Regionda sülh, sabitlik və təhlükəsizlik - Azərbaycan Liderinin missiyası

İstər İkinci Qarabağ Müharibəsi zamanı, istərsə də münaqişədən sonrakı dövrdə dövlət başçısının bəyanat və müraciətləri, nüfuzlu beynəlxalq məkanlarda çıxışları, nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə görüşləri, çoxsaylı müsahibələri, saatlarla davam edən mətbuat konfransları ölkəmizin informasiya strategiyasında mühüm addımdır. Son nümunə kimi Prezident İlham Əliyevin Euronews telekanalına müsahibəsini xatırlatmaq yerinə düşər.

Prezident İlham Əliyev Euronews verdiyi müsahibə bütün detallarına qədər mesaj idi. İlk növbədə müsahibənin seçildyi yeri qeyd etmək lazımdır. Şanlı Qələbəmizin tacı, möhtəşəm zəfəri, hər addımda şəhidlərimizin ruhu duyulan Şuşa şəhəri öz-özlüyündə bir tarixdir. Azərbayan, azərbaycanlılara məxsus bir tarixdir. Digər tərəfdən arxa fonda dağılmış bina erməni vandalizminin bariz nümunəsidir. Bu isə bir daha Qarabağın, Şərqi Zəngəzurun kimə məxsus olduğu tam mənası ilə aydın olur. Heç kim özünə, xalqına, tarixinə mənsub olan heç nəyi dağıtmaz. Demək ki, bu yerlərin əsl sahibi Azərbacanlılardır. 44 günlük Vətən müharibəsindən dərhal sonra tikinti-quruculuq işlərinə başladı və qısa müddət ərzində beynəlxalq hava limanları, körpülər, tunellər, yollar çəkilir, sosial infrastruktur yaradılır. Artıq keçmiş məcburi köçkünlər öz doğma evlərinə qayıdırlar.

Cənab Prezident jurnalistin suallarına sadə və başa düşülən cavab verdi. Bu müsahibədə dövlət başçısı Ermənistanın, Qarabağdakı xunta rejiminin və onların havadarlarının yalanlarını təkzibedilməz faktlarla, tutarlı sübutlarla ifşa edir və dünya ictimaiyyətinə regiondakı vəziyyət, Bakının sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində həyata keçirdiyi tədbirlərin səbəb və nəticələri barədə həqiqətləri çatdırdı.

Bu gün dünyanın tanınmış ekspert və analitikləri Azərbaycan liderinə xas olan dərin intellekti, sistemli təfəkkürünü, mükəmməl diskussiya aparmaq bacarığını, bir neçə dildə sərbəst danışıq qabiliyyətini, tarixi, diplomatiyanı, regional və beynəlxalq gündəliyi mükəmməl bilməsini çox yüksək qiymətləndirirlər.

Bütün bu xüsusiyyətlər, güclü dövlət liderinin aydın düşüncələri, inamlı, məntiqi strukturlu nitqi Ermənistanın baş nazirinin eyni mövzuda danışarkən və ya müzakirə edərkən məntiqsiz, çaşqın mühakimələri və anlaşılmaz ifadələri ilə daha kəskin şəkildə ziddiyyət təşkil edir. Bunu Euronews-da Qlobal Dialoq proqramında görmək olar.

Nikol Paşinyanın “Euronews” müxbirinin Bakının Qarabağın erməni sakinlərinin ərzaq, dərman və digər humanitar məhsullara olan ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi ilə bağlı sualını cavablandırarkən gəldiyi nəticə belədir: “Aydan Dağlıq Qarabağa (Azərbaycanın Qarabağ bölgəsinə) yol da açıqdır”. bu, Ermənistan baş nazirinin “ məntiqidir” .

 Və eyni müsahibə çərçivəsində Azərbaycan prezidentinin beynəlxalq ictimaiyyətə nə qədər əsaslı və ədalətli suallar verdiyini görmək olardı: “İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”.

Azərbaycan lideri Ermənistanın hakimiyyət orqanlarına və vətəndaşlarına, Qarabağın erməni sakinlərinə də mühüm mesajlar ünvanladı. Və xüsusilə qeyd etmək lazımdır ki, ermənilərin xarici himayədarları da bunu nəzərə alsalar yaxşı olar.

Müsahibədə regionda baş verən son hadisələrə və Avropada qəbul edilən rəvayətlərə, əsassız fikirlərə əsaslanan ənənəvi suallar verildi. Suallardan yalnız biri fərqli idi və hətta prezident özü də etiraf etdi ki, ondan heç vaxt bu barədə soruşulmayıb. Jurnalist Azərbaycan rəhbərinin ermənilərə mesajının nə olacağını soruşub. Bu sualın ona ilk dəfə verilməsini qeyd etməklə yanaşı, Azərbaycan prezidenti ermənilərə müraciət etdi. Prezident İlham Əliyev çox konkret siyasətçidir. Lazımsız sözlər demir. Azərbaycan dövlətinin başçısı Ermənistan cəmiyyətinə müraciət edərək dedi: hər şeyə baxmayaraq, bizim onların ölkəsinə heç bir ərazi iddiamız yoxdur, lakin oradan qovulmuş yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmaq hüququ var. Prezident İlham Əliyevin ermənilərə növbəti mesajı xüsusilə ibrətamiz oldu. Ermənilər mövcud geosiyasi vəziyyəti və qüvvələr balansını aydın başa düşməlidirlər: “Uzun illərdir ki, Ermənistan liderləri öz xalqını inandırır ki, onların dünyada ən güclü ordusu var, müharibə olarsa, Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda vuruşmayacaq, azərbaycanlılar artıq işğalla barışıblar.Bütün bu rəvayətlər tamamilə yalandır və təbliğatdan başqa bir şey deyildi.Vətən Müharibəsi bu mifi, Ermənistan dövlətinin, erməni diassporunun, onların havadarlarının bir çox ideoloji dayaqlarını da məhv etdi.Onlar başa düşdülər ki, müharibəni uduzdular və çox güman ki, bunun təsiri psixoloji cəhətdən onlar üçün çox ağrılı oldu.İndi biz sülh istəyirik deyəndə, sülh istədiyimiz üçün deyil, zəif olduğumuz üçün yox.Onlar bizim çox güclü olduğumuzu bilirlər. Biz istəyirik ki, sülh tarixin bu qara səhifəsini çevirsin.Biz nə bu gün, nə də gələcəkdə növbəti müharibə istəmirik”, - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev Ermənistan cəmiyyətinə beynəlxalq vasitəçilərin sülh təşəbbüslərinə və sülh müqaviləsinin imzalanmasına mane olmamağı tövsiyə etdi: “Erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə proqnozlaşdırılmayan vəziyyət olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımızdan sonra? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm”. Azərbaycanın Qarabağ bğlgəsində yaşayan erməni azlığı Prezident İlham Əliyevi daha da diqqətlə dinləməlidir. Bu adamlar üçün Azərbaycan liderinin sözləri jurnalistin gözlənilmədən ondan xahiş etdiyi tövsiyələr deyil, konkret yol xəritəsi, fəaliyyət planı, ondan kənara çıxmaq ermənilər üçün xoşagəlməz ssenaridir: “Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər.

Burada, Şuşada işğal dövründə tikilmiş üç villa var. Maraqlanırsınızsa, sizə onları göstərə bilərlər. Bu villalar Qarabağ ermənilərinin liderləri üçün tikilmişdi. Onlar bunu özləri üçün tikmişdilər. Şəhər tamamilə xarabalıqlar içərisində idi. Sizin indi gördükləriniz, o cümlədən bu “Qarabağ” hoteli, icra hakimiyyətinin binası, mehmanxanalar və hər şey bizim yenidənqurma prosesinin başlanğıcıdır. Onlar şəhərin ən yaxşı yerində özləri üçün 3 villa tikiblər. O insanlar ki, bu gün həmin qondarma, tanınmamış respublikaya rəhbərlik edirlər. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”. Bir sözlə, Azərbaycan prezidentinin ermənilərə sözü var. Onlara bu həqiqəti eşitmək və anlamaq və qəbul etmək istəmələri təmin edilməlidir.

Göründüyü kimi, Prezident İlham Əliyevin cavabları aydınlığı, açıqlığı və səmimiliyi ilə seçilir. Beləliklə, revanşizm və separatizm siyasətinə güclü zərbələr endirən Prezident İlham Əliyevin yüksək peşəkarlıq strategiyası informasiya blokadasını yarıb, regional reallıqlarla bağlı həqiqətləri dünyaya çatdırmaqda davam edir.

Dövlət başçısı açıq şəkildə bildirir ki, Azərbaycan regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlı olan bütün tərəflərlə konstruktiv əməkdaşlığa açıqdır.

Digər tərəfdən, Azərbaycan lideri bir daha Ermənistan tərəfinin öz destruktiv mövqeyindən əl çəkməsi və mövcud reallıqlara münasibətinə yenidən baxmasının vacibliyinə diqqət çəkir.

 

 Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova