ADA Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Layihənin idarə edilməsinin əsasları” təliminin bağlanış mərasimi olub. Təlimdə son illər yaranmış 100-ə yaxın QHT iştirak edib.
ADA-nın İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova bu təlimin faydalı olduğunu, QHT-lərin inkişafında töhfə verəcəyini bildirib.
Prezident Administrasiyasının
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev qeyd edib ki, QHT ailəsinə yeni qoşulan təşkilatların bilik və bacarıqlarını artırmaq yolu ilə rəqabət mühiti formalaşdırması təqdirəlayiqdir: “Bu gün Azərbaycan vətəndaş cəmiyyəti yetkindir, onun sıraları möhkəmdir. Bununla belə inkişafın əsas hərəkətverici qüvvəsi mütərəqqi ideyadır - yeni fikirlər, innovasiyalar, təşəbbüslərdir.
Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş müstəqil Azərbaycan Respublikası inkişafının yeni mərhələsinə qədəm qoyub. Dünənə qədər aktual olan çox mövzular, məsələlər köhnəlib və ya əhəmiyyətini itirib. İndi yeni çağırışlar var. Azərbaycan QHT-lərindən bu prosesdə fəallıq, təşəbbüskarlıq, innovativlik gözləyirik”.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, artıq 3-cü dəfədir ki, Agentlik xətti ilə “İnkişaf və Mübadilə Proqramı” təşkil edilir. 300-ə yaxın QHT bu imkandan faydalanıb.
Təlimçilər – Ceyhun Məmmədbəyli, Nərgiz Əzizova, Tural Məmmədov iştirakçılara fəallıqlarına görə təşəkkür ediblər.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin və ADA Universitetinin sertifikatları təqdim olunub.