbaycanlılara qarşı silahlı qarşıdurma yaratdı, qırğınlar törətdi, 31 mart soyqırımı da belə tarixlərdən biri oldu. Belə siyasətin nəticəsi idi ki, azərbaycanlılar dədə-baba yurdlarından çıxarıldı, deportasiya edildi, qovuldu, vəhşicəsinə qətlə yetirildi. Bunların hamısı tarixin yaddaşındadı. İndi o yaddaş oyadılır, indi olmuşlar xatıladılır. Ədalətin bərpası üçün yaradılan, təşkilatlanması başa çatan Qərbi Azərbaycan İcması qətiyyətlə ideoloji mübarizə aparır. Qərbi Azərbaycan İcması bu mübarizənin siyasi yolgöstərənidir...
“İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu, bizim torpağımızdır”. Böyük tarixi şəxsiyyət Heydər Əliyev belə demişdi. Bu kəlamlar tədqiqatçılar üçün də, siyasətçilər üçün də gerçəkliyə düşən işıq kimi qəbul olunmuşdu. Xalqın mədəniyyəti, ədəbiyyatı, incəsənəti regional bölgü əsasında inkişaf etmir, vahid bir konsepsiyaya, eyni ruhun tələblərinə əsaslanır. İndi Qərbi Azərbaycan kimi tanıdılan və tanınan ərazi Ermənistandır və Azərbaycanın tarixi mədəniyyət nümunələrinin xeyli hissəsi zamanında orda yaradılıb, orda mühafizə edilib. Ərazi Ermınistana veriləndən sonra aşınmalara məriz qalıb, dağıdılıb. Tarix elmləri doktoru Vəli Əliyev haqlı olaraq qeyd edir ki, “...daşlara yazılmış yaddaşı pozmaq və ya dəyişmək yadellilərə heç də həmişə nəsib olmamışdır. Dünya bilməlidir ki, "qədim erməni mədəniyyəti" deyilən bir anlayış kökündən uydurmadır və Qərbi Azərbaycan ərazisindən tapılıb dünya ictimaiyyətinə sırınan bütün yeraltı və yerüstü maddi mədəniyyət nümunələri əslində Azərbaycan xalqına məxsusdur...”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətlə dediyi bir fikir də Ulu Öndərin qətiyyətinin davamıdır: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır... şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Zəngəzur, Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Biz qayıdacağıq”. Ulu Öndərin siyasi dühasının işığı bu günümüzə düşür. İndi Qərbi Azərbaycan İcmasının başlıca strateji xətti, ideoloji mübarizəsi azərbaycanlıların Qərbi Azərbaycana qayıdışıdır. 1988-ci ildən başlayaraq ermənilərin etnik, milli zəmində törətdiyi qırğınlar, vəhşiliklər tarix kimi qalmayacaq. Bu İcma azərbaycanlıların dədə-baba yurdlarına qayıdışının mübarizi olacaq.
Qərbi Azərbaycan İcması 1988-ci ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci ilərdə qaçqın düşən azərbaycanlılar haqqında faktların və sənədlərin toplandığı, saxlandığı yeganə ictimai qurumdur. Ona görə də onun ölkədaxili və ölkə xaricində böyük nüfuzu vardır. Bu nüfuz siyasi güc deməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olanda dedi: “Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi Azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.
Qərbi Azərbaycan İcması “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyanı – QAYIDIŞ KONSEPSİYASI”nı qəbul edib. Bu hüquqi sənəd azərbaycançılıq ideologiyasının tərkib hissələrindəndir və dünya ictimaiyyəti əmin olsun ki, bu konsepsiya yaxın vaxtlarda gerçəkliyin sənədi kimi yekunlaşacaqdır!
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı