“İkinci “Qızıl alma” Azərbaycan səmasında uçacaq”.
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı “Aselsan” şirkətinin Azərbaycanda “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksəksürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə yol mühəndisliyi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır:
“Bizdə “Bayraktar” var. O, bu gün Azərbaycan səmasında Azərbaycanın təhlükəsizliyi üçün uçur. Bizdə “Qızıl alma” var. “Qızıl alma”nın ikincisi Azərbaycan səmasında uçacaq. Türkiyə Şuşa Bəyannaməsi əsasında Azərbaycanla əməkdaşlığı genişləndirir”.
Səfir söyləyib ki, Türkiyə müxtəlif sahələrdə Azərbaycanın inkişafına töhfə verir.
Qeyd edək ki, “Qızıl Alma” pilotsuz uçuş aparatının (PUA) istehsalına 2020-ci ildən başlanılıb. PUA-nın ilk uçuşu 2022-ci ildə həyata keçirilib. “Qızıl alma”nın istehsalçısı “Baykar” şirkətidir.