Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqliyinin zirvəsidir

“Azərbaycanın qədim mədəniyyət mərkəzi, bu il yaranışının 270 illiyini qeyd edəcəyimiz qədim Şuşa şəhərində 30 illik erməni işğalından sonra iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasında imzalanan “Şuşa Bəyannaməsi” şanlı tariximizə qızıl hərflərlə yazılıb. Prezidentlər İlham Əliyevlə və Rəcəb Tayyib Ərdoğan arasında Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində baş tutan görüşün və imzalanan sənədin tarixi əhəmiyyəti ölçüyəgəlməzdir. Şuşa Bəyannaməsi düz 100 il bundan əvvəl imzalanmış “Qars müqaviləsi”nin davamıdır, desək hadisəyə doğru qiymət vermiş olarıq. Bu sənədin 100 il əvvəlki sənəddən daha əhatəli, daha dolğun, daha təsirli olduğunu çəkinmədən söyləyə bilərik”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.A.Hüseynov bildirib ki, ötən il iyun ayının 15-də qədim Şuşada bu Bəyannamə imzalanarkən bundan əvvəl Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr rəhbər tutulub: “Birgə bəyannamə Azərbaycanla Türkiyənin gələcək işbirliyinin istiqamətini göstərir. Sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Prezidentlər tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın hesablaşmalı olduğu bir gerçəklikdir. Azərbaycanın və Türkiyənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Daha dəqiq ifadə etsək, bu, regionda 200 ilə yaxın davam edən geosiyasi mənzərənin dağıdılması və yeni formatda və daha ədalətli tərtibatıdır”.

Deputat qeyd edib ki, Şuşa Bəyannaməsində diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır: “Sənəddə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Bir tərəfdən də Şuşa Bəyannaməsini Ermənistana və onun arxasında duran güc(lər)ə bir mesaj kimi də qiymətləndirmək olar. Türkiyə açıq şəkildə bəyan edir ki, Azərbaycana qarşı bundan sonra hansısa hücumlar, təxribatlar həyata keçirilərsə, Türkiyə Azərbaycanı müdafiə edəcək. Şuşada Türkiyə konsulluğunun açılmasını da şəhərin təhlükəsizliyinin Türkiyənin təminatı altına alınması kimi dəyərləndirmaq olar. Sənəddə göstərilən daha bir önəmli məsələ hər iki ölkənin Təhlükəsizlik Şurası arasında ortaq toplantılarının keçirilməsidir. Bu isə o deməkdir ki, iki ölkə müdafiə və təhlükəsizlik siyasətini koordinasiya edəcək. Bir daha vurğulamaq yerinə düşər ki, bütün müstəvilərdə inkişaf edən qardaşlıq əlaqələri işğaldan azad olunmuş ərazilərin bərpası prosesini sürətləndirəcəkdir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sözün əsl mənasında qardaşlıq, dostluq əlaqalərinin ən yüksək səviyyədi oludğunu dünyaya sübut edir”.