"ABŞ, Fransa, Kanada və digər Qərb ölkələrinin müasir Qafqaz siyasəti Orta əsrin səlibçilik təfəkküründən fərqlənmir. Sadəcə 600-700 il öncədən fərqli olaraq Qafqaza budəfəki hücumlar daha təhlükəli və dağıdıcı xarakter daşıyır. Bu beynəlxalq subyektlərin Qafqazda əsas hədəfi isə Qərbdən asılı olmayan, müstəqil siyasət yürüdən Azərbaycandır".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Qərbin Cənubi Qafqazla bağlı əsl niyyəti Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra üzə çıxmağa başlayıb.
"2020-ci ilin noyabrından sonra ABŞ, Fransa və bu orbitdə olan digər subyektlər üçün, əslində, Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik, dövlətlərin əməkdaşlığı məsələləri deyil, münaqişə ocaqlarının mövcudluğu daha önəmlidir. Çünki Qərb üçün regionda zəif və aciz dövlətlər üzərində söz sahibi olmaq, neoimperialist niyyətlərini reallaşdırmaq daha asandır. Lakin cənab İlham Əliyevin bütün maneələrə baxmayaraq, formalaşdırdığı geosiyasi konfiqurasiya qeyd edilən qlobal güclərin planlarını puça çıxardı. Proqnozlaşdıra bilmədiyi reallıq qarşısında aciz qalan Qərb faktiki olaraq açıq mübarizəyə keçdi", - deyə deputat vurğulayıb.
B.Məhərrəmov deyib ki, Qərb, ilk növbədə, Azərbaycan və Ermənistan arasında sülh prosesini nəzarətə götürməklə Vətən müharibəsindən sonra mövcudluğunu qorumağı bacaran separatçı rejimin və Azərbaycan ərazisində qalan Ermənistan ordusunun hissələrinin Qarabağda saxlanmasına cəhdlər göstərdi: "Hətta bunun üçün Ermənistana Avropa İttifaqının "mülki" statusda hərbçilərdən ibarət müşahidə missiyası yerləşdirildi. Lakin qalib ölkə, müzəffər lider, təbii ki, yeni uğursuz status-kvoya yol verə bilməzdi. Zəfərimizdən sonra istər Qarabağ iqtisadi rayonumuzda, istərsə də Ermənistanla şərti sərhədlərdə həyata keçirilən tədbirlər, bu ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi ilə sərhəd bütövlüyünün təmin olunması, ən mühümü, iki ay öncə lokal xarakterli antiterror tədbirləri ilə ölkənin bütün ərazisində konstitusiya quruluşunun bərqərar edilməsi Azərbaycanın diktəedici rolunu daha da möhkəmləndirdi".
Bu gün ABŞ və Fransa başda olmaqla, bir sıra Qərb subyektlərinin Azərbaycana qarşı açıq mübarizəyə başladıqlarını qeyd edən deputat bildirib ki, əvvəllər yalnız ayrı-ayrı senatorlar və hökumətə dolayısı ilə bağlı olan QHT və media strukturları vasitəsilə olan hücumlar artıq ABŞ Dövlət Departamenti və Fransanın, Kanadanın, o cümlədən Avropa İttifaqının xarici siyasət strukturlarının rəsmilərinin də dilindən səslənməyə başladı. Beynəlxalq hüquq adına min kilometrlərlə məsafələrdəki xalqlara hücumlar edən, qoşun yeridən bu neoimperialist subyektlər bu gün Azərbaycanı beynəlxalq hüququn aliliyini təmin etməkdə, özünün ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunu bərqərar etməkdə təqsirləndirir. Məhz bu ədalətsiz, beynəlxalq hüquqazidd mövqeni müdafiə etmək üçün Qərb davranışlarında sərhəd tanımır. Bu gün Fransa açıq şəkildə 30 il işğalı davam etdirmiş, Azərbaycan ərazilərində ekosid, kulturasid, urbisid törətmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə işğalçı kimi tanınan Ermənistanı silahlandırır. Paşinyan Fransaya dəvət olunur, Ermənistanın müdafiə naziri NATO-nun mənzil-qərargahında bu qurumun rəhbərləri ilə görüşür, Şimali Atlantika Alyansı bu ölkə ilə bağlı genişmiqyaslı hərbi proqram həyata keçirməyə hazırlaşır, Ermənistanın xarici işlər naziri Avropaya çağırılır. Bir zamanlar Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə Brüssel təşəbbüslərini başladan Avropa İttifaqı artıq Ermənistandakı hərbiləşmiş missiyasını genişləndirir. Hətta ittifaqla faktiki hüquqi bağı olmayan Kanadanın artıq missiyada iştirakı, hətta ABŞ-nin bu missiyaya daxil olacağı barədə kluarlarda gəzən söhbətlər prosesin təhlükəli həddə doğru inkişafından xəbər verir.
Bəhruz Məhərrəmov deyib ki, ABŞ və Fransa ola bilsin Ermənistanda Rusiyadan "boşalan" yeri doldurmaq niyyəti ilə bu addımları atır, lakin alət kimi Ermənistandan istifadə olunması bölgəyə müsbət heç nə vəd etmir. "Qərb bir çox regionlara demokratiya adı altında faciə və fəlakətlər gətirdiyi kimi, Ermənistana, bununla da Cənubi Qafqaza "Rusiya təsirindən qurtarma" adı altında qarşıdurma, yeni münaqişə elementləri ötürür. Açıq-aydın görünür ki, Qərb Ermənistanı yeni müharibəyə hazırlamağa çalışır və ümumilikdə regionu yeni kataklizmlərin mərkəzinə çevirməyi planlayır. Mübaliğəsiz deyə bilərik ki, Cənubi Qafqaz soyuq müharibənin gərgin dönəmlərində Qərb və Şərqin qarşıdurmasının gərginləşdiyi keçidi xatırladır. Lakin ikili və riyakar standartlarla davranan Qərb unutmamalıdır ki, nə dövr həmin dövr, nə də dövlətlər o dövlətlərdir", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, bu gün regionda maraq və milli mənafelərini təmin etməyə qadir, hərbi-siyasi güc kimi özünü təsdiq etmiş Azərbaycan var və heç bir yad ünsürə, Qərb subyektinə Cənubi Qafqazı yenidən bölmək, regionun imperializmin məqsədlərinə xidmət edən yeni xəritəsini cızmağa, Ukraynanın durumuna salınmasına imkan verməyəcək. Regionda artıq yeni reallıq yaranıb.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"