"Xəritələrin verilməməsinə görə hərəkətsizlik göstərən bütün tərəflər məsuliyyət daşıyır"

"Hadisəyə görə Ermənistanla bərabər, bu təcavüzkar ölkənin əməllərinə haqq qazandıran, ona müxtəlif formada dəstək verən bütün mürtəce güclər, o cümlədən minalanmış ərazilərin xəritəsinin verilməməsinə görə təsir imkanı olsa da, hərəkətsizlik göstərən bütün tərəflər məsuliyyət daşıyır".

Sfera.az bildirir ki, bunu deputat Bəhruz Məhərrəmov Kəlbəcərdə minaya düşərək vəfat edən jurnalistlərdən danışarkən deyib. Millət vəkilinin sözlərinə görə, baş verənlər terror hadisəsi, müşahidə edilən məlum yanaşma isə terrora dəstəkdir:

"Bu cür qərəzli və vicdansız yanaşma, o cümlədən, Ermənistan dövlətinin Beynəlxalq humanitar hüquqa əhəmiyyət verməməsi, 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirməsi regionda belə insidentlərin yenidən təkrarlanmasına, mülki insanların tələfatının davam etməsinə zəmin yaradır. Mövcud mənzərə Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivlərini sual altına almaqla, Ermənistanın özünün dövlət kimi xəritədən silinməsi üçün əsas yaradır.

Hesab edirəm ki, baş verən hadisə beynəlxalq insan hüquq müdafiə təsisatları və media təşkilatları üçün bir imkandır və həmin təşkilatlar media mənsublarımızın faciəli şəkildə həlak olmasını və Ermənistanın humanitar cinayətlərini kəskin formada pisləyərək bəşəri dəyərlərinin müdafiəsi ilə məşğul olduqlarını sübut etməlidirlər. O cümlədən beynəlxalq ictimaiyyət Ermənistan və onun havadarlarından mülki insanları hədəfə alan terror siyasətinə son qoymağı tələb etməlidir".