Milli Məclisin deputatı Asif Əsgərov məktəblərdə vahid geyim formasının tətbiqinin sosial bərabərliyin qorunması, şagirdlərdə intizam və məsuliyyət hissinin gücləndirilməsi baxımından əhəmiyyətini parlamentdəki çıxışında diqqətə çatdırıb.
"Caspianinfo" xəbər verir ki, deputat, həmçinin müəllimlərin vahid işgüzar üsluba riayət etməsinin məktəbdə təşkilati mədəniyyətin formalaşmasına və qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə töhfə verdiyini bildirib: “Bu gün ölkəmiz Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişafın, siyasi və iqtisadi qüdrətin ən zirvə nöqtələrindən birini yaşayır. Ölkəmizdə həyata keçirilən strateji islahatlar yalnız sosial-iqtisadi sahəni deyil, gələcəyimizin təməl sütunu olan təhsil sistemimizi də əhatə edir. Çünki məktəb təkcə bilik və informasiya verən ünvan deyil. Məktəb - cəmiyyətin gələcək mənəvi-sosial simasını formalaşdıran, övladlarımızı vahid dəyərlər ətrafında birləşdirən və onları birgəyaşayış mədəniyyətinə hazırlayan müqəddəs bir ocaqdır. Dövlətimizin təhsil siyasətinin ana xəttini dünyəvilik, sosial bərabərlik və inklüzivlik təşkil edir. Sosial statusundan, ailəsinin imkanlarından asılı olmayaraq, hər bir övladımız eyni parta arxasında eyni imkanlara və eyni bərabər mühitə sahib olmalıdır.”
A.Əsgərov vurğulayıb ki, məktəblərimizdə vahid geyim formasına keçid sadəcə vizual bir yenilik deyil, dərin pedaqoji və sosial fəlsəfəyə söykənən addımdır: “Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin yaratdığı psixoloji baryerləri aradan qaldırır, ayrı-seçkilik riskini sıfıra endirir və uşaqlarda kollektivə aidiyyət, məsuliyyət hissini gücləndirir. Biz yaxşı bilirik ki, intizam, həmrəylik və məqsədyönlülük olan hər bir mühitdə böyük uğurlar qaçılmazdır. Necə ki, bu günlərdə ölkəmizdə keçirilən cüdo üzrə dünya çempionatında idmançılarımızın göstərdiyi yüksək intizam, birlik və əzmkarlıq Azərbaycanın zəfər ruhunu bir daha bütün dünyaya nümayiş etdirdi. Tatami üzərində hər kəs eyni geyimdə, eyni qaydalarla mübarizə aparır. Nəticəni orada statusu və ya ailəsinin imkanı deyil, əzmi, intizamı və əməyi müəyyən edir. Qarşılıqlı hörmət, nizam-intizam və bərabərlik idmanın bizə xatırlatdığı dəyərlərdir və bu dəyərlər məktəb mühitində də öz əksini tapmalıdır. Məktəb də məhz bu cür intizam və komanda ruhunun formalaşdığı ilk meydandır.”
Milli Məclisin deputatı çıxışında əlavə edib ki, bütün bu prinsiplərin tam bərqərar olması üçün isə məktəbdə təşkilati mədəniyyət kompleks xarakter daşımalıdır: “Şagirdlərlə yanaşı, müəllim heyətinin də vahid işgüzar üsluba riayət etməsi məktəbin daxili nizam-intizamını və korporativ imicini yüksəldən mühüm amildir. Müəllim şagird üçün yalnız bilik mənbəyi deyil, həm də davranış, üslub və peşəkarlıq nümunəsidir. Müəllimlərin vahid işgüzar görünüşü məktəbdə qarşılıqlı hörmət və məsuliyyət mühitini möhkəmləndirir, tədris prosesində diqqətin yalnız təhsilin keyfiyyətinə yönəlməsinə zəmin yaradır. Məktəblərimizdə vahid qayda-qanunun, sosial bərabərliyin və yüksək təşkilati mədəniyyətin təmin olunması gələcək nəslimizin sağlam, məsuliyyətli və vətənpərvər ruhda yetişməsinə xidmət edən strateji bir addımdır.”