"Xalqımızın qurtuluş günündən Zəfərə gedən yolu Azərbaycan xalqının Zəfər tarixidir"

Hər bir xalqın tarixində elə günlər var ki, illər ötsə də, nəsillər dəyişsə də, o gün unudulmur. Azərbaycanın xilas günü olan 15 İyun – Milli Qurtuluş Günü kimi.

15 iyun dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. 15 iyun Azərbaycanın sabitliyə, demokratiyaya qovuşduğu gündür. 15 iyun həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirən tarixdir.

Bu gün dövlətçilik tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Gününün 29 illiyidir. 1993-cü il iyunun 15-də Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirdi; Azərbaycanı faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin xilasını və Azərbaycanın bu gününə hesablanmış inkişaf strategiyasını bəyan elədi. Milli dövlətçiliyimizin konsepsiyasını yaradan Heydər Əliyevin qətiyyəti sayəsində ən qısa zamanda ölkədə ictimai-siyasi sabitlik təmin edildi. Ulu Öndər Azərbaycanı dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail oldu.

Bununla da müstəqil dövlətimizin tarixini yaratdı. Və o gündən sonra ölkəmizin tarixində yeni bir dövr başlandı.

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına həsr etmiş ulu öndər Heydər Əliyev Azərbaycanın tarixində müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Xalqımız haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyin təminatçısı kimi qəbul edir.

Artıq ikinci ildir ki, Milli Qurtuluş Gününü Zəfər çalmış xalq olaraq qeyd edirik. 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin nəticəsində azad edildi. Məhz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı ulu öndərin davamçısı, Prezident İlham Əliyev dünya arenasında güclü, qüdrətli dövlət kimi tanıtdı.

Cənab Prezident ulu öndərin ən böyük arzusunu gerçəkləşdirdi. Heydər Əliyevin məcburi köçkünlər qarşısında çıxışlarının birində söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” fikirləri reallığa çevrildi.

Hər birimizin yaddaşıda həkk olunan bir fikir də var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də xalqa müraciətində söylədiyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” fikirlər.

Bu, həm də xalqımızın 8 noyabra doğru ilk addımlarını məhz 1993-cü il iyunun 15-də atdığının göstəricisidir. Bir sözlə, xalqımızın qurtuluş günündən Zəfərə gedən yolu Azərbaycan xalqının Zəfər tarixidir.

Oqtay Əsədov
Milli Məclisin deputatı