Sahib Məmmədov: COP29 şəffaf, qərəzsiz və inklüziv şəkildə keçir 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gələn Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi Luk Trianql ilə görüşüb.

Qurumdan Sabahinfo.az-a bildirilib ki, görüşdə Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən, o cümlədən beynəlxalq əlaqələrindən, COP29-un gedişindən söz açılıb, qarşıda duran vəzifələr müzakirə olunub.

Konfederasiya sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanın yüksək peşəkarlıqla hazırladığı COP29 şəffaf, qərəzsiz və inklüziv şəkildə keçir, tədbirin bütün aspektləri çərçivəsində dayanıqlılıq və həmrəylik tərənnüm olunur. O, əldə olunacaq nəticələrin ekoloji təsirlərin azalmasına və geniş ictimai iştiraka gətirib çıxaracağını qonağın diqqətinə çatdırıb.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratiyanın bütün təzahürləri tam bərqərar olub, insan hüquq və azadlıqları, o cümlədən əmək hüquqları ən ali səviyyədə təmin edilir. Qeyd olunub ki, dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirlərin bilavasitə nəticəsidir ki, Azərbaycan vətəndaşlarının rifahı davamlı olaraq yüksəlir, əməkhaqları, müavinətlər və digər sosial ödənişlərin məbləğləri müntəzəm olaraq artırılır. Təbii ki, bunlar Azərbaycan həmkarlar ittifaqlarının güclənməsinə, azad və sərbəst fəaliyyətinə, əmək hüquqlarını daha effektiv şəkildə müdafiə etməsinə səbəb olur.

Konfederasiya sədri Azərbaycanda təhlükəsiz və layiqli əmək şəraitinin yaradılması istiqamətində atılan addımlardan da söz açıb, həmkarlar ittifaqları tərəfindən işçilərin sağlamlıqlarına göstərilən qayğını, normal istirahətləri üçün yaradılan şəraiti qeyd edib.

Həmçinin vurğulanıb ki, qurum fəaliyyətində beynəlxalq əməkdaşlığı prioritet hesab edir, əmək hüquqları sahəsində dünyanın mütərəqqi təcrübələrinin öyrənilməsi və tətbiqi istiqamətində iş aparır. Bu aspektdə BHİK ilə əməkdaşlığın faydalarından danışan Sahib Məmmədov münasibətlərin bundan sonra da genişləndirilməsi istiqamətində müvafiq addımlar atmaq, daha sıx təmaslar qurmaq niyyətində olduqlarını baş katibin nəzərinə çatdırıb.

BHİK-nın baş katibi Luk Trianql isə Azərbaycanda olmaqdan, COP29-da iştirak etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, COP29 yüksək səviyyədə təşkil olunub və nəticələri iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə xeyli faydalı olacaq.

O, COP29 çərçivəsində baş tutan “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbirə də toxunub, burada aparılan müzakirələrin və bölüşülən uğurlu təcrübələrin həmkarlar ittifaqlarının ədalətli keçidlə bağlı fəaliyyətində əsas olacağını bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti ilə yaxından tanış olduğunu qeyd edən qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə həmçinin tərəfləri maraqlandıran istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə olunub.