Vəfa borcunu unudanlara nadan və nankor deyilir

Müstəqilliyimizin 105-ci ildönümünü qeyd etdik. Artıq üçüncü ildir ki, bu əlamətdar tarixi fərqli, qələbə ovqatında keçiririk. Son iki yüz ili də aşan tarixi zaman kəsiyindən sonra xalqımız həm bu müqəddəs bayramı, həm də öz milli varlığını mənəvi tarazlıq içərisində yaşayır. İşğaldan azad olunmuş Qarabağ artıq milli qürurumuzun rəmzinə çevrilib. Bu möhtəşəm Zəfərin arxasında güclü və müstəqil Azərbaycan dövləti, xalqımızın tarixi birliyini təcəssüm etdirən Müzəffər Ali Baş Komandanımızın Dəmir Yumruğu və qəhrəmən  Ordumuzun şücaəti dayanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

 

Bu il qürur hissi ilə qeyd etdiyimiz Müstəqillik Gününün özəlliyi ondadır ki, yüzminlərlə həmvətənimizin üzərindən məcburi köçkün  ifadəsinin mənəvi ağırlığı qaldırılır. Prezident İlham Əliyev 31 ildən sonra bu bayramı işğaldan azad edilmiş Laçın şəhərində laçınlılarla bir yerdə qeyd etdi. Azərbaycan Prezidenti Laçına qayıdan ilk iyirmi ailəyə məskunlaşacaqları evlərin açarlarının təqdimolunma mərasimində bu müjdəni də verdi: “Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər”. Prezident bu tədbirin məhz may ayında keçirilməsinin təsadüfi olmadığına da xüsusi diqqət çəkdi: "May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq”.  

 

Prezident İlham Əliyev çıxışında 1992-ci ilin mayında Laçının, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğalı ilə Ermənistanla coğrafi bağlantının yaranmasına və bununla da mənfur “miatsum”  xülyasının gerçəkləşdirilməsi istiqamətində addımların atılmasına imkan verildiyini, o dövrdə yaşadığımız uğursuzluğun  səbəblərini və səbəbkarlarını da yada saldı: “Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi”.

 

Dövlətimizin başçısı ictimai fikri məşğul edən bir çox məsələlərə aydınlıq gətirdi. Lakin Prezidentin çıxışının məhz bu hissəsindən iqtibas gətirməyim təsadüfi deyil. Əvvəla ona görə ki, Prezident İlham Əliyevin xatırlatdığı həmin hadisələr xalqımızın o dövrdə üzləşdiyi acı reallığı əks etdirir. Görüşdə iştirak edən laçınlılar kimi, dədə-baba torpaqlarından didərgin salınmış yüzminlərlə həmvətənimizə bu gerçəklik yaxşı məlumdur. Prezidentin çıxışının məhz bu hissəsi üzərində xüsusi dayanmağım  onunla bağlıdır ki,  vaxtilə torpaqlarımızı siyasi ambisiyalarına qurban verən və az qala otuz il ərzində xalqımızın mənəvi iztirablarının səbəbkarı olmuş həmin siyasi cütlüyün bəzi mənsubları təhlükəli vərdişlərindən bu gün də əl çəkməyiblər. Heç kəs üçün sirr deyil ki, xalqımız 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərə görə şəhid və qazilərimizlə, Müzəffər Ali Baş Komandanımız və rəşadətli Ordumuzla  fəxr edir, qardaş Türkiyəyə, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğana göstərdiyi siyasi-mənəvi dəstəyə görə dərin minnətdarlıq hissi duyur. Amma bu gerçəkliyə baxmayaraq, 90-lardan qalmış həmin siyasi cütlüyün hədəfində nədənsə işğalçı Ermənistan rəhbərliyi deyil, Azərbaycan və Türkiyə Prezidentləridir. Şuşada “Qarabağ Ermənistandır və nöqtə”  deyən N. Paşinyan bəzi Qərb dairələrinin təqdimatında olduğu tək, bu cütlüyün də ayrı-ayrı nümayəndələrinin çıxışlarında “demokrat mücəssiməsi”, az qala qəhrəman və şəksiz siyasi lider kimi təbliğ edilir.  Məhz həmin şəxslər özləri üçün uydurduqları siyasi ambisiyaları səbəbindən, yaxud hansısa xarici dairələrin rəğbətini qazanmaq  naminə Paşinyanın o bədnam bəyanatını da, Şuşadakı bizlərə acıq verən rəqsini də unudur, az qala onu Nelson Mandellanın “əzabkeş” davamçısına çevirirlər. Hədəfə aldıqları, təhqir edib böhtan atdıqları isə yalnız Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğandır. Bunlarda Paşinyan sevdası, erməni nisgili və erməni sevgisi hansı siyasi bağlardan, yaxud hansı təlimatlardan qaynaqlanır, bunu özləri daha yaxşı bilir. Amma hər iki halda bu sevdanın arxasında 90-larda olduğu kimi, yenə də xəstə hakimiyyət hərisliyi və siyasi nakamlıq sindromu dayanır. Onların Vətən və dövlət təəssübkeşliyi ilə bağlı pafoslu çıxışları da bu cür ucuz və heç bir əsası olmayan siyasi maraqlarından irəli gəlir. Əgər belə olmasaydı, tarixi Zəfərə imza atan Prezident İlham Əliyev və bu qələbə naminə siyasi-mənəvi dəstəyini əsirgəməyən Prezident Rəcəb Tayyib Ərdoğan onların nəzərində düşmənə çevrilməzdi. Elə bu səbəbdən, qardaş Türkiyədə keçirilən Prezident seçkilərindən aylar əvvəl AXCP-nin xaricdə fəaliyyət göstərən informasiya ruporları Prezident Ərdoğanın əleyhinə ölçü tanımayan əks-təbliğata başladılar. Yalan, böhtan və iftira dolu təbliğata. Onların efirlərinin qonaqları yalnız Ərdoğan əleyhinə olan siyasi cinahın təmsilçiləri və təəssübkeşləri oldu. Seçki ərəfəsində durmadan yayımladıqları da yalnız müxalif blokun keçirdiyi mitinqlərin və orada edilən çıxışların videogörüntüləri idi. Yəni, bu ruporlar müxalifətin xeyrinə olan təbliğat prosesinin iştirakçısına çevrilmişdilər. Vaxtilə Ermənistan qarşısında məğlubiyyətimizin səbəbkarı olmuş, hakimiyyət səriştəsizliyi və hakimiyyət hərisliyi ucbatından xalqımıza məğlubiyyətin acısını yaşatmış bu şəxslər, hətta elementar vəfa və minnətdarlıq borcunu da unutdular. Guya Türkiyənin iqtidar və müxalifət camiyəsindən bərabər məsafə saxlamağın tərəfdarı olduqlarını bəyan edən AXCP təmsilçiləri bəzən sətiraltı, bəzən isə ürkək şəkildə olsa da, daha açıq formada müxalifətin namizədini təbliğ etdilər. Nə vəfa borcu onların yadına düşdü, nə də cəmiyyətimizdəki ictimai rəylə hesablaşdılar. Bir daha sübut etdilər ki, ictimai mövqe və ictimai rəylə, bütövlükdə demokratiya ilə bağlı təsəvvürləri cılız siyasi maraqları çərçivəsinə kimi kiçilə bilir. Onların “başbilənləri”  xaricdəki təbliğat ruporlarına bircə dəfə də demədilər ki, müxalifət namizədinin lehinə apardıqları birtərəfli təbliğatı dayandırsınlar. Bu, siyasi cılızlığın siyasi riyakarlıqla tamamlandığı  bir tamaşada qeyri-peşəkarların rol aldığı və yalnız ikrah hissi doğuran rəzalət səhnəsi idi. Təxminən 90-larda oynadıqları kimi. Onlar Ermənistan və ona havadarlıq edən xarici dairələr kimi inanır və arzu edirdilər ki, təki Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə məğlub olsun. Onların düşüncəsinə görə, Prezident Ərdoğanın hakimiyyətdən getməsi ilə guya Azərbaycanda siyasi təlatüm yaşanacaq və 1992-93-cü illərdə olduğu kimi, bunlar da bulanıq suda arzuladıqları “balığı” yenidən tuta biləcəklər. Həmin şəxslər öz davranışları ilə bir daha sübut etdilər ki, siyasi müştəbehliklərindən doğan xülyaları onlar üçün Qarabağdan, torpaq bütövlüyündən və milli qürurumuza görə vəfa borcundan çox-çox öndədir. Türkiyə Prezidentinin ünvanına yönəltdikləri təhqir və böhtanların, yalançı “tərəfsizliklə” bağlı mövqelərinin arxasında isə yadırğaya bilmədikləri siyasi riyakarlıq ənənəsi dayanırdı.

 

Türkiyədə keçirilən Prezident seçkilərinin 2-ci turunun nəticəsi məlum olan kimi, ölkəmizdə, Bakıda yaşanan bayram əhval-ruhiyyəsi həmin riyakarlara ən tutarlı ictimai cavab idi. Onlar tez-tez  xalqdan gileylənirlər. Hələ də fərqində deyillər ki, xalqımız  onlara niyə inanmır, siyasi etimad yaddaşından onları niyə silib. Həmin siyasi nakamlar unudurlar ki, Azərbaycan xalqı vəfa borcuna və ləyaqətli davranışa həmişə xüsusi dəyər verib. Unudurlar ki, bunu bilməyənə və buna əməl etməyənə el arasında nadan və nankor deyilir. Bunu siyasətçi edirsə, xalq artıq onu öz adı ilə çağırmağa başlayır və unutqanlığını  bağışlamır. Onlar təkcə unutqanlıq etmədilər, yaxşılığa yamanlıqla cavab verdilər. Xalqımız belələrini heç vaxt əfv etmir. Azərbaycan xalqı çox yaxşı bilir və görür ki, Prezident İlham Əliyev üçün vəfa borcu və ləyaqətli davranış ən üstün və hər zaman gözlənilən dəyərlərdəndir. Xalqımız kimin-kim olduğunu, kimin hansı xidmətlərə imza atdığını dəqiq bildiyinə və gördüyünə inandığına görə, öz Prezidentinin yanındadır. Vəfa borcunun, o cümlədən siyasətçi ləyaqətinin qorunmasını, bu ənənənin gələcək nəsillərə ötürülməsini tarixi köklərimiz tələb edir.  Xalqımız və  dövlətimiz üçün bu həm də ona görə vacibdir ki, onun arxasında müstəqil Azərbaycanın və güclü Türkiyənin ortaq maraqları dayanır. Builki Müstəqillik Günümüzdə Türkiyədən aldığımız sevindirici xəbər həm də yeni müştərək qələbələrimizin müjdəsi deməkdir. Uca Tanrı Azərbaycanı və Türkiyəni, bütün Türk dünyasını qorusun!

 

Ülvi Quliyev 

Milli Məclisin deputatı