Son illərdə Azərbaycanın Mərkəzi
Asiya dövlətləri ilə əlaqələri sürətlə genişlənərək ənənəvi diplomatik münasibətlər
çərçivəsindən çıxıb strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xəzər dənizi,
nəqliyyat-kommunikasiya xətləri, enerji təhlükəsizliyi, ticarət, investisiya, rəqəmsal
bağlantılar və humanitar əməkdaşlıq Azərbaycanı Mərkəzi Asiya ilə Avropa
arasında mühüm geosiyasi və geoiqtisadi bağlantı mərkəzinə çevirir. Bu baxımdan
Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın nəqliyyat
infrastrukturu və Xəzər üzərindən formalaşdırdığı bağlantılar Mərkəzi Asiya ölkələrinin
dünya bazarlarına çıxış imkanlarını genişləndirən mühüm amillərdəndir. Prezident İlham
Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan
Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı
da məhz bu yeni reallıqlar fonunda diqqət çəkir. Dövlət
başçısının qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət
formatına tamhüquqlu üzv qəbul edilməsi tarixi qərardır. Bu qərar Azərbaycanın
region ölkələri ilə artan siyasi, iqtisadi və humanitar əlaqələrinin məntiqi nəticəsi
olmaqla yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə bağlı proseslərdə daha fəal və məsuliyyətli
rol oynayacağının göstəricisidir.
Öncəliklə qeyd edək ki, oktyabrın
8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi
Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün keçirilməsi Azərbaycan ilə Mərkəzi
Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə daxil olmasının mühüm
göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Görüşün yekununda dövlət
başçıları iki mühüm sənədə – “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət
Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”na və “Azərbaycan
Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici
sənədləri haqqında Qərar”a imza atıblar. Bu sənədlərin əhəmiyyəti yalnız növbəti
siyasi görüşün yekunlarının rəsmiləşdirilməsi ilə məhdudlaşmır. Onlar Azərbaycanla
Mərkəzi Asiya ölkələri arasında son illərdə sürətlə inkişaf edən siyasi,
iqtisadi, enerji, nəqliyyat və humanitar əlaqələrin daha sistemli əməkdaşlıq
mexanizminə çevrildiyini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin
görüşdəki çıxışı da məhz bu reallığı əks etdirib. Dövlət başçısı qeyd edib ki,
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib,
siyasi əlaqələr yüksək səviyyəyə çatıb, qarşılıqlı yüksək səviyyəli səfərlər
müntəzəm xarakter alıb, iqtisadi-ticari əməkdaşlıq güclənir, investisiyalar
artır və birgə layihələr həyata keçirilir.
Türkmənbaşı görüşünün xüsusi əhəmiyyət daşıyan
məqamlarından biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət
formatında tamhüquqlu iştirakçı kimi ilk tammiqyaslı görüşdə iştirak etməsidir.
Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması 2025-ci ilin noyabrında qəbul
edilmiş qərarla mümkün olub. Prezident İlham Əliyev Türkmənbaşıdakı çıxışında
bu qərarı tarixi hadisə kimi qiymətləndirərək, onu dəstəkləyən dövlət
başçılarına təşəkkürünü bildirib. 8-ci Məşvərət görüşü əvvəlki əməkdaşlıq təcrübəsinin
davamı olmaqla yanaşı, Azərbaycanın Mərkəzi Asiya regional əməkdaşlıq
platformasında institusional iştirakının yeni mərhələsini formalaşdırır. Bu
proses Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin ikitərəfli
əlaqələr çərçivəsindən daha geniş – regional əməkdaşlıq formatına keçidini sürətləndirir.
Prezident İlham Əliyevin çıxışında enerji məsələsinə
xüsusi yer ayrılması təsadüfi deyil. Azərbaycan Mərkəzi Asiya enerji
resurslarının dünya bazarlarına çıxarılmasında mühüm tranzit imkanlarına
malikdir. Dövlət başçısının sözlərinə görə, Türkmənistan və Qazaxıstandan neft
Azərbaycan ərazisi vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Eyni
zamanda Azərbaycan Qazaxıstan və Özbəkistanla bərpaolunan enerji sahəsində əməkdaşlıq
edir və yaşıl enerji dəhlizinin yaradılması istiqamətində birgə iş aparır. Bu
proses Xəzər dənizinin Azərbaycan ilə Mərkəzi Asiya arasında yalnız coğrafi
ayırıcı deyil, əksinə, enerji və nəqliyyat əlaqələrini birləşdirən strateji məkan
kimi rolunu gücləndirir. Ənənəvi enerji resurslarının daşınması ilə yanaşı,
yaşıl enerji sahəsində əməkdaşlığın genişlənməsi regionun enerji xəritəsində
yeni istiqamət yaradır. Bu,
həm Azərbaycanın enerji tranziti və ixrac infrastrukturu üçün, həm də Mərkəzi
Asiyanın zəngin bərpaolunan enerji potensialının beynəlxalq bazarlara
çıxarılması üçün mühüm perspektivlər açır.
Azərbaycan ilə Mərkəzi Asiya arasında əməkdaşlığın
ən perspektivli istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycanın
Xəzər dənizinin qərb sahilində, Mərkəzi Asiya ölkələrinin isə şərq sahilində
yerləşməsi bu dövlətləri təbii nəqliyyat tərəfdaşlarına çevirir. Bakı Limanı,
Ələt ərazisində formalaşan logistika imkanları, dəmir yolu infrastrukturu və Mərkəzi
Asiyanın nəqliyyat şəbəkələri arasında əlaqələrin genişləndirilməsi Transxəzər
marşrutunun, başqa sözlə, Orta Dəhlizin əhəmiyyətini artırır. Bu baxımdan Türkmənbaşı
görüşündə siyasi səviyyədə əldə olunan razılaşmaların nəqliyyat-logistika layihələrinə
əlavə impuls verməsi gözləniləndir. Azərbaycanın Mərkəzi Asiya ilə ticarət
dövriyyəsinin son bir ildə 50 faizdən çox artması da iqtisadi əlaqələrin genişlənmə
sürətini göstərir. Prezident
İlham Əliyev çıxışında Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə
400-dən çox şirkətin aktiv fəaliyyət göstərdiyini bildirib. Bu rəqəmlər əməkdaşlığın
siyasi bəyanatlardan real iqtisadi fəaliyyətə keçdiyini göstərən mühüm göstəricilərdir.
Azərbaycan-Mərkəzi Asiya münasibətlərində son
illərin əsas xüsusiyyətlərindən biri qarşılıqlı investisiyaların artmasıdır. Əgər
əvvəlki mərhələdə əməkdaşlıq daha çox ticarət, diplomatik münasibətlər və
ayrı-ayrı infrastruktur layihələri ilə xarakterizə olunurdusa, hazırda
investisiya əməkdaşlığı münasibətlərin əsas komponentlərindən birinə çevrilir. Azərbaycan
şirkətlərinin Mərkəzi Asiya ölkələrində həyata keçirdiyi layihələr, eyni
zamanda Mərkəzi Asiya dövlətlərinin Azərbaycandakı investisiya fəaliyyəti
qarşılıqlı iqtisadi asılılığı və marağı artırır. Bu proses həm də regional
iqtisadi inteqrasiyanın daha dərin mərhələyə keçməsi üçün imkan yaradır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən
mühüm məqamlardan biri də regional əməkdaşlığın yalnız iqtisadi layihələrlə məhdudlaşdırılmamasıdır.
Dövlət başçısı vurğulayıb ki, ölkələrdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi
sabitlik bütün nailiyyətlərin təməlidir və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın
gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətin möhkəmlənməsinin təminatıdır.
Bu yanaşma regionun geosiyasi reallıqları baxımından xüsusi əhəmiyyət daşıyır.
Siyasi sabitlik və təhlükəsizlik olmadan nə böyük nəqliyyat layihələrinin, nə
enerji dəhlizlərinin, nə də uzunmüddətli investisiya proqramlarının dayanıqlı şəkildə
həyata keçirilməsi mümkündür. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığında
bu prinsip qarşılıqlı etimadın və dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə
hörmətin ön plana çıxarılmasını nəzərdə tutur.
Türkmənbaşı görüşünün mühüm nəticələrindən
biri də növbəti mərhələdə Azərbaycanın Məşvərət görüşü formatına sədrliyinin nəzərdə
tutulmasıdır. Qırğızıstan Prezidenti Sadır Japarov görüş zamanı Azərbaycanın
2027-ci ildə sədrliyinin birgə işə yeni impuls verəcəyinə əminliyini ifadə edib
və Qırğızıstanın Azərbaycan sədrliyinə dəstək verməyə hazır olduğunu bildirib. Bu
fakt Azərbaycanın regional əməkdaşlıq sistemində artan siyasi çəkisinin göstəricilərindən
biri kimi qiymətləndirilə bilər. 2027-ci ildə sədrliyin Azərbaycanın üzərinə
düşməsi ölkəyə yalnız mövcud əməkdaşlıq gündəliyini davam etdirmək deyil, həm də
yeni təşəbbüsləri regional müzakirə platformasına çıxarmaq imkanı verəcək. Xüsusilə
enerji, nəqliyyat, rəqəmsal bağlantılar, ticarət, investisiya və yaşıl inkişaf
kimi istiqamətlərdə yeni təşəbbüslərin irəli sürülməsi üçün əlverişli imkan
yaranır. Azərbaycanın 2027-ci ildə bu formata sədrliyi isə əldə olunmuş
razılaşmaların praktiki layihələrə çevrilməsi, yeni təşəbbüslərin irəli sürülməsi
və Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsi
baxımından xüsusi əhəmiyyət daşıyacaq.
Qasımov Səyavuş Kamran oğlu,
Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent