Şəhid ailələrinin güzəştləri

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şəhid olan bacı və qardaşlarımızın ailələri bizə onlardan yadigardır. Şəhidimizə hörmətimiz həmçinin onların ailələrinə səgilədiyimiz münasibətlə ölçülür. Təkcə müharibə ərəfəsində deyil, hər zaman şəhid ailələrinə qarşı diqqətli olmalı, onların problemlərinin həllinə çalışmalıyıq. Bu hər birimizin vətəndaşlıq borcudur. Təbii ki, dövlətimiz bununla bağlı üzərinə düşən öhdəlikləri, vəzifələri yerinə yetirirlər. Şəhid ailələri üçün xeyli imtiyazlar var ki, zaman keçdikcə onları sayı artırılır. İstəyirəm ki, bəzi imtiyazları diqqətə çatdırım.
Öncə qeyd edək ki, şəhidlərimizin ailə üzvləri dedikdə onların həyat yoldaşları, valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaş və bacıları nəzərdə tutulur.
Qanunvericilikdə şəhid ailəsi statusu olan şəxslər üçün bir sıra təminatlar, imtiyazlar nəzərdə tutulub.
Bura ilk növbədə şəhid ailəsi üçün prezident təqaüdü daxildir.

 

Prezident 18 mart 2014-cü il tarixli sərəncamında da öz əksini tapıb. Sərəncama əsasən ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi dövlət hesabına həyata keçirilir.

Söhbət burada ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının ödənilməsindən gedir.

Təəssüf ki, bu güzəştlər şəhidlərin təhsil alan bacı və qardaşlarına şamil edilmir. Təhsil haqqını ödəyə bilməyən şəhid bacısı və ya qardaşına güzəşt edilmir ki, onlar şəhid ailəsi statusunun təsiri altına düşmürlər. Axı şəhidin təhsil alan bacı və ya qardaşının təhsil haqqını şəhid atası ödəyir…

Məntiqlə onlara da güzəşt olunmalıdır. Bu məsələnin parlamentdə müzakirə olunmasına ehtiyac var və hökumət şəhid ailələrinin xeyrinə qərar çıxarmalıdır. Şəhidin bacı və qardaşının təhsil haqqı yükündən azad olunması dövlət üçün çətin olmamalıdır. Bizim iqtisadi gücümüz, gəlirimiz, ilbəil artan büdcəmiz imkan verir ki, bu kimi sosial problemləri həll edək. Üstəlik, əvvəllər məcburi köçkünlər təhsil haqqından azad idilər. Torpaqlarımız azad olundu və keçmiş köçkünlər mərhələ-mərhələ öz dədə-baba yurlarına qayıdır. Artıq onlar da digər vətəndaşlarımız kimi təhsil haqqı ödəyirlər. Hesab edirəm ki, keçmiş məcburi köçkünlər üçün ləğv edilmiş güzəştlər şəhidlərimizin bacı və qardaşlarına şamil olunmalıdır.

Digər tərəfdən ali təhsil ocaqlarının rəhbərliyi, tələbə kredit fondları, iş adamları da bu məsələdə şəhid ailələrinə dəstək olmalıdırlar.

Məlumatlara görə, bəzi özəl ali təhsil ocaqları hətta şəhid xanımlarından da təhsil haqqının ödənilməsini tələb edirlər. Yəni təhsil haqqından azad etmək hər universitetin öz qərarına verilib. Şəhid xanımın təhsil haqqının ləğvi özəl ali məktəblərin rəhbərliyi bu qədərmi çətindi? Axı təhsil alan şəhid ailə üzvlərinin sayı o qədər də çox deyil. Həmçinin qanunla güzəşt olunan şəhidin ailə üzvlərinin təhsil haqqının ödənilməsini dövlət öz üzərinə götürür. Bu məsələlər araşdırılmalı və boşluqlar aradan qaldırılmalıdır ki, xoşagəlməz hallar yaşanmasın.

Ədil Ədilzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Şəhid ailələrinə dəstək” layihəsi çərçivəsində çap olunur.