Vətən torpağını öz qanları ilə sulayan şəhidlərimiz üçün nə qədər çox iş görülsə də, yenə də azdır. Onlar heç bir təmənna güdmədən, Ana Vətən deyib döyüşə giriblər, canları bahasına bu məmləkəti qoruyub, bütövlüyünü təmin ediblər. Bizim də borcumuzdur ki, şəhidlərimin adlarını uca tutaq, onların bizə qoyub getdiyi əmanəylərini – ailələri göz-bəbəyimiz kimi qoruyaq. Həm 1990-cı il 20 yanvar faciəsi, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində şəhid olanların ailələri, qazilərimiz dövlətimizin dəstək və qayğısı ilə hər cür əhatə olunublar.
44 gün davam edən Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, xalq-ordu -dövlət birliyi sayəsində Azərbaycan xalqı qələbə qazandı. 30 illik həsrətimizə son qoyan bu birlik bizim gücümüzü bütün dünyaya göstərdi. Vətənpərvər ruhda yetişən gənc nəslimiz sübut etdi ki, Azərbaycan heç vaxt Qarabağdan vaz keçməyib. Onlar Ali Baş Komandanın ətrafında sıx birləşərək tarix yazdılar, dövlətçiliyimizi bərpa etdilər. Azərbaycan Zəfərdən sonra yeni tarixi mərhələyə qədəm qoydu. Qazilərimiz, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimiz və onların ailə üzvləri bu dövlətin, bu ölkənin ən seçilən, hər cür hörmətə layiq təbəqələridir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.
Digər imtiyaz isə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə hər uşağa görə aylıq pulun ödənilməsi ilə bağlıdır. Mövcud qaydalara əsasən, övladlığa götürülən uşağa görə hər ay 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə 600 manat ödəniş nəzərdə tutulub. Uşaqlara görə pul onlar 18 yaşına çatanadək ödənilir.
Belə valideynlər şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surəti, uşağın övladlığa götürülmə haqqında şəhadətnamə və uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" təqdim etməklə müavinəti ala bilərlər.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən gec 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.
Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır.
“Məşğulluq haqqında” qanuna edilən dəyişikliyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilir. Bundan sonra peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə də digər həssas qruplarla birlikdə üstünlük veriləcək.
Ədil Ədilzadə
Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Şəhid ailələrinə dəstək” layihəsi çərçivəsində çap olunur.