İltizam Yusifov: Azərbaycan-Gürcüstan əlaqələrinin tarixi kökləri var

Prezident İlham Əliyevin Gürcüstana səfəri, bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Bu səfər zamanı diqqətçəkən məqamlardan biri Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrindəki artımın konkret rəqəmlərdə öz əksini tapması oldu. Qeyd edildi ki, cari ilin 9 ayında ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb və Azərbaycan Gürcüstan iqtisadiyyatına üç milyard dollar sərmayə yatırıb. Təbii ki, bu iqtisadi göstəricilər iki ölkə arasında artan əməkdaşlığın səviyyəsinin bariz göstəricisi hesab oluna bilər. Azərbaycandan Avropaya uzanan neft, qaz kəmərləri və tarixi İpək Yolunun Gürcüstan ərazisindən keçdiyini nəzərə alsaq, ölkəmizin Qərb qonşusunun iqtisadi həyatındakı rolunun əhəmiyyətini təsəvvür etmək çətin olmaz. Enerji və nəqliyyat sahəsində yeni layihələr – Aİ-yə qaz ixracının artırılması və 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması, elektrik enerjisi ixracının artırılması, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük daşımalarının 5 milyon tona yüksəldilməsi yaxın perspektivdə Gürcüstanla əlaqələrin daha da güclənəcəyini söyləməyə imkan verir. Həmçinin Asiyadan Qərbə və əks istiqamətə yüklərin daşınmasının intensivləşməsi yeni reallıq yaradır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona artırmağı planlaşdırır. Bu, o deməkdir ki, Gürcüstan növbəti ildə ölkəmizdən daha çox yük qəbul edəcək. Bütün bunlar, xüsusilə də, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələrin güclənməsi, iki ölkənin vahid maraqlarının müdafiəsi üçün birgə addım atmalarını şərtləndirir.

Bu fikirləri Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında söyləyib.

O deyib ki, Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatları zamanı dövlətimizin başçısı strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə qalxdığını bəyan etdi. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm də beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik.

“Prezident İlham Əliyevin də səfər zamanı qeyd etdiyi kimi, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsi günümüzün vacib tələbidir. İkitərəfli layihələrimiz təkcə ölkələr və region üçün deyil, ümumilikdə Avropanın enerji təhlükəsizliyi baxımından mühüm önəm daşıyır. Çünki Azərbaycanın yaratdığı yeni reallıqlar, iqtisadi layihələr həm regionun, həm də Qərbin maraqlarına cavab verir. Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycan region ölkələrinin də iştirakı ilə yeni bir inkişaf konsepsiyasını irəli sürdü. Bu platformada Azərbaycan və Gürcüstanla yanaşı Ermənistanın da yer alması, daha doğrusu, yer alması üçün fürsətin yaradılması Bakının beynəlxalq imicinin müsbət mənada formalaşmasına səbəb oldu”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, apardığı işğalçılıq, separatizm siyasəti ucbatından uzun müddət blokada vəziyyətinə düşərək ağır iqtisadi böhran yaşayan və üstəlik 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən darmadağın edilən Ermənistana hazırda yaşamaq, ayaqda qalmaq üçün müəyyən imkanlar tanınıb, şərait yaradılıb. Ermənistan tərəfi Azərbaycanın onun üçün müxtəlif istiqamətlərdə təklif etdiyi imkanları düzgün qiymətləndirib, sülh konsepsiyasına əməl etməlidir. Əks təqdirdə bu gün səslənən təkliflər, yaradılan fürsətlə bir daha təkrarlanmaya bilər.

“Prezident İlham Əliyevin bir daha bəyan etdiyi kimi, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etmişik. Ermənistan tərəfi də sülh sazişini imzalamaq üçün siyasi iradə nümayiş etdirməlidir. Dövlətimizin başçısı, eyni zamanda, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanması haqqında da fikir mübadiləsinin aparıldığını bildirib. Əlbəttə ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olunması istiqamətində önəmli bir platforma ola bilər”, - deyə İltizam Yusifov vurğulayıb.

Deputat onu da qeyd edib ki, 2008-ci ilin avqustunda Gürcüstanda baş verən qanlı müharibə zamanı Azərbaycanın bu ölkəyə göstərdiyi dəstək, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı Gürcüstanın Ermənistana silah idxalına qoyduğu qadağa ölkələr arasındakı dostluğun bariz nümunəsidir. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq. Bütövlükdə, Azərbaycanla Gürcüstan arasında münasibətlər hər iki xalqın maraqlarına uyğun olaraq inkişaf edir.