“Ötən gün bir qrup radikal dindarın din pərdəsi altında Londondakı səfirliyimizə hücum çəkməsinin şahidi olduq. Təbii ki, onlar dərhal cavablarını aldılar. Ancaq mən deməzdim ki, bu insanlar dindardırlar. Onların hədəfləri Azərbaycanın apardığı siyasətə təsir göstərməkdir”.
Bunu Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə bir qrup radikal dindarın Azərbaycanın Londondakı səfirliyinə hücum etməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, təxribatın Məhərrəm ayında baş verməsi təsadüfi deyil:“Onların istəyi Məhərrəmlik ayında belə hərəkətlər törətməklə çaxnaşma yaratmaqdır. Bu, özlüyündə çox ucuz siyasətdir. Ancaq bu siyasət qətiyyən Azərbaycanın uğurlu siyasətinə təsir edə bilməz. Təxribatın arxasında erməni fazşizminə dəstək olan ölkələr durur. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etdi. Buna görə də, qələbəmizi həzm edə bilməyən ölkələr və erməni faşizminə, erməni xalqına dəstək olan dövlətlər bizə təsir göstərmək üçün bu kimi hərəkətlərə əl atırlar. Əslində, bu cür təxribat başqa adlar altında da edilə bilərdi. Burada əsas məqsəd Azərbaycanı gözdən salmaqdır. Ancaq hansı ad altında olur-olsun, bizə qarşı yürüdülən təxribatlar effekt verə bilməz”.