Sovet rejimi haqq aşığını niyə qətlə yetirdi?

Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə repressiya və terror aktlarına daha çox xalqın intellektual mülkiyyət sahibləri məruz qalıb.

Bu proses 1937-ci ildə sürətlə davam edib. Biz  araşdırmalarımız və Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində  Azərbaycanın çox tanınmış simaları ilə bağlı  maraqlı faktlarla rastlaşdıq. XX əsrin çox tanınmış simalarından biri, saz-söz sənətini zirvələrə qaldıran insandan söhbət açırıq.

Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov 1872-ci il mart ayının 12-də Şamaxı qəzasında Qəşəd kəndində anadan olmuşdur. Mənbələrdə göstərilir ki, o, ilk təhsilini Molla Xasının məktəbində, sonra isə Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini  isə dövrünün nəhəng muğam ustadı Mirzə Məhəmməd Həsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla davamçılar yetişdirmişdir.

Aşıq Mirzə Bilal böyük nüfuz sahibi olmaqla bərabər Xalq Cümhuriyyəti dövründə (1918-1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsində çalışmışdır. Onun repressiya qurbanı olmasının səbəblərindən biri də məhz budur. Aşıq Mirzə Bilalın repressiya olunmasının digər əsas səbəbi isə onun, yaradıcılığında və aşıqlıq fəaliyyətində sovet rejimininin qoyduğu qadağalara riayət edə bilməməsi olmuşdur. 1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayının nümayəndəsi olmuş və qurultayda bütün aşıqlar adından çıxış etmişdir.

  Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilmiş, həmin ilin noyabr ayının 26-dan 27-nə keçən gecə  xalq düşməni adı altında güllələnmişdir. Aşıq Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunaraq məhv edilmişdir.

Uzun illər keçdikdən sonra SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası 12 oktyabr 1955-ci ildə Mikayılov Bilal Mustafa oğlunun işinə yenidən baxaraq onun haqqında olan Azərbaycan SSR XDİK üçlüyünün 10 noyabr 1937-ci il tarixli qərarını ləğv etdi. Azərbaycan Respublikası prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Bilal Mustafa oğlu yenidən bəraət almışdır.

 Mirzə Bilal aşıq sənətini məna və məzmunca yeni inkişaf mərhələsinə yüksəltmiş, zəngin musiqi xəzinəsi olan Şirvan aşıq məktəbinin əsasını qoymuş, "Şirvan Aşıqlarının Atası" titulunu qazanmış nəhəng bir sima olmuşdur.

1937-ci ildə totalitar rejim olan sovet repressiyasının qurbanı olmuş aşıq haqqında uzun müddət danışmaq yasaq olunmuşdu. 

Aşıq Mirzə Bilalla bağlı musiqi tədqiqatçısı, qocaman xanəndə Ağakərim Nafizin fikirləri belə oldu: “Seyid Əzimin məktəbini uğurla başa vuran Bilal dostları arasında Mirzə Bilal adı ilə tanınır. O, ustadı Seyid Əzimdən ərəb və fars dillərini öyrənir, eləcə də klassik poeziyaya dərindən bələd olur. Ona aşıqlıq  sənətində ustadlıq edən  Aşıq İbrahim olur. Ustadı Aşıq Bilalda aşıqlıq sənəti ilə bərabər xanəndəlik qabiliyyətini gördükdən sonra Şirvanın məşhur xanəndəsi Mirzə Məhəmməd Həsəndən muğam sənətinin sirlərini öyrənməyi tövsiyə edir. O, hər iki ustadından dərs alaraq həm bənzərsiz aşıq, həm də 35 ildən artıq məşhur xanəndə kimi bütün Qafqazda şöhrət qazanır. Aşıq Mirzə Bilalın sənət dostları və şagirdləri çox olub. Aşıq Abbas Söhbətov  və digərləri onun sənətini uğurla davam etdirirlər”.

Onu da qeyd edək ki, Mirzə Bilal 1918-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım zamanı Şamaxı qəzasının Qəşəd kəndində əhalinin xilası üçün çalışıb, kəndin könülləri ilə birlikdə xeyli insanı təhlükəsiz məkanlara çatdırıb. 1918-ci il soyqırımları zamanı kənd ermənilər tərəfindən yandırılıb, əhalinin bir hissəsi isə  qətlə yetirilib. Onu da qeyd edək ki, Mirzə Bilal Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı İcraiyyə Komitəsinə üzv seçilib, 6-7 kəndə nümayəndə təyin edilib.  

Faktlar var ki,  Aşıq Mirzə Bilal  totalitar sovet rejiminə, həmin quruluşun yaratdığı kolxozlaşma sisteminə ironiya ilə baxırmış. Hətta onun yaradıcılığında da bu məqamlar özünü göstərib. Ehtimal olunur  ki, bu amillər böyük ustadın sovet cəza sisteminə düçar olmasının səbəblərdən biri ola bilərdi.

Araşdırma qrupu