“Tale elə gətirib ki, bu il həm müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin, həm də onun həyat yoldaşı, Azərbaycanın görkəmli alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Sevindirci haldır ki, həm ölkəmizdə, həm də xarici ölkələrdə hər iki görkəmli şəxsin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş müxtəlif səpkili tədbirlər keçirilir”. Bu fikirləri saytımıza Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.
Səadət Məhərrəmova deyib ki, Əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əliyevanın gələcək nəsillərə nümunə olan ömür yolu olub: “1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı. Həmin dövrdə Zərifə Əliyeva həkimlik fəaliyyəti ilə məşğul olur: bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır. Traxoma ilə yanaşı, Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək edib.
Onun bu və digər istiqamətlərdə fəaliyyəti məqsədyönlü, çoxşaxəli və məhsuldar olub: Zərifə xanım Əliyeva peşəkar oftalmoloq kimi insanlara nur və şəfa bəxş etməklə yanaşı, özündən sonra savadlı mütəxəssislərin yetişməsində də aktiv rol oynayıb”.
QHT sədri qeyd edib ki, Zərifə Əliyeva rəngarəng, eləcə də zəngin fərdi və ictimai portretə malikdir: “O çox mənalı və nümunəvi həyat yolu keçib. Zərifə xanım Əliyeva peşəkar həkim-mütəxəssis, ləyaqətli ziyalı və dəyərli elm xadimi olaraq cəmiyyətimizin inkişafına öz töhfəsini verib. Eyni zamanda o, vəfalı ömür-gün yoldaşı, həmçinin qayğıkeş ana kimi nümunəvi Azərbaycan xanımı olub”.
Xatırladaq ki, akademik Zərifə Əliyevanın 100 illik yubileyi təntənəli şəkildə qeyd edilir. Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayaraq həyata keçirir.