Aprel döyüşləri heç şübhəsiz ki, böyük Zəfərə gedən yolda ilk uğurlu sınağımız və mənəvi dirçəlişimizin yeni mərhələsi hesab olunmalıdır. Texniki olaraq aprel döyüşlərində Ordumuzun döyüş qabiliyyətini, ən müasir silah və sursatı, xüsusən 5-ci nəsil hərbi texnologiyanı yerli şəraitdə, real müharibə zəminində tətbiqi baxımdan yoxlamaq imkanı əldə etdik. Mənəvi baxımdan isə aprel əməliyyatları Azərbaycan insanının əzmi və milli vəhdətinin sınağı üçün mühüm bir mərhələ oldu. Biz xalq olaraq bu sınaqdan üzü ağ çıxaraq 25 il sonra nəhayət ki, o zaman hələ də işğalda olan ərazilərimizin bir qismini işğaldan azad edib, Böyük Qayıdışın ilk mini formatını reallaşdırdıq, Cocuq Mərcanlı misalında işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə həyata keçirilən bərpa-quruculuq prosesi ilə həm nələrə qadir olduğumuzu, həm də bu torpaqların əzəli və əbədi olaraq əsl sahibinin kim olduğunu dünyaya göstərdik.
Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a açıqlamasında söyləyib.
“Prezident İlham Əliyev Aprel döyüşlərində Ermənistan hakimiyyətinin, cinayətkar xunta rejiminin formalaşdırdığı və ermənilərin də sidq ürəklə inandığı, yaxud inanmağa üstünlük verdikləri “məğlubedilməzlik” mifini darmadağın etdi. 2016-cı ilin aprelinə qədər Ermənistanda bu fikirdə idilər ki, heç kəs Ohanyan səddini keçə bilməz, amma Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi illərində yeni ruhda yetişən peşəkar hərbçilərimiz məlum səddi bir neçə saata yerlə-yeksan etdilər. Aprel qələbəmiz, həmçinin Ermənistanda Sarkisyan-Koçaryan murdar cütlüyünün və xunta rejiminin bütün dayaqları üçün sonun başlanğıcı oldu. Bu mənada biz Aprel döyüşlərinə yalnız uğurlu hərbi əməliyyat, yaxud yalnız qəhrəmanlıq dastanı kimi yox, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılan və regionun taleyini dəyişən mürəkkəb hərbi-siyasi hadisə, strateji keçid mərhələsi kimi yanaşmalıyıq”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.
Onun sözlərinə görə, heç şübhəsiz ki, Vətən müharibəsi Zəfərinin kökündə dayanan vacib amillərin arasında ilk yerlərdən birini məhz Aprel qələbəsi tutur. Qırx dörd günlük savaşdan sonra yaşananlar, 2022-ci ildəki cəza tədbirləri, habelə son bir ay ərzində hərbçilərimizin həyata keçirdiyi nəzarət tədbirləri göstərir ki, Azərbaycan bu gün də aprel ruhunu və Vətən müharibəsində böyük Zəfərin nəticələrini uğurla mühafizə etmək və yaşatmaqdadır.
“Aprel döyüşlərinin 7-ci il dönümündə bütün şəhidlərimizi rəhmətlə və sevgi ilə anır, şəhid ailələrinə, qazilərimizə və onların ailələrinə hörmət və ehtiramımızı çatdırır və hər birini əmin edirik ki, onların bu əvəzsiz xidməti heç zaman unudulmayacaq və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin onlara diqqət və qayğısı günü-gündən daha da güclənəcək”, - deyən deputat fikirlərini yekunlaşdırıb.