Samir Rzayev: AZAL sərnişin dövriyyəsini 50%-dən çox artırıb

Azərbaycanın milli aviadaşıyıcısı AZAL cari ilin yanvar-aprel aylarında sərnişin daşımalarının həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,5% artırıb.

Sabahinfo.az xəbər verir ki, bunu “APA-Economics”ə müsahibəsində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

O qeyd edib ki, 2024-cü ilin əvvəlindən aviaşirkətin sərnişin dövriyyəsi 1,104,320 nəfər təşkil edib.

Onun sözlərinə görə, 2024-cü ilin yanvar-aprel aylarında beynəlxalq reyslər üzrə aviadaşımaların həcmi 65,5% yüksələrək 902,592 nəfərə, daxili aviadaşımaların həcmi isə 7,1% artaraq 201,728 nəfərə çatıb.

Bu ilin ilk dörd ayında AZAL-ın təklif etdiyi oturacaqların sayı əhəmiyyətli dərəcədə artaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% yüksəlib.

Əlavə edək ki, 2023-cü ildə aviaşirkətin marşrut sayının və uçuş tezliyinin artması ilə sərnişin axını 2022-ci illə müqayisədə 30% yüksələrək 2,9 milyon nəfərə çatıb. Beynəlxalq uçuşlarda 46% artım müşahidə olunub, ümumi sərnişin sayı 2,2 milyon nəfərə çatıb.

Mövcud tendensiyaları nəzərə alaraq AZAL-ın uzunmüddətli hədəfi 2030-cu ilə qədər bu rəqəmi 5 milyona çatdırmaqdır.