“Çox adamdan eşidirəm, deyirlər ki, ardıcıl 2-3 yarışda uduzur deyə, qocalıb. Amma onların hamısına kimin kim olduğunu göstərəcəyəm”.
Bunu “Report”a açıqlamasında Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.
73 kq çəki dərəcəsində çıxış edən idmançı Türkiyənin Antalya şəhərində keçirilmiş Böyük Dəbilqədəki uğursuzluğu barədə danışıb:
“1/8 finalda İsrail təmsilçisi İdo Levinlə görüşdə bir az tələsdim. Ona qalib gəlməyə yaxın idim. Sona bir dəqiqə qalmış rəqibi atmağa çalışdım. Tələsdiyim üçün səhv etdim. Amma bir tərəfdən fikirləşirəm yaxşı ki, bu yarışda məğlub oldum və özümü toparladım”.
31 yaşlı tatami ustası hazırda 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına tam gücü ilə hazırlaşdığını bildirib:
“İnanıram ki, orada belə səhvlər etməyəcəyəm. Sofiyaya da medal üçün gedirəm. Hamı qızıl medal qazanmaq istəyir. Amma mən hər bir medala şükür edirəm. Çünki əziyyətimiz yerdə qalmır. Qızıl medal qazansam, çox sevinərəm. Mən də istəyərdim ki, medalın əyarı qızıl olsun”.
Orucov yunan-Roma güləşçisi Rafiq Hüseynova həsr olunmuş sənədli film haqqında da fikirlərini bölüşüb:
“Belə sənədli filmlərin olması çox yaxşıdır. Bunları yayımlamaq lazımdır ki, gənclər və onların valideynləri görsünlər, onlara motivasiya olsun. Bu, gənclik üçün yaxşı haldır. Sənədli filmdə idmançının hansı yollardan keçdiyi, medalları necə qazandığı və hazırda necə yaşadığı əks olunub. Həm də ictimaiyyət idmançıları daha yaxşı tanıyacaq”.
Təcrübəli idmançı hələlik belə bir layihə barədə fikirləşmədiyini söyləyib:
“Hələlik tezdir, hər şey irəlidədir. Haqqımda film çəkilməsi barədə düşünmürəm”.