Son 20 ilin tarixi nəticəsi xalqımızın və dövlətimizin zəfəridir

Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan dövlət siyasətinin və bu siyasətin qətiyyətli davamçısı Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün Azərbaycana, xalqımıza gətirdiyi tarixi nailiyyətləri kiçik bir yazıya sığdırmaq mümkün deyil. Çünki onların hər birinin arxasında addım-addım, damla-damla qazanılan və nəticə etibarilə tarixi Zəfərin əldə olunmasına xidmət edən çoxsaylı uğurlar dayanır.

Tarixi Zəfərimizin təməlində dayanan böyük həqiqət ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqımızın imdadına yetişib onu vətəndaş müharibəsi, Azərbaycanı isə parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etməsəydi, bu gün qürur duyduğumuz güclü və qalib Azərbaycanın hansı acı aqibətlə üzləşə biləcəyini indi yalnız təxmin edə bilərik. Artıq bədxahlarımız da razılaşaraq etiraf edirlər ki, maraqları bir-biri ilə kəskin şəkildə toqquşan böyük gücləri yalnız Heydər Əliyev kimi bənzərsiz dövlətçilik təcrübəsinə malik olan xarizmatik siyasi Lider bir araya gətirə və ilk növbədə, Azərbaycanın mənafelərini qorumaq şərtilə onların barışmaz maraqlarını uzlaşdıra  bilərdi. Ulu Öndər böyük aktorlardan bəzilərinin ciddi müqavimətinə baxmayaraq,  29 il əvvəl  XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına və bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşının qoyulmasına nail oldu. Bəzən siyasi lider amilinin əhəmiyyətini dananlar və bu amili sistem üstünlüyünün kölgəsində gizlətməyə çalışanlar artıq razılaşırlar ki, müasir dünyada, xüsusilə geosiyasi qarşıdurmada liderlərin rolu danılmazdır. Hətta ən inkişaf etmiş dövlətlər, ilk baxışdan mükəmməl görünən idarəçilik sistemlərində fərqli lider təcrübəsi ilə üzləşdikləri üçün indi etiraf edirlər ki, 1994-cü ilin sentyabrında bütün maneələrin, təhdid və təzyiqlərin  qarşısı bir şəxsin- Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində alındı. 30 il sonra dünyada bir çox siyasətçilər və nüfuzlu ekspertlər onunla da razılaşırlar ki, hazırkı geosiyasi qarşıdurmada kimin qalib gələcəyi lider amilindən əhəmiyyətli dərəcədə asılıdır.

Elə bu səbəbdən, onların bir çoxu hələ açıq şəkildə etiraf etməsələr də, ölkəmizdə gözlənilən növbədənkənar Prezident seçkilərinin nəticəsini indidən proqnozlaşdıra bilirlər. Prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün Azərbaycana gətirdiyi nailiyyətlər arasında yalnız bir seçim etməli olsaq, heç şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşı tarixi Zəfərimizin üzərində dayanar. Amma bu gerçəkliklə razılaşarkən, kimlər bilməsə də, xalqımız çox yaxşı bilir ki, əldə etdiyimiz möhtəşəm Qələbə yalnız 44 günə sığmır, onun təməlində illər boyunca, min-bir əziyyət hesabına zərrə-zərrə qazanılan uğurlar silsiləsi dayanır. Uğurlarımızın davamlılığını təmin edən siyasi gerçəklik ondan ibarətdir ki, Prezident İlham Əliyev Azərbaycanı öz satellitinə çevirmək istəyən bəzi siyasi mərkəzlərin təzyiq və təhdidləri qarşısında qətiyyətlə dayandı, dövlət maraqlarımızdan bir addım belə geri çəkilmədi. Baxmayaraq ki, Qarabağın işğala məruz qaldığı 30 il ərzində dünyanın ən böyük gücləri işğal faktının özündən də Azərbaycan Prezidentinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edirdilər. Ən müxtəlif  gedişlərlə, siyasi təzyiq, bəzən isə təhdid dili ilə Azərbaycan hakimiyyətini məcbur etməyə çalışırdılar ki, işğal faktı ilə barışsın,  xalqımız isə Qarabağı birdəfəlik unutsun. Təsəvvür edin, Qarabağı könüllü şəkildə tərk etmiş bir neçə min erməniyə görə bu gün Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən ölkə və təşkilatlar o zaman milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünü sanki görmürdülər. Həmin dairələr azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını, ölkəmizdə irimiqyaslı humanitar fəlakətin  yaşandığını bildikləri halda, Ermənistana nəinki sanksiya tətbiq etmədilər, heç olmazsa gözdən pərdə asmaq naminə, işğalçını qınamadılar da. İndi ermənilərə göstərdikləri maddi, mənəvi və humanitar dəstək nədənsə heç ağıllarına da gəlmədi. Üzləşdiyimiz ədalətsizliyə və açıq-aşkar ayrı-seçkilik siyasətinə baxmayaraq, Prezident İlham Əliyev Ulu Öndərin qaçqın və məcburi köçkünlərə dövlət qayğısı ilə bağlı siyasətini dönmədən davam etdirdi, onların sosial müdafiəsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi gündəlik nəzarətində saxladı. Azərbaycan hakimiyyəti kənardan heç bir ciddi yardım almadan qaçqın və məcburi köçkünlərin əhəmiyyətli hissəsini vaqon və çadır düşərgələrindən ən müasir üslubda, sıfırdan inşa olunmuş yaşayış qəsəbələrinə köçürdü, sosial ödənişlər vasitəsilə onların məişət qayğılarının həllində birbaşa iştirak etdi.

Böyük vəsaitlər tələb edən bu cür sosialyönümlü tədbirlərlə yanaşı, ölkəmizin iqtisadi müstəqilliyinin gücləndirilməsinə yönələn dövlət siyasəti də bir an səngimədi. Son 20 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə endirildi, orta aylıq əməkhaqqının 77,4 manatdan 839,34 manata qədər yüksəldilməsinə nail olundu. Elə həmin dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə artdı. Son 20 ildə ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dolları səviyyəsinədək yüksəlib, ÜDM-nin real həcmi dörd dəfə artıb. Ölkəmizin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına, ixracın həcmi isə 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına qədər yüksəlib. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.

İqtisadi uğurlarımızı əks etdirən statistik dəyərləndirmələrin siyahısı bundan dəfələrlə genişdir. 20 ilin müqayisəsini obyektiv şəkildə ifadə edən bu cür quru riyazi rəqəmlərin hər birinin arxasında, əslində, ölkəmizin iqtisadi gücünün artmasına, nəticədə isə vətəndaşın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələn dövlət siyasəti dayanır. Onlardan biri də bundan ibarətdir ki, son 20 il ərzində dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Azərbaycan nadir ölkələrdəndir ki, xarici dövlət borcunu müəyyən etdiyi proqram və layihələri təxirə salmadan cəmi bir ay ərzində bağlaya bilər. Azərbaycan hakimiyyəti ötən 20 il ərzində kənardan heç bir maliyyə dəstəyi almadan həm qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə, həm işğalçını məğlub etmək  gücündə olan ordu quruculuğu ilə məşğul oldu, həm də digər sahələrin inkişaf etdirilməsi siyasətinə sadiq qaldı. Bəzən bədxahlarımız və onların tütəyinə züy tutan ölkəmizdəki radikal müxalifət iddia edir ki, bütün bunlara görə guya yalnız təbii sərvətlərimizə borcluyuq. Siyasi cılızlıqları ucbatından həqiqəti etiraf etmək istəməyən belələri nədənsə unudur ki, Azərbaycandan dəfələrlə zəngin olan ölkələr var, lakin bu, onlara müstəqillik, sabitlik və rifah gətirmədi. Liviyanın, İraqın  sərvəti ölkəmizin təbii resurslarından dəfələrlə çox idi. İndi onlardan söhbət düşəndə, viran qalmış coğrafiya və tökülən qardaş qanı yada düşür. Bədxahlarımızın dirijor çubuğu altında Azərbaycan hakimiyyətinin uğurlarını “qılınclamağı” özlərinə həyat yolu edənlər onu da bilməlidirlər ki, onlardan fərqli olaraq, xalqımız həqiqətləri unutmur. 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2014-cü ildə təməli qoyulmuş və artıq istifadə olunan, dəyəri təxminən 40 milyard ABŞ dolları səviyyəsində ölçülən “Cənub Qaz Dəhlizi” ilə bağlı layihələrin qarşısında vaxtilə hansı əngəllərin törədildiyini, kimlərin bu layihələrin gerçəkləşməsinə mane olduğunu xalqımız unutmayıb. Təkcə region ölkələrinin deyil, bütövlükdə Avrasiya məkanının maraqlarına xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə kimlərin əngəl yaratdığını və bu layihə ilə bağlı beynəlxalq maliyyə institutlarına qoyulan qadağaları da unutmamışıq. Elə bu qadağalara görə, Azərbaycan həmin layihəni daxili imkanları hesabına özü maliyyələşdirdi. Çünki bütün bu layihələrin təməlində dövlət maraqlarımıza xidmət edən siyasi Lider iradəsi dayanırdı. Yalnız ağız büzməklə ömür keçirən siyasət nakamları ötən 20 il ərzində həyata keçirilmiş transmilli layihələrə diqqət yetirsələr, bir həqiqəti də görə bilərlər. Ölkəmizlə yanaşı, digər iştirakçı dövlətlərin də iqtisadi maraqlarına xidmət edən bu layihələrin əksəriyyətində Azərbaycan  qardaş Türkiyə ilə əməkdaşlıq edir. Bu, Azərbaycan Prezidentinin düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirdiyi dövlət siyasətinin, ideoloji seçiminin təzahürüdür. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarına tədarükünə məhz dekabrın 31-də-Dünya Azərbaycanlılarının Həmrəylik Günündə başlanılması Prezident İlham Əliyevin azərbaycançılıq və türkçülük ideologiyasına, xalqımızın birliyinə və Türk dünyasına verdiyi əhəmiyyətli töhfələrdən biridir. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasında mövcud olan iqtisadi müttəfiqliyin siyasi-hərbi sahədə də təsbiti, faktiki olaraq, tarixi Qars müqaviləsinin yenilənməsi deməkdir. İndi siyasət nakamlarına sual edirəm: qardaş Türkiyə ilə bu səviyyəyə yüksələn müttəfiqliyimizi kim təmin etdi? Məgər bu səviyyədə yaxınlaşmanı, türkçülük ideologiyasının dirçəlməsini dünyada həzm edən çoxmu dairələr tanıyırsınız?

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycana hansı uğurları gətirib sualına bir daha qayıtmaq istərdim. Yuxarıda sadalananlar nə qədər əhəmiyyətli olsa da, onların yalnız bir hissəsidir. Heç şübhəsiz, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın Xilaskarı, onun siyasi varisi Prezident İlham Əliyev isə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını təmin edən, son iki əsri də aşan  tariximizə Müzəffər imzasını atmış Ali Baş Komandan və qalib Prezident kimi tarixdə əbədi yaşayacaqlar. Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətinin ən parlaq nəticələrindən birini dekabrın 21-də  Xankəndi şəhər stadionunda “Qarabağ” və “MOİK” futbol komandaları arasında keçirilən oyunu izləyənlərin hər biri gördü. Bu möhtəşəm mənzərəni təkcə bizlər deyil, dost və qardaş xalqlarla yanaşı, bədxahlarımız da görür. Xankəndi stadionunda əziz şəhidlərimizin övladları başda olmaqla, Azərbaycan vətəndaşları tərəfindən Prezidentə göstərilən sevgi və rəğbət onun tarixi xidmətlərinə adekvat olan cavabdır. Müdrik və qədirbilən Azərbaycan xalqının sevgi və  ehtiramını isə yalnız əməli xidmətlə qazanmaq mümkündür . Fikrimcə, cənab Prezident xalqımıza və müstəqil Azərbaycana göstərdiyi tarixi xidmətlərin nəticəsini ən yığcam şəkildə Xankəndidə özü ifadə etdi: “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!”

 

Ülvi Quliyev
Milli Məclisin deputatı