Tarixi kökləri olan Azərbaycan–Gürcüstan  münasibətləri yeni mərhələyə qədəm qoyur

Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyədə olan siyasi-iqtisadi əməkdaşlığın dərin tarixi kökləri vardır. Əsrlər boyu dinc şəraitdə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi, mədəni əlaqələr, iqtisadi-ticari münasibətlər bu gün mahiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan və Gürcüstan mühüm strateji tərəfdaş kimi tarixi sınaqlardan uğurla çıxıblar. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın əsasını qoydu.

Dövlətimizin başçısı İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də vurğuladığı kimi, sovet dönəmində Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğu məhz Azərbaycan-Gürcüstan münasibətlərinin bariz nümunəsi idi.

Cənubi Qafqazda sülh və sabitliyin kövrək və vacib olduğunu nəzərə alsaq iki qardaş ölkənin əməkdaşlığı sayəsində regionda sabitliyin bərqərar ola biləcəyinə ümidlər artır.

 Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü tanıyır. Ən çətin dövrlərdə bir-birinə dəstək nümayiş etdiriblər. Bu qarşılıqlı dəstək hazırda da davam etdirilir.

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri arasında keçirilən görüşlərin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlarda deyil, bölgələrdə həyata keçirilməsi artıq ənənə halını alıb.

İki ölkənin iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində birgə əməkdaşlığı sürətlə inkişaf edir. Azərbaycan hazırda Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir. 2022-ci ildə bu ölkələr arasında ticarət dövriyyəsi 771 milyon dollar təşkil edib. Bu il ticarət dövriyyəmiz 15 faizə yüksəlib. Bu günə qədər Gürcüstan Azərbay­can iqtisadiyyatına 93,8 milyon dollar, Azərbaycan isə Gürcüstana 3,2 milyard dollardan çox investisiya yatırıb.

Azərbaycan-Gürcüstan iqtisadi münasibətlərində irimiqyaslı qlobal enerji və nəqliyyat–kommunikasiya layihələri xüsusi yeri tutur. Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu bölgədə sülhə və sabitliyə xidmət edir.

Hazırda Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyatdadır, 700-dən çox Azərbaycan şirkəti, xüsusilə SOCAR Gürcüstan iqtisadiyyatında önəmli çəkiyə malikdirlər.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələ­rimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi iqtisadi əməkdaşlıq üçün böyük imkanlar yaradıb. Hazırda Orta Dəhliz layihəsi əsas yeni əməkdaşlıq layihələrindən biridir. Hər iki ölkə dəmir yolu xəttinin genişləndirilməsi, magistral yolların beynəlxalq səviyyədə qurulması və dəniz limanlarının gücünün artırılması qarşıda duran əsas vəzifələrdəndir.

Azərbaycan və Gürcüstan Orta Dəhliz, Cənub-Qərb və digər beynəlxalq tranzit marşrutlarının inkişafında birgə fəal əməkdaşlıq edirlər.

Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat–kommunikasiya layihələri bizim iqtisadi əlaqələrimizin əsasını təşkil edir. Eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər birliklər çərçivəsində əlaqələrimiz ümumi əməkdaşlığa müsbət töhfələr verir.

Azərbaycan-Gürcüstan iqtisadi münasibətlərində “SOCAR Energy Georgia”nın fəaliyyəti xüsusi yer tutur. 2006-cı ildə qurulan bu şirkət yalnız Gürcüstanda neftin topdan və pərakəndə satışını, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalını, neft terminalı və anbarlarının tikintisini həyata keçirir. Şirkət Gürcüstandakı neft satışının 72 faizinə, dizel satışının isə 61faizinə nəzarət edir. Kulevi neft terminalı da şirkətin tam ixtiyarındadır. Onu da qeyd edək ki, ARDNŞ Gürcüstana hər ay 20 min ton neft məhsulu, həmçinin 15 min ton benzin idxal edir.

Cənubi Qafqazın ən inkişaf etmiş, güclü dövləti olan, öz ərazi bütövlüyünü təmin edən, geniş iqtisadi potensiala malik, dünyada güclü partnyorları olan Azərbaycanla əməkdaşlıq suverenliyini hələ də tam təmin etməmiş Gürcüstan üçün olduqca vacib və sərfəlidir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı