1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqilliyini yenidən bərpa edən ölkəmiz çoxlu sayda çətinliklərlə qarşılaşmalı olsa da, bu dövrü xalqımız üçün xüsusilə təhlükəli və dözülməz edən əsas iki amil var idi: tarixən ölkəmizə qarşı torpaq iddiaları ilə çıxış edən ermənilərin ölkəmizin ərazi bütövlüyünü pozması, Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlaması və dövlət idarəçiliyimizin səriştəli siyasi xadimlərdən, xalqı-vətəni sevən, dövlətin mənafeyini şəxsi mənafelərindən üstün tutan liderdən məhrum olması.
Belə bir şəraitdə ölkədə hakimiyyət böhranı ən yüksək həddə çatmışdı, xaos və anarxiya bütün respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma həm dövlət müstəqilliyimizi, həm də milli varlığımızı itirmək təhlükəsi yaratmışdı. 1992-ci ilin yayında erməni işğalının daha da sürətlənməsi, özbaşınalıq, siyasi hərc-mərclik, AXC-Müsavat iqtidarının səriştəsizliyi, mərkəzi hakimiyyətin yerlərdə zəifliyi, hərbi müxalifətin yaranması xalqın mübarizə əzminə böyük zərbə vurmuşdur. Xalqın bir yumruq kimi birləşib düşmənə qarşı müqavimət göstərməli olduğu bir vaxtda hərbi və siyasi müxalifət hakimiyyəti ələ almağa, mövcud iqtidar isə nəyin bahasına olursa olsun öz hakimiyyətini qorumağa çalışırdı. Azərbaycan sözün əsl mənasında bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu bir tarixi həqiqətdir ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, müstəqilliyi əbədi, dönməz, sarsılmaz etmək də bir o qədər çətin və mürəkkəb məsələdir. Bu məsuliyyətli vəzifəni öz üzərinə götürərək onun öhdəsindən şərəflə gələn dövlət xadimləri isə həmin xalqın əsl xilaskarı və qurtuluşu olur. 15 iyun 1993-cü il tarixdə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi də Azərbaycan xalqı üçün məhz belə qurtuluş anı olmuşdur. Ulu Öndər bütün təhlükələrə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürmüş və bu missiyanın öhdəsindən elə bir iradə, siyasi məharət, xalq-millət sevgisi və qətiyyətlə gəlmişdir ki, 15 iyun Azərbaycanın taleyini dəyişən gün kimi müstəqillik tariximizə qızıl hərflərlə yazılmışdır. Hətta mövcud siyasi dairələr də istəməsələr belə Heydər Əliyev-xalq birliyinin gücü qarşısında geri çəkilməyə məcbur olmuşdular. Bununla ölkəmizdə həm də Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasına səbəb olan xalq-iqtidar birliyinin əsası qoyulmuşdu.
15 iyun tarixində hakimiyyətə qayıdışı ilə Ulu Öndər xalqımız və dövlətimiz qarşısında ən böyük xidmətini həyata keçirdi, kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtardı.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər çox gözəl anlayırdı ki, ilk növbədə ölkədə vətəndaş həmrəyliyi bərpa olunmalıdır: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Həqiqətən də Ulu Öndər qısa vaxt ərzində ölkədə sabitliyə, vətəndaş həmrəyliyinə nail oldu. Çünki xalqın Heydər Əliyevə olan inamı möhkəm və sarsılmaz idi.
Milli dövlətçilik konsepsiyamızın yaradılması məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində reallığa çevrildi. Ulu Öndər ölkəmizin hər bir vətəndaşını, bütün xalqımızı azərbaycançılıq ideyası ətrafında birləşdirməyi bacardı. Yalnız bundan sonra ictimai-siyasi, sosial-iqtisadi, ordu quruculuğu, elm-təhsil, səhiyyə və digər sahələrdə inkişaf başlandı. Siyasi islahatlara start verildi, ölkədə çoxpartiyalı sistem yarandı, demokratik idarəetmə sistemi formalaşdırıldı, ilk parlament seçkiləri keçirildi, müstəqil dözvlətimizin ilk Konstitusiyası qəbul olundu. Qarabağ müharibəsində atəşkəsə nail oldu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Şübhəsiz ki, Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən biri də məhz Azərbaycan Ordusunun memarı olmasıdır.
Daxildə sabitlik, əmin-amanlıq, inkişaf baş verdikcə dünyada da ölkəmizə qarşı formalaşan fikir Azərbaycanın xeyrinə dəyişməyə başladı. Başda qardaş Türkiyə, digər türk dövlətləri və region dövlətləri olmaqla, bütün dünyada ölkəmizin müsbət imici və nüfuzu formalaşdı. Çünki artıq Azərbaycanın hər bir uğurunun arxasında dahi Heydər Əliyev şəxsiyyəti dayanırdı. Ulu Öndərin xarizması, qətiyyəti, siyasi məharəti ölkə daxilində sabitliyin və inkişafın əsas şərti olduğu kimi, beynəlxalq münasibətlərdə də Heydər Əliyevin böyük şəxsiyyəti, nüfuzu, hörməti və gücü Azərbaycanın uğurlarının qarantına çevrildi. Qarabağ müharibəsində atəşkəsə nail olunmasında, iqtisadi dirçəlişimizin əsasını qoyan, Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin edən əsrin müqaviləsinin bağlanmasında, Azərbaycanın ən uğurlu şəkildə dünya birliyinə inteqrasiyasının təmin edilməsində, xüsusən də “bir millət iki dövlət” fəlsəfəsi ilə Türkiyə Respublikası ilə qardaşlıq münasibətlərimizin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Müstəqilliyini yenicə bərpa etmiş, torpaqlarının iyirmi faizi düşmən işğalında olan, hərbi əməliyyatların yenidən başlaması təhlükəsi olan bir dövlətə xarici dövlətlərin və şirkətlərin böyük miqyaslı layihələrdə külli miqdarda investisiya qoymasına tək səbəb dahi Heydər Əliyevin beynəlxalq nüfuzu, gücü, ona olan böyük inam və hörmət idi.
Ulu Öndər bütün bu imkanlarından, beynəlxalq nüfuzundan, ona olan hörmətdən yalnız vətənin və xalqın xeyri üçün istifadə edirdi. Ulu Öndərin atdığı bütün addımlar, verdiyi siyasi qərarlar Azərbaycanı daha qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək arzusunun reallaşdırılmasına yönəlmişdir. Bu arzunun reallaşdırılması uğrunda Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də sonrakı dövrlərdə Azərbaycanın inkişaf yolunda dönmədən, əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, davamçı, qətiyyətli lider yetişdirməsi olmuşdur. Məhz bu layiqli davamçı-cənab Prezident İlham Əliyev 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə adını əbədi həkk etdirmiş, Azərbaycan dövlətini tarixinin ən qüdrətli zirvəsinə yüksəltmişdir.
Artıq ikinci ildir ki, biz 15 iyun tarixini ikiqat bayram kimi qeyd edirik. Çünki 2021-ci ilin məhz Milli Qurtuluş Günündə dövlətimizin tarixinə qızıl hərflərlə yazılmış digər mühüm tarix-siyasi hadisə baş verdi: Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyyannaməsi imzalandı. Şuşa Bəyannaməsini mən həm də Qardaşlıq bəyannaməsi adlandırardım. Bəyannamə Azərbaycan və Türkiyə əlaqələrinin demək olar ki, bütün sahələrini əhatə edir. Lakin, əlbəttə, ən mühüm məqam siyasi-hərbi müttəfiqlik və milli təhlükəsizlik məsələlərində əməkdaşlıqla bağlıdır. Cənab Ali Baş Komandanın sözləri ilə desək, Şuşa Bəyannaməsi göstərir ki, Azərbaycan və Türkiyə həmişə bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək.
Beynəlxalq və regional təhlükəsizliyə töhfə vermək hər zaman Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri olub. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında birbaşa göstərilib ki, Azərbaycan Respublikası beynəlxalq sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və regional təhlükəsizliyə töhfə vermək üçün davamlı səylər göstərir. Biz ən həssas bölgələrdə vəziyyətin sabitləşməsinə çalışırıq. Şuşa Bəyannaməsi də sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamədə nəzərdə tutulduğu kimi iki dövlətin birlikdə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etməsi və bu sahədə ortaya çıxan problemləri həll etməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi üçün mühüm vasitə olacaq.
Hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərindən başqa, Bəyannamə həm də iqtisadi əməkdaşlıq sahəsində, ölkələrimiz arasında qarşılıqlı surətdə investisiya qoyuluşlarının həyata keçirməsində, yeni nəqliyyat-tranzit layihələrinin planlaşdırılmasında fəaliyyətimizi daha da genişləndirib. Şuşa Bəyannaməsindən sonra dövlətlərimiz arasında daha da güclənmiş dostluğun sübutudur ki, qardaş Türkiyə dövləti Şuşa şəhərində konsulluq açmaq qərarına gəlmişdir. Şuşada Türkiyə konsulluğunun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Azərbaycanın dostu-qardaşı Türkiyənin varlığı deməkdir.
Cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Respublikasının prezidenti seçilməsindən sonra ilk rəsmi səfərini ölkəmizə etməsi isə bu qardaşlığın artıq necə möhkəm, qırılmaz və sadiq olduğunu bütün dünyaya sübut etdi. Türk xalqı bu seçimi ilə həm də Türkiyə-Azərbaycan qardaşlığına səs vermişdir. “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyimi ilə bu qardaşlığın əsasını qoyan Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla anırıq. Dahi Heydər Əliyev ideologiyası bundan sonra da Türkiyə-Azərbaycan qardaşlığının və Azərbaycanın uğurlarının təməlində dayanmağa davam edəcək.
Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov