“Mən hələ güləşməyi planlaşdırıram. Hazırda zədələrim var. Onları sağaltmaqla məşğulam. Mən özüm üçün məşq edirəm. Amma hazırda güləş zalında məşq edəcək halda deyiləm. Məsləhət olsa, zədələr imkan versə, güləşəcəyəm”.
Bunu Oxu.Az-a yunan-Roma güləşçisi Rəsul Çunayev deyib.
30 yaşlı Rəsul hələ karyerası ilə bağlı qərar vermədiyini bildirib. Olimpiya mükafatçısı və dünya çempionu olan Çunayev tezliklə güləş xalçasına qayıdacağına ümid etdiyini qeyd edib:
“Gördünüz ki, bir koronavirus bütün planları məhv etdi. Mənim öz məqsəd və hədəflərim var. Ancaq hansı tarixədək güləşəcəyəm deyə özümə konkret vaxt qoymamışam.
Öz üzərimdə işləyirəm. Ona görə də ümid edirəm ki, mən öz bacarığımı yenidən nümayiş etdirəcəyəm. Bu bacarığımı özüm idmançı kimi və ya təşkilatçı kimi də göstərə bilərəm. Mən güləşsəm də, güləşməsəm də diqqətimi Azərbaycanın yeniyetmə və gənclərinin idmana cəlb olunmasına yönəldəcəyəm”.