AMEA-nın 80 və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) 100 illik yubileyləri ərəfəsində iki maraqlı biblioqrafik-sorğu kitabı işıq üzü görüb: “Mərkəzi Elmi Kitabxananın inciləri” və “Mərkəzi Elmi Kitabxananın nəşrləri”. Kitablar “Yaradıcı oxucularımız” və “Kitabxanaya kitab hədiyyə edirik” layihələri çərçivəsində M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına hədiyyə edilib.
Bir milyon 500 mindən və 50-dən çox dildə fondu olan ölkəmizin ən zəngin kitabxanalarından biri MEK-in fondu yubileylər ərəfəsində 2 maraqlı kitabla zənginləşdi.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nəşri olan “Mərkəzi Elmi Kitabxananın nəşrləri” biblioqrafik göstərici MEK-in tarixini, inkişaf mərhələlərini, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsindəki yenilikləri özündə əks etdirən salnamədir. Göstəricidə kitab və elmi monoqrafiyalar, dissertasiya və avtoreferatlar, elmi əsər və bülletenlər, elmi və elmi-publisistik məqalələr, habelə elektron resurslar toplanıb. Kitabın zəngin soraq-axtarış aparatı da var.
“Mərkəzi Elmi Kitabxananın inciləri” adlı bələdçi-kitabda MEK-in zəngin fondlarının məzmunu qismən açılır və oxuculara təqdim edilir. Burada kitabxananın fondlarında qorunan nadir və qədim kitablar, xüsusi kolleksiyalar haqqında məlumat verilir. Kitabxanada olan ən qədim kitab 1502-ci ilə aiddir. Kitabda Azərbaycanın qədim tarixi, Qarabağ, Şeyx Şamil, Qafqaz Albaniyası, qədim Bakı, “Dəmir qapı” Dərbənd, qədim Gəncə, Qafqaz tarixinə dair nadir, qədim, qiymətli və maraqlı mənbələr oxuculara təqdim edilir. Kitaba 1901-1917-ci illərdə Bakıda fəaliyyət göstərən Orucov qardaşlarının mətbəəsinin nəşrləri də daxil edilib. Kitabın maraqlı bölmələrindən biri “Kolleksiyalar” bölməsidir. Buraya XX əsrin məhşur şərqşünasları Y.Bertels, Y.Paxomov, G.Hazai və s. ilə yanaşı XXI əsrin xüsusi kolleksiyaları (İsa Həbibbəyli, Ədalət Tahirzadə, Həsən Əliyev, Qara Əhmədov, Bəkir Nəbiyev, Misir Mərdanov, Mirzə İbrahimov, Abbas Zamanov, Mikayıl Useynov və s.), habelə Naxçıvan və Gəncə bölmələrinin, Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Xalq Cümhuriyyətinin və s. kolleksiyalar da daxil edilib.
İlk dəfə nəşr olunan qiymətli kitabların müəllifi təcrübəli kitabxanaçı, Əməkdar mədəniyyət işçisi, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Xuraman İsmayılova alim, tədqiqatçı və oxuculara folklorumuzun canlı əfsanəsi sayılan bayatıdan tutmuş qoşma, gəraylı, şeir, oçerk, hekayə, publisitik yazılarla zəngin yaradıcılığı, bir çox biblioqrafik göstəricilərin müəllifi kimi tanışdır.
“Mərkəzi Elmi Kitabxananın nəşrləri” kitabının elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru və ön sözün müəllifi MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktoru MEK-in şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, ixtisas redaktoru MEK-in şöbə müdiri Səyyarə Məmmədovadır.
“Mərkəzi Elmi Kitabxananın inciləri” kitabının elmi məsləhətçisi MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, ixtisas redaktoru MEK-in şöbə müdiri Səyyarə Məmmədova, redaktoru filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.
Kitablar alim və tədqiqatçı, mütəxəssislər, kitabxanaçılar, tələbələr və oxucular üçün dəyərli mənbədir.