Rənglərin və ilmələrin diliylə danışan sənətkar: Mahmud Kaşqari Fondunun yeni layihəsinin qəhrəmanı  

Mahmud Kaşqari adına Beynəlxalq Fondunun yeni layihəsinin qəhrəmanı “rənglərin və ilmələrin diliylə danışan” Rəhman Kamiloğludur.

Fondun layihəsi əsasında Ümumrespublika və Beynəlxalq konfransların təşkili, elmi simpoziumların keçirilməsi, nəzəri-təcrübi əhəmiyyətli dərsliklərin, tərcümələrin, bədii-publisistik əsərlərinin, elmi monoqrafiyaların nəşri artıq ənənə halını alıb. Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbərliyi ilə gerçəkləşən layihələr elmi-mədəni müstəvidə və ədəbi mühitdə maraqla qarşılanır.

M.Kaşqari Fondunun növbəti uğurlu layihəsinin qəhrəmanı danışa bilmədiklərini rənglərin və ilmələrin diliylə ifadə edən sənətkar Rəhman Kamiloğludur.

Fondun rəhbəri Cavanşir Feyziyev sənətkarın qeyri-adi istedadını yüksək qiymətləndirərək R.Kamiloğlunun əsərlərindən ibarət dərginin çapa hazırlanmağını tövsiyə edib. Müsahibimiz dərginin tərtibatçısı və oradakı “Seçilmiş adam” oçerkinin müəllifi, Fondun əməkdaşı Xəyalə Zərrabqızı vurğulayır: “Hamının gördüyünü – dağda dağı, daşda daşı görməyə nə var ki?! Hamının görə bilmədiyini görməkdi sənətkar olmaq!..

İstifadə etdiyi hər rəng çalarında büsbütün ruhunu duyduğum, fövqəl istedadının və əsərlərinin irfani dərinliyinə heyran qaldığım Rəhman, mənə elə gəlir ki, sadəcə ilmələrin həndəsi düzümünü sehrkar bir nizamla işləyən sənətkar deyil, həyatın 4 ünsürünü, təbiətin 4 fəslini kətanın yaddaşına köçürən, düşüncə ilə duyğunun mistik ahəngini yaradan filosofdur”.

X.Zərrabqızı bildirdi ki, Fondun ədəbi-elmi aktuallığı ilə seçilən çoxsaylı layihələri var, lakin bu incəsənət sahəsində həyata keçirilən ilk lahiyədir. Layihənin məsləhətçisi sənətşünaslığın elmi incəliklərinə vaqif olan tarixçi-alim, Fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədovadır.

Layihənin qəhrəmanı Rəhman Kamiloğlu bu gün Azərbaycanda xovlu tikmə sənəti ilə məşğul olan yeganə kişi sənətkardır. O, Şəkidəki “Sənətkarlar evi”ndə yerləşən emalatxanasında rənglərin ecazkar harmoniyasını yaradıb. Sənətkar Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Erkən yaşlarında həm atasını, həm də anasını itirən Rəhmanın çətin və keşməkeşli uşaqlığı olub. Gələcək yaşayışını, dolanışığını özü təmin etməyi, heç kəsdən kömək ummamağı qarşısına məqsəd qoyan Rəhman uşaqlıqdan zəhmətsevərliyə alışıb, qarşısına qoyduğu hər işdə öz əməyi ilə uğur qazanmağa çalışıb. Elə bu həvəslə də 2001-ci ildə “Böyüklər və uşaqlar üçün xalq yaradıcılığı, biçmə-tikmə kursları” adlı layihə çərçivəsində Əlillərin Dizayn Assosiasiyası tərəfindən Şəki şəhərində təşkil edilən xalçaçılıq kursuna yazılıb, bədii tikmə sənətinin incəlikləri barədə ilkin vərdişlərə yiyələnib.

Assosiasiyanın Şəkidəki mərkəzinin üzvü olan Rəhman Kamiloğlu burada Əməkdar rəssam Qüdrət Məmmədovdan rəssamlığın, tanınmış təkəlduz ustası Güləndam Alxasovadan isə bədii tikmə sənətinin sirlərini öyrənib. Daim öz üzərində işləyən, öz bacarıqlarını kamilləşdirməyə can atan gənc Rəhman az müddət sonra Şəkidə xovlu tikmənin mahir ustası kimi tanınmağa başlayıb. O, artıq 20 ildir ki, bu sənətlə məşğuldur.

Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşənmiş küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin Şəki xan sarayı, Yuxarı və Aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər qədim tarixi abidələr Rəhmanın əsərlərinin əsas mövzusunu, süjetini, ana xəttini təşkil edir. Gənc sənətkarın əsərləri arasında portretlər və natürmortlar xüsusi yer tutur.

Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərindəki şanlı Qələbəsindən ruhlanan Rəhman Kamiloğlu Qarabağda ucalan azadlıq bayrağını, əsrarəngiz təbiət gözəlliklərini, tarixi abidələri rəngarəng saplarla kətan üzərində toxumaqla maraqlı kompozisiyalar yaratmağa müvəffəq olub. Xudafərin körpüsü, Şuşa qalası, Vaqif məqbərəsi daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdəki məşhur tarixi-memarlıq abidələrini qrafika üslubunda toxuyan sənətkarın Qarabağa həsr etdiyi əsərlər Rəssamlar İttifaqı tərəfindən təşkil olunan “Zəfər yürüşü” adlı respublika sərgisində də nümayiş olunub.

Rəhman Kamiloğlunun əl işləri dəfələrlə Respublika və Beynəlxalq sərgilərdə diplomlara layiq görülüb. O, 2021-ci il dekabrın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmiş əlilliyi olan şəxslərin XI Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində bədii tikmə nominasiyası üzrə 1-ci yerə layiq görülərək Diplomla təltif edilib.

“Sənətkarın xovlu tikmə nümunələri Fransanın Kolmar şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil olunan sərgidə də nümayiş etdirilib və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında Rəhman Kamiloğlunun əsərlərindən ibarət dərgi nəşr etməklə, onun fərdi yaradıcılıq sərgisini keçirməklə qeyri-adi mistikası olan bu bənzərsiz sənət nümunələrini geniş izləyici auditoriyasına tanıtmaq, Rəhmanın dilə gətirə bilmədiyi duyğularının tərcümanı olmaq arzusundayıq”, – deyə X.Zərrabqızı əlavə edib.