Azərbaycanda Xalq Cümhuriyyətinin dövründə əsası qoyulmuş Azərbaycan Ordusunun yaranmasından 106 il keçir. 1918-ci ildə Ordumuzun qarşısına qoyulan başlıca vəzifə bu gün də aktualdır: Ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı yadelli düşmənlərin, xüsusilə erməni işğalçılarının hücumlarından qorumaq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.
O xatırladıb ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul edib, Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.
Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edilib. Bu qərar noyabrın 7-də rəsmiləşdirilib və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edilib.
1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olunub.
1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Milli Ordunun yaradılması prosesini demək olar ki, başa çatdırıb. Qırx min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.
1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndən sonra milli zabitlərimizi də repressiyaya məruz qoyub, fiziki cəhətdən onları aradan götürüb. Uzun illər Kreml Azərbaycanda ordu quruculuğuna önəm verməyib.
1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılıb. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına mane olan SSRİ rəhbərliyi türk ölkəsində belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdı. Amma Azərbaycan rəhbərliyinin - Heydər Əliyevin diplomatiyası bu cəhdlərin qarşısını ala bildi. Nəticədə sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına səbəb oldu.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculuğunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi.
1993-cü ildən sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə struktur və kadr dəyişiklikləri həyata keçirildi, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı. Bundan sonra Azərbaycan Milli Ordusu, demək olar ki, yenidən quruldu.
“Biz eyni hədəfə, eyni məqsədə çatmaq üçün yolumuzu dəqiqləşdirməli, sürətimizi, gücümüzü artırmalı idik. Bu yol qonşularımızla münasibətlərimizi normallaşdırmaq, Türkiyə ilə strateji müttəfiqliyimizi yüksək səviyyəyə çatdırmaq və Ordumuzun müasir silahlarla təchiz edilməsindən ibarət idi. Erməni işğalçılarını Azərbaycan torpaqlarından çıxarmaq, sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz çalışdıq. Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibə zamanı işğalçılara elə bir zərbə vurdu ki, onların bir daha ərazimizə qarşı baş qaldıra biləcəkləri inandırıcı görünmür.
2020-ci il noyabrın 10-da Azərbaycan Ordusu yarandığı gündən bəri ilk dəfə olaraq parlaq qələbə qazandı. Son 104 il ərzində itirdiyimiz torpaqların vacib bir hissəsini işğaldan azad etdik və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Ağdam, Laçın, Kəlbəcər döyüşsüz Azərbaycana təhvil verildi. 2023-cü ilin sentyabrında isə Xankəndi, Xocalı, Əskərandakı separatçıları məhv etdik, üçrəngli bayrağımızı orada ucaltdıq. Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun dünya üzrə reytinqi xeyli yüksələrək ön sıralarda yer aldı. Eyni zamanda, Vətən müharibəsi Xalq-Ordu birliyinin necə olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalq öz övladlarını müharibəyə böyük həvəslə yola salır, ön cəbhəyə hər cür yardım göstərirdi. Ölkə rəhbərliyinin siyasi iradəsi, uzaqgörənliyi, peşəkar ordu quruculuğu və xalqın vahid yumruq kimi birləşməsi tarixi Zəfəri reallaşdırdı”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənir, ən müasir silahlarla təchiz edilir. İşğaldan azad edilmiş ərazilərdə yeni salınan hərbi hissələr, formalaşdırılan komando birlikləri, xüsusi təyinatlı dəstələr hər zaman yarana biləcək təhdidlərə, təhlükələrə qarşı tam hazır vəziyyətdədir.