Bazar günü Suriyada Bəşər Əsədin devrilməsindən sonra ölkədə ilk dəfə parlament seçkiləri keçiriləcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Məlumatda deyilir ki, Əsəd ailəsinin 50 illik hakimiyyəti dövründə Suriyada müntəzəm olaraq seçkilər keçirilsə də, “Bəəs” Partiyası daim parlamentə nəzarət edirdi və bu seçkilər beynəlxalq ictimaiyyət tərəfindən saxta və formal xarakterli kimi qiymətləndirilirdi.
Xarici seçki təhlilçilərinin fikrincə, əvvəlki dövrlərdə yeganə real rəqabət “Bəəs” Partiyasının daxilində, namizədlərin seçki siyahısına düşmək uğrunda apardıqları mübarizə zamanı yaşanırdı.
Bildirilir ki, bu bazar keçiriləcək seçkilər də tam demokratik olmayacaq. Yeni qaydalara əsasən, xalqın birbaşa səs verdiyi seçkilərlə yanaşı, parlamentdəki yerlərin böyük hissəsi regionlarda yaradılmış seçki kollegiyaları vasitəsilə, təxminən üçdə biri isə keçid dövrünün prezidenti Əhməd əl-Şəraa tərəfindən birbaşa təyin olunacaq.
Bu da o deməkdir ki, Suriya üçün yeni siyasi mərhələnin başlanğıcı kimi təqdim olunan seçkilər tam azad və ədalətli seçkilərdən hələ uzaqdır.