Səlim Müslümovun atası oğlunun vəziyyətindən DANIŞDI: “Dünəndən ağlayırıq”

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhəti ilə bağlı atası Yanvar Müslümov açıqlama verib.

Modern.az-a açıqlama verən Y.Müslümov özünün də səhhətində problemlər olduğunu vurğulayıb:

“Bildiyiniz kimi, özüm də xəstəyəm, artıq 84 yaşım var. Ayaqlarım işləmir, heç avtomobillə belə, uzun yolu gedə bilmirəm. Yaşım o yaş deyil. Amma Səlimin xəbərin eşidəndən özümüzə gələ bilmirik. Dedilər ki, səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir”.

Sabiq nazirin atası oğlunun hansı xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb:

“Əvvəldən təzyiq, şəkər problemləri var idi. Bilirsiniz, bizdə bu xəstəliklər irsidir. Allah ölənlərinizə rəhmət eləsin, atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım “Narxoz”da oxuyanda, cavan yaşında o xəstəlikdən keçindi. Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alırlar. Deyirlər təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa edirlər. Allaha pənah, inşallah sağalar”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub.