"Siyasi partiyalar 44 günlük Vətən müharibəsində Ali Baş Komandanı müdafiə etdi və indi də gedib bu dəstəyin nəticəsini, Şuşanı görün"
"Mübarizəni narkobaronlarla aparmaq lazımdır"
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə ötən gün ölkənin siyasi partiyalarının rəhbərləri, ictimai-siyasi xadimlərin Şuşaya səfəri təşkil edilib. Səfər zamanı siyasi partiya rəhbərləri Şuşada aparılan quruculuq-abadlıq işləri ilə tanış olub, şəhərin tarixi yerləri, mədəniyyət abidələrini ziyarət ediblər. Sözügedən səfərdə iştirak edən Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz siyasi partiya rəhbərlərinin Şuşa səfərinin əhəmiyyəti, şəhərlə bağlı təəssüratı, bu səfərlə verilən mesajlar barədə "OLAYLAR"-a danışıb.
-Yunus bəy, dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə ölkənin siyasi partiyalarının rəhbərləri, ictimai-siyasi xadimlərinin Şuşaya səfəri baş tutdu. Səfər barədə təəssüratlarınız nədən ibarətdir və bu səfər həm də ölkənin siyasi elitasının dövlət və dövlətçilik məsələlərində milli birlik nümayiş etdirdiyinin göstəricisi deyilmi?
-Dünən ölkədə fəaliyyət göstərən 50-yə yaxın siyasi partiyanın sədrləri Şuşaya səfər etdi. Bu səfər 44 günlük Vətən müharibəsində siyasi partiyaların milli birlik nümayiş etdirərək Ali Baş Komandanı müdafiə etməsinin göstəricisi, sübutu idi. Yəni bu səfər həm də onu deməyə əsas verirdi ki, siyasi partiyalar 44 günlük Vətən müharibəsində Ali Baş Komandanı müdafiə etdi və indi də gedib bu dəstəyin nəticəsini, Şuşanı görün. Hesab edirəm bu çox vacib bir məqam idi ki¸ müharibə zamanı siyasi partiyalar milli birlik nümayiş etdirdilər və bu gün də onun bəhrəsini görərək dövlətin, onun müvafiq qurumlarının təşkilatçılığı ilə Ağdama, Şuşaya səfər ediblər.
-Siz bir müddət əvvəl - Vaqif poeziya günləri keçirilən ərəfədə də Şuşada olmuşdunuz. Qısa müddətdə Şuşada hansı dəyişikliklər hiss etdiniz?
-Onu deyə bilərəm ki, Şuşada çox geniş həcmdə və sürətli şəkildə quruculuq-abadlıq işləri həyata keçirilir. Şuşaya səfərimdən keçən qısa müddət ərzində görülən işlərin fonunda bunu aydın şəkildə gördüm. Bu dəfəki səfər zamanı da siyasi partiyalar olaraq Şuşada aparılan quruculuq -abadlıq işləri ilə yaxından tanış olduq. Zəfər yolunun çəkilişi, Şuşada aparılan quruculuq işlərini yaxından izlədik. Azərbaycan Respublikasının Prezidentinin Şuşa şəhərindəki xüsusi nümayəndəsi Aydın Kərimov da bizlərə şəhərdə görülən işlər barədə geniş və ətraflı şəkildə məlumat verdi.
Ümumiyyətlə, Şuşanı görmək, Şuşaya səfər etmək o deməkdir ki, siyasi partiyalar da Qarabağın azad olunması prosesindən kənarda qalmayıblar. Düzdür, bir neçə siyasi partiya rəhbəri bizimlə həmin səfərdə iştirak etməyərək Şuşaya getmədi. Mən hesab edirəm ki, həmin siyasilər 44 günlük müharibə ilə Qarabağın azad edilməsini istəməyənlərdir. Bu gün də həmin şəxslər eyni ampluada çıxış edirlər. Ancaq bütövlükdə bu dövlət, dövlətçilik, Qarabağ məsələsində milli birlik, həmrəylik nümayişidir. Onu da qeyd edim ki, səfər zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev belə bir milli birlik nümayiş etdirdiyimiz üçün Şuşada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin adından bizə təəşəkkürünü bildirdi.
-Sizcə bu səfər həm də region ölkələrinə, gərginlik müşahidə edilən İran-Azərbaycan münasibətləri fonunda Tehrana bir mesajdırmı ki, Azərbaycanda kifayət qədər möhkəm, sağlam milli birlik, siyasi həmrəylik var?
-Siyasi partiyaların rəhbərlərinin Şuşaya səfər etməsi təkcə daxili ictimaiyyətə mesaj deyil, eyni zamanda xarici aləmə, region ölkələrinə milli birlik, həmrəylik nümayişidir. Bilirsiniz ki, bu gün dünyada yeni düzən qurulur, proseslər gedir və Azərbaycan da Cənubi Qafqazda bu proseslərin önündədir. Siyasi partiyaların sədrlərinin Şuşaya səfəri ilə xarici ölkələrə də mesaj verildi ki, bizdə milli birlik var. Elə İran da arxayın idi ki, burada yetişdirdiyi qüvvələri Azərbaycan dövlətinin əleyhinə qaldıra bilər. Lakin çürük qoz qabığı kimi hamısı puça çıxdı. Milli birlik, ictimai rəy bütün bunların qarşısını aldı və İran gördü ki, Azərbaycana təzyiqin heç bir faydası yoxdur. Siyasi partiyalar, QHT-lərin milli birliyi, dövlət, dövlətçilik ətrafında sıx birləşməsi bütün ölkələri daxili konfrantasiyadan çəkindirdi. Bu da çox normaldır. Çünki biz öz yolumuzu gedirik və Azərbaycanın dünyada tanınmasını, davamlı, dayanqlı iqtisadiyyatımızın olmasını istəyirik.
-İranın son vaxtlar Azərbaycana qarşı artan təzyiqlərinə münasibət müxtəlifdir və fərqli-fərqli səbəblər göstərilir. Sizin fikrinizi bilmək maraqlı olardı, İranı əsas narahat edən məqam nədir?
-İran Şimali Azərbaycana arxa bağçası kimi baxır. Yuxarıda qeyd etdiyim kimi dünyanın düzəni dəyişib və bu proseslər fonunda Azərbaycan önə çıxıb. Zəngəzur dəhlizinin açılması ideyası gündəmə gəldikdən dərhal İran təcili şəkildə Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu. Nə üçün? Çünki Zəngəzur dəhlizinin açılması ilə İran regiondakı loqistik əlaqələr, daşımalardan kənarda qalacaq. Nəticə etibarilə Azərbaycan önəmli rol oynayacaq və artıq Azərbaycan bu kimi məsələlərdə İran da daxil olmaqla bir sıra ölkələrə diktə edən tərəf olacaq. Çünki Azərbaycan Şərqlə Qərbin ortasında yerləşir, eyni zamanda Şərqə açar rolunu oynayır. İran da bunu başa düşür və hesab edir ki, qeyd etdiklərimiz baş verəcəksə İrana təzyiqlər daha da artacaq. Azərbaycanın iqtisadi cəhətdən güclənməsi paralel olaraq Azərbaycana siyasi divident də qazandıracaq. İran da bundan qorxur. Ən əsası da cənub qonşumuz parçalanmasından ehtiyat edir. Ancaq Azərbaycan hər zaman elan edib ki, biz bütün ölkələrin sərhədlərini BMT-nin qəbul etdiyi sənədlər əsasında qəbul edir və ona hörmətlə yanaşırıq. İran düşünür ki, dəyişən proseslər fonunda Azərbaycanı indi öz təsir dairəsinə ala bilməsə, başqa zaman heç vaxt bunu edə bilməyəcək. Ona görə də bu istiqamətdə addımlar atır. İranın bu kimi təxribatçı hərəkətlərinə qarşı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə aydın şəkildə bildirdi ki, Cənubi Qafqazda sabitlik 3 tərəfli formatda imzalanmış 10 nəyabr bəyanatına şərtləri əsasında olacaq. Ona görə də İran çox narahatdır və hesab edir ki, uzun illər milyonlar xərclədiyi, Azərbaycanda yetişdirdiyi cəhalət, xurafat, meyxanaçılar hesabına daxilimizdə problemlər yaradacaq. Ancaq gördü ki, Azərbaycan ziyalısı daha üstündür və onlar dövlətin, dövlətçiliyin tərəfindədirlər. Düzdür, onu da etiraf etmək lazımdır ki, İran bəzi ziyalılarımızı da pul xərcləməklə ələ almışdı. Ancaq xeyri olmadı. Düşünürəm ki, İranın ağlı başına gəlməsə onun vəziyyəti daha ağır olacaq. Ona görə də İran Azərbaycanla ya normal əməkdaşlıq etməlidir, ya da əməkdaşlıq etməldir.
-Qarşıdakı müddətdə də cənub qonşumuzdan hansısa təxribatlar gözləyə bilərikmi?
-Onların təxribatı sözlədi. Ancaq onu da deyim ki, İranın özündə bəzi siyasilər, keçmiş diplomatlar da başa düşürlər ki, Azərbaycana qarşı olan təzyiqlər, təhdidlər yersizdir və başa düşülən deyil. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bu günlərdə televiziya çıxışlarının birində qeyd edir ki, İran Xocalı soyqırımını belə tanımadığı, bununla bağlı qərar qəbul etmədiyi halda Azərbaycandan nə istəyir? Sənin qonşuların olan Pakistan, Türkiyə, şərqdən Özbəkistan Ermənistanda səfirliyini açmadı. Türkiyə və Pakistan hazırda da Ermənistanla ticari əlaqələr həyata keçirmir. Ancaq İran guya bizim şiə qardaşımız olduğu halda bütün bunların əksini edir, Ermənistanla münasibətləri hər ötən gün daha da inkişaf etdirir.
-Yunus bəy, bu günlərdə maraqlı bir məlumat əksini tapdı ki, İran Azərbaycan ərazisinə narkotiklərin daşınmasına da biganə yanaşır.
-Görünən odur ki, indiyə qədər İran əsgərləri sərhədi keçərək Azərbaycana narkotik gətirmək istəyən bir nəfəri belə tutmayıblar. Onları yalnız bizim sərhədçilər yaxalayır. Deməli onların dövlət siyasəti bundan ibarətdir ki, azərbaycanlı gənclərin beyinlərini narkotiklərlə xarab etsin.
-Yeri gəlmişkən son vaxtlar narkomaniya problemi ölkədə daha ciddi təhlükəyə çevrilir. Düzdür, hüquq-mühafizə orqanları gündəlik olaraq buna qarşı mübarizə aparsa da, bu istiqamətdə vəziyyət normallaşmır. Sizcə, problemin həlli yolu nədədir?
-Nə qədər ki, narkobaronların üzərinə getməyib sıravi narkotik satanları tuturuq, bu bəla davam edəcək. Bunun başqa yolu yoxdur və mübarizəni narkobaronlarla aparmaq lazımdır. Müəllifi olduğum "Uçurum" kitabında da məhz narkobaronlardan söhbət gedir. Birinci dəfədir ki, narkobaronlardan yazıram.
-Tarixi romanlar müəllifinin belə bir mövzuya üstünlük verməsi maraqlıdır.
-Əslində "Uçurum" kitabı da tarixidir. Təhmasib şahdan tutmuş 2019-cu ilə qədər olan narkoticarət hadisələri həmin kitabda öz əksini tapır. Kitabda siyasət, hakimiyyəti ələ keçirmək, Prezidenti devirməyə edilən cəhdlər, bəzi məmurlarımızın fars narkotacirləri, erməni narkobaronları ilə əlaqələri də yer alıb. Odur ki, bir daha qeyd edirəm ki, mübarizə ilk növbədə narkobaronlarla getməlidir. Narkotikanın kökü haradadır, onları qazıb çıxarmaq lazımdır. Hesab edirəm ki, dövlət də bu sahədə ciddi mübarizə aparır.
Süleyman İsmayılbəyli