Azərbaycan özünün çoxvektorlu xarici siyasət startegiyasını həyata keçirərkən təhlükəsizlik məsələlərinə hər zaman böyük diqqət ayırmışdır. Buna görə də Azərbaycan müasir dünyanın ən böyük hərbi alyansı – NATO ilə əlaqələrə xüsusi önəm vermiş və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab etmişdir.
Müstəqillik əldə edildikdən sonra bünövrəsi qoyulan NATO ilə əməkdaşlıqda əsas məqsəd regionda baş verən hadisələr, Azərbaycana qarşı təzyiqlərdən yayınmaq və Azərbaycan ordusunu dünyanın müasir orduları sırasında yer almasını təmin etmək idi. Məhz bununla bağlı 90-cı illərin ortalarından başlayaraq ordumuz NATO və ona tərəfdaş olan ölkələrin orduları ilə sıx əməkdaşlıq həyata keçirdi.
Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur.
Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramının prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən genişspektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, beynəlxalq sülh və təhlükəsizliyə töhfə, sülhməramlı əməliyyatlar və digər ortaq maraq kəsb edən mövzular müzakirə olunur.
Cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatı zamanı bildirmişdir: “NATO ilə aparılan dialoq uğurla davam edir. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.
Hal-hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək qiymətləndirilir. Artıq Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.
Avropa İttifaqının və NATO-nun üzvü olan bir sıra ölkələri xam neft, habelə təbii qazla təmin edən Azərbaycan alternativ enerjinin – külək və günəşin inkişafına fəal şəkildə sərmayə qoyur ki, bu da enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir. Ölkə başçısı mətbuata verdiyi bəyanatı zamanı qeyd etmişdir: “Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir”.
Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşü ölkəmizlə NATO arasında əlaqələrin yüksək xətlə inkişafından xəbər verir. Azərbaycanın bundan sonra da dünya ölkələri və nüfuzlu təşkilatları ilə əlaqələrin genişləndirilməsi və mövcud münasibətlərin dərinləşdirilməsi, ölkəmizin dünyaya inteqrasiya olunmasında, dövrün tələblərinin ölkəmizdə uğurla tətbiq edilməsində seçilmiş prioritet istiqamət olaraq daha da möhkəmlənəcək.
Turan Kərimli - ADPU tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri