"Sözlər nə qürur hissimizin, nə də quruculuq işlərinin miqyasını ifadə etməyə yetmir..."

Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə belə bir açıqlama verdi: ”Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur”. 

     Ermənistan son vaxtadək Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatla üzərinə götürdüyü öhdəliyin icrasından yayınmağa çalışırdı, hər zaman olduğu kimi, cığal xislətini nümayiş etdirirdi. Prezident İlham Əliyev  Ermənistan hakimiyyətinin ənənəvi cığal davranışını ironiya ilə qarşılayaraq bir müddət əvvəl açıq şəkildə demişdi ki, erməni tərəfi istəsə də, istəməsə də dəhlizi açmağa məcbur olacaq, Azərbaycan onu buna məcbur edəcək. Ermənilər xüsusən avtomobil yolunun açılışına etiraz edirdilər. Lakin oktyabrın 15-də MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Ermənistanın baş naziri Paşinyan ilk dəfə olaraq əvvəlki bəyanatlarından imtina etdi və bildirdi ki, ölkəsi Zəngəzur dəhlizi boyunca dəmir yolu ilə yanaşı, avtomobil yolunun açılışına da razıdır. Prezidentimiz  Ermənistan hakimiyyətinin bu məsələdə daşı ətəyindən tökməsində, geriyə addım atmasında  ölkəmizin roluna diqqət çəkib vurğunu “yumşaq desək” ifadəsinin üzərinə salarkən, yenə də reallığa, praqmatik siyasətə, beynəlxalq hüquqa və tarixi ədalətə söykənirdi. Müharibədə məğlub edilən və kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalan Ermənistan üçün yeganə reallıq bundan ibarət idi ki, ya qalib Azərbaycanın diqtəsini könüllü şəkildə yerinə yetirsin, ya da əlavə itkilər təhlükəsi qarşısında buna məcbur olsun...

   Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də, işğaldan azad olunmasının birinci ildönümündə Zəngilana səfərləri çərçivəsində  Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi əsasında görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldular, “Zəngilan”  yarımstansiyasının açılışında və Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdilər. Dövlətimizin başçısı Zəngilanda xalqımıza və rayon ictimaiyyətinə bu müjdəni də verdi: “Aprel ayında Ağalı kəndinin təməli qoyuldu. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”. Prezidentin açıqlaması Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın qürurverici anonsudur. Zəngəzur dəhlizi məhz Zəngilandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yol bağlantısını təmin edəcək,  Türkiyə və Avropa ilə birbaşa kommunikasiya üçün imkanlar yaradacaq. Əldə etdiyimiz tarixi qələbə nəticəsində baş verməkdə olan bu cür reallıqlar milli ləyaqət hissimizin ucalığını təsdiq etdiyi kimi, həm də ölkəmizin yalnız regionda deyil, bütövlükdə Avrasiya məkanında əlaqələndirici rolunun daha da yüksəlməsinə imkan verəcək. 

     Zəfər Günü ilə bağlı  hisslərimizin bütün çalarları ilə ifadə olunmasına adi cümlələr yetmədiyi kimi, Prezident İlham Əliyevin Qarabağda və Şərqi Zəngəzurda başladığı quruculuq və bərpa işlərinin miqyasını da sözlə ifadə etmək çox çətindir. Artıq heç kimdə, ilk növbədə, torpaqlarımızı viran qoyan Ermənistanda və onun havadarlarında heç bir şübhə yoxdur ki, Azərbaycan sıfırdan başlamağa məcbur olsa da, dədə-baba yurdlarımızı təbii gözəlliyinə ahəngdar şəkildə dünyanın ən gözəl, ən görməli və ən arzulanan məkanlarından birinə çevirəcək. Dövlətimizin başçısının Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atası Əbdül Noçuyevlə dialoqu, Prezidentin səmimi xitabları, əminəm ki, hər kəsi təsirləndirdi. Prezident İlham Əliyev qəhrəman şəhidin atası Əbdül Noçuyevə və bütün şəhidlərimizin valideynlərinə bu cümlələrlə müraciət etdi: “Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər. Mən sizi ürəkdən təbrik edirəm, təşəkkürümü bildirirəm və qucaqlayıram, bağrıma basıram”.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin. Uca Tanrı xalqımızı bu tarixi Qələbəyə gətirib çıxaran Ali Baş Komandanımıza, onun rəhbərliyi altında gün-gündən güclənən Ordumuza bundan sonra da yar olsun! Allah Qarabağda və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işlərini xeyirli, mübarək etsin!

      Haqlı olaraq qürur duyduğumuz  və gələcək nəsillərin də mütləq qürur duyacağı həqiqət, bilisiniz, nədir? Torpaqlarımızı savaş meydanında düşmən tapdağından təkbaşına azad etdiyimiz kimi, quruculuq və bərpa işlərini də heç kimdən kömək ummadan, Ermənistan tək kimlərinsə qapısında boyun əymədən, özümüz öz dövlətimizin imkanları hesabına həyata keçiririk. Allah xalqımızı, müstəqil Azərbaycanı qorusun!

 

Ülvi Quliyev                                                                                       

Milli Məclisin deputatı