Qlobal parçalanma Cənubi Qafqazın sülh gündəliyini də təhdid edir

Azərbaycan ənənəsinə sadiq qalaraq, növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XI Qlobal Bakı Forumu “Parçalanmış dünyanın bərpası” kimi olduqca aktual, bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən məsələnin müzakirəsinə həsr olunub. Mövzunun aktuallığını şərtləndirən əsas amillərdən biri onunla bağlıdır ki, dünyanın təhlükəsizliyini təhdid edən bugünkü çağırışlar etnik və dini mənsubiyyətindən, yerləşdiyi coğrafiyadan və inkişaf səviyyəsindən asılı olmayaraq, bütün xalqların və dövlətlərin maraqlarına toxunur.

Artıq beynəlxalq subyektlərin bir çoxu qəbul edir ki, təhlükəsiz dünya nizamını təhdid edən qlobal çağırışlara effektiv müqavimət göstərmək və onları dəf etmək üçün dünya birliyindən birmənalı mövqe tələb olunur. Bunun üçün parçalanmanı doğuran səbəb və şəraitin əhatə dairəsi daha dəqiq müəyyənləşdirilməli, təhlükənin mənbə və mahiyyəti dürüst göstərilməlidir. Bu baxımdan XI Qlobal Bakı Forumunun müzakirəsinə çıxarılan mövzunun adı kifayət qədər uğurlu və dəqiq seçilib. Forum, bir tərəfdən, təsdiq edir ki, dünya subyektiv amillər ucbatından təhlükəli həddə qədər parçalanıb, digər tərəfdən isə ümumbəşəri sabitliyi bərpa etmək üçün beynəlxalq səylərin gerçək mənada səfərbər olunmasına çağırışlar edir, həyəcan təbili çalır. 68 ölkədən 400-dən çox qonağın, o cümlədən 40-dan artıq hazırkı və sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi Bakı Forumunun yüksək səviyyəli təmsilçilik formatı imkan verir ki, mövzu ətrafında peşəkar səviyyədə müzakirələr aparılsın və qlobal parçalanmanın səbəblərinin aradan qaldırılması ilə bağlı beynəlxalq birliyə dolğun və obyektiv təklif və tövsiyyələr təqdim olunsun. Prezident İlham Əliyev Forumdakı çıxışında münaqişələrə qarşı mübarizədə vahid beynəlxalq mövqenin sərgilənməli olduğunu və bu zaman yalnız beynəlxalq hüquqa üstünlük verilməsinin vacibliyini xüsusi qeyd etdi: “Məhz buna görə son 3-4 il ərzində Azərbaycanda baş verənlərin təkcə lokal xarakter daşıyan bir məsələ olmadığını deyirəm. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Hesab edirəm ki, bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər. Lakin ən başlıca məsələ, əlbəttə ki, bu, beynəlxalq hüququn alilik prinsipinin tətbiq olunması ilə baş tutmalıdır”.

Dövlətimizin başçısı beynəlxalq hüququn aliliyinə hamılıqla hörmət edilməli olduğunu həm də ona görə qabartdı ki, separatçılq artıq bütün dünyanın sabitliyini təhdid edən ciddi təhlükə mənbəyinə çevrilib. Amma buna baxmayaraq, böyük dövlətlərdən bəziləri təhlükənin miqyasını hələ də lazımi səviyyədə nəzərə almır və separatçılığa münasibətdə ayrı-seçkiliyə yol verir. Təhlükə həm də ondan ibarətdir ki, bəzən baş verdiyi coğrafiyadan, bəzən isə etnik və dini ayrı-seçkilik səbəbindən separatçılıqla mübarizədə beynəlxalq hüquq normaları əvəzinə, maraqlara söykənən selektiv yanaşma önə çıxır. Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətinə bir daha çatdırdı ki, əgər keçmiş vasitəçilər üçlüyü BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini işğalçı Ermənistana vaxtında icra etdirsəydi, müharibəyə ehtiyac qalmazdı. Prezident açıq mətnlə onu da bəyan etdi ki, əgər Ermənistan müharibədən sonra öhdəliyinə əməl edərək 15 minlik hərbi kontingentini Azərbaycan ərazisindən könüllü şəkildə çıxarsaydı, Qarabağdakı ordusunu yenidən silahlandırmaq və torpaqlarımızı minalarla çirkləndirmək taktikasını davam etdirməsəydi, ən başlıcası, sülhə çağırış edən böyük dövlətlər Ermənistana təhlükəli yolda olduğunu başa salsaydılar, ötən ilin sentyabrında antiterror tədbirinə də ehtiyac qalmazdı. Bunları etmək əvəzinə, Ermənistanın baş naziri keçən il sentyabrın 2-də qondarma separatçı qurumun rəhbərliyinə təbrik məktubu göndərdi və bununla Qarabağın Azərbaycana məxsus olması ilə bağlı ictimai bəyanatının səmimiliyini özü şübhə altına almış oldu. Bu cür ziddiyyətli davranışı ilə o təəssüratı yaratdı ki, əslində, məqsədi yalnız vaxt udmaqdır. Ermənistanın və havadarlarının dəstəyi ilə sentyabrın 9-da isə Qarabağda qondarma “prezident seçkiləri” keçirildi. Sülh danışıqları üçün platforma təklifində bir-biri ilə açıq “rəqabətə” girən böyük dövlətlər və onların təsiri altında olan bəzi beynəlxalq təşkilatlar bunları görməzdən gələrək yenə də susdular, özlərini elə apardılar ki, sanki heç nə baş vermir və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təhdid olunmur. Prezident İlham Əliyev həqiqətləri bir daha yada salmaqla həm Ermənistana, həm də onun himayədarlarına bu mesajı verdi: “Bizim belə gözləntilərimiz var idi və əgər o vaxt Ermənistanın yeni hökuməti indiki kimi davransaydı, onda suverenliyimizin güc yolu ilə bərpa edilməsinə ehtiyac qalmazdı”.

Bakı Forumunda səslənən çıxışlar onu da təsdiq etdi ki, böyük dövlətlərin süni şəkildə yaratdığı ayırıcı xətlər və onların münaqişələrə selektiv yanaşma tərzi qarşıdurmalara rəvac verir, qlobal parçalanmanı daha da dərinləşdirir. Bu mənada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin bəyanatı diqqət çəkdi: “Dunyanın çox hissəsində müharibələr gedir. Dövlətlərdə sabit milli idarəçiliyi sual altına qoyan və hər hansı immiqrasiya növünə mənfi təsir edən etnik, dini və siyasi ayırıcı xətlər bir çox qatları təşkil edir”. Təəssüf ki, bu cür vacib etirafların və obyektiv siyasi diaqnozun Bakı Forumu ilə yanaşı, digər beynəlxalq platformalarda da səslənməsinə baxmayaraq, böyük dövlətlər ikili standartlar siyasətindən imtina etməyə tələsmirlər. Prezident İlham Əliyev məhz bu cür ədalətsiz yanaşma nəticəsində Azərbaycanı hədəf seçənlərin, Cənubi Qafqazda tarixi ədalətin bərpası ilə hələ də barışmaq istəməyənlərin ünvanını və onların qərəzli davranışının səbəblərini Forum iştirakçılarının diqqətinə olduğu kimi çatdırdı: “Bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir. Bu, ikili standartların göstəricisidir. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır”.

Cəmiyyətimizin haqlı etirazına səbəb olan həm də budur ki, Avropa liderliyinə iddia edən Fransanın Evian şəhərində Natəvanın heykəli təhqir olunsa da, vandallığa göz yumuldu. Vaxtilə ermənilər Natəvanın heykəlini Şuşada təhqir etmişdilər və kim düşünürsə ki, bu oxşarlıq bir təsadüfdür, heç şübhəsiz, yanılır. Bu cür mahiyyət oxşarlığı cəmiyyətimizə Fransa Prezidenti Emmanuel Makronun müharibənin elə ilk günlərində səsləndirdiyi, beynəlxalq hüquqa və tərəfsiz vasitəçilik statusuna zidd olan bəyanatlarından birini növbəti dəfə xatırlatdı: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Müharibədən sonra Fransa Senatının Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, qondarma “Dağlıq Qarabağ respublikasının müstəqilliyini” tanıyan qətnamələri isə ona dəlalət edir ki, dünyanın parçalanmasının əsas səbəbi bu cür ədalətsiz bölücülük və ayrı-seçkilik siyasətindən qaynaqlanır. Xalqımız 28 il boyunca tərəfsiz vasitəçi olacağına səbrlə ümid bəslədiyi Fransadan, xüsusilə onun bugünkü rəsmilərindən artıq ədalət gözləmir. Çünki tarixi faktlar Qarabağda separatçılığın baş qaldırdığı ilk gündən etibarən Fransanın bu məsələdə tərəfsiz olmadığını və heç vaxt ola bilməyəcəyini sübut edir.

Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması ilə bağlı tarixi missiyasını yerinə yetirdikdən sonra etdiyi çıxışında təkzibolunmaz faktlardan birini cəmiyyətimizə bu cür xatırlatmışdı:

“1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.

O vaxtdan ötən 37 ilin fərqi bundan ibarətdir ki, əgər Fransa o zaman erməni separatizminə kənardan və ya bağlı qapılar arxasında gizli dəstək verməklə kifayətlənirdisə, indi onun erməni təəssübkeşliyi və erməni sevdası Azərbaycana qarşı qərəzli qətnamə və bəyanatlarla açıq şəkildə ifadə olunur. O da danılmaz həqiqətdir ki, bəzi beynəlxalq təşkilatlar uzun onilliklər ərzində böyük dövlətlərin diktəsindən kənara çıxa bilməyiblər. Buradakı fərq isə ondan ibarətdir ki, artıq həmin qurumlar aparıcı aktorların təzyiqi altında nisbi müstəqilliklərini də itirmək üzrədir. Ən acınacaqlısı odur ki, kimlərinsə dirijor çubuğu ilə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən bəzi beynəlxalq təsisatlarda etnik və dini bölücülüyü təşviq edən çıxışlar indi adi hala çevrilib. Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamələr qəbul edilərkən ən çox səslənən utancverici arqumentlərdən biri bundan ibarətdir: “Azərbaycan xristian erməni bacı və qardaşlarımızın yaşadığı “Dağlıq Qarabağı” işğal etmək istəyir və biz buna imkan verməməli, din qardaşlarımızın yanında olmalıyıq”. Avropa Parlamentinin martın 13-də qəbul etdiyi “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnaməsi də eyni “arqumentlərə”, cahil və cılız dəyərləndirmələrə söykənir. Sənəddə həqiqət riyakarcasına təhrif olunaraq iddia edilir ki, guya Qarabağda “100 min erməni etnik təmizlənməyə məruz qalıb”. Avropalı deputatlar Azərbaycanın beynəlxalq hüquqa söykənən suveren haqqını görməzdən gələrək, Laçın dəhlizinin nəzarətə alınmasının və ötənilki antiterror tədbirinin qanuniliyini növbəti dəfə şübhə altına alır, bunu “Dağlıq Qarabağın qalan hissəsinə hücum” kimi qiymətləndirirlər. İfrat etnik və dini təəssübkeşlik elə bir təhlükəli həddə çatıb ki, qətnamədə Azərbaycanın guya “erməni mədəni irsinə” ziyan vurduğu iddia olunur. Azərbaycandan tələb edilir ki, məhz “beynəlxalq iştirak şəraitində” ermənilərin Qarabağa qaytarılması təmin olunsun, həbs edilən “Dağlıq Qarabağın və Ermənistanın bütün sakinləri” azadlığa buraxılsın, onlar üçün geniş amnistiya elan olunsun. Başqa coğrafiyalarda separatçılara qarşı ən sərt mübarizə və mühakimə şərtlərini tövsiyyə edənlər, Azərbaycana gəldikdə, erməni separatçılarına, terrorçu və diversantlara azadlıq tələb edir, bunu sülhün şərtlərindən biri kimi irəli sürürlər. Nə qədər acınacaqlı olsa da, guya insan haqları və demokratiya sarıdan əndişələnən avropalı deputatların qəbul etdikləri qətnamənin dili, ifadə üslubu da yalnız təhdidə və siyasi şantaja söykənir.

Dünya, həqiqətən, qlobal müharibəyə çatacaq səviyyədə parçalanıb və görünən odur ki, bunu edənlər bəşəriyyətin taleyinə görə məsuliyyətlərini sonadək dərk etmirlər. Hətta terrorçuluğu belə, etnik və dini mənsubiyyət əsasında təsnifatlandıranlar hələ də fərqinə varmırlar ki, bu cür bölücülük sivilizasiyaları üz-üzə qoymaqdan, yeni münaqişələrə yol açmaqdan, müharibə ocaqlarının sayını artırmaqdan başqa bir şey deyil. “İslam terrorçuluğunu” beynəlxalq leksikona gətirənlər indi başa düşürlər ki, bunun özü də sağlam və rasional yanaşmanın məhsulu deyil. Bəziləri artıq etiraf etmək məcburiyyətində qalıblar ki, İslamofobiya sivilizasiyaların yaxınlaşmasına yox, əsasını qoyduqları parçalanmanın dərinləşməsinə xidmət edir. İş o yerə çatıb ki, ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə ilk dəfə olaraq İslamofobiya ilə mübarizəyə dair Milli strategiyanın hazırlanmasına qərar verilib. Amma buna təkcə ABŞ-nin deyil, əslində, bütün dünyanın, ilk növbədə, Avropanın ehtiyacı var. Təəssüf ki, əsasən böyük dövlətlərin maraqlarının təzyiqi altında dünyada baş verən bu cür parçalanmalar, onları şərtləndirən qərəzli qətnamə və bəyanatlar Cənubi Qafqazda sülhün əldə olunmasını əngəlləyir və faktiki sülh gündəliyini təhdid edir. Əminəm ki, Ermənistan rəhbərliyi himayədarlarının diktəsindən azacıq kənara çıxa bilsə, havadarlarının təhriki ilə militarizasiya yolunu seçmək əvəzinə, sülhə alternativin olmadığına özünü və cəmiyyətini inandıra bilsə, Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunda etdiyi bu çağırışa da adekvat cavab verə biləcək: “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb... Biz bunu istəyirik”.

Prezident İlham Əliyevin bu bəyanatında açar ifadə bütövlükdə Cənubi Qafqazın müstəqilliyə qovuşması üçün yaranan unikal fürsətlə bağlıdır. Azərbaycan Prezidentinin işarə etdiyi kimi, bunun üçün tarixi imkan yaranıb və Ermənistan onu düzgün dəyərləndirməlidir.

Ülvi Quliyev

Milli Məclisin deputatı