“Zəif olmağa ixtiyarımız yoxdur!”

Azərbaycanda ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, onun maddi-texniki təchizatının gücləndirilməsi kimi məsələlərin şanlı 8 Noyabr zəfərindənn sonra da prioritet məsələ olaraq qaldığı məlum həqiqətlərdən biridir. Dövlət başçısı 12 aprel tarixli müşavirədə də bu məsələnin önəmini məxsusi olaraq vurğulayaraq hərbi məsələlər üçün bundan sonra da gərəkli olan vəsaitin ayrılacağını qeyd etdi. Ordumuzun güclənməsi təhlükəsizliyimizin daha etibarlı təmini ilə yanaşı, dövlətimizin bölgədə hərbi baxımdan da liderlik mövqeyini gücləndirməsi baxımından nə dərəcədə önəmlidir?

 Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev ordumuzun güclənməsinin sadəcə hərbi baxımdan deyil, digər amillər baxımından da mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:

 “Prezident İlham Əliyevin 12 aprel tarixli müşavirədə, bir çox məsələlərlə yanaşı, ordu quruculuğu sahəsində görülən işlərə xüsusi diqqət ayırması, zərurətdən irəli gəlir və müharibədən sonra yaranmış geosiyasi reallıqlarla bağlıdır.

 Ordumuz 44 günlük müharibədə şərəfli tarix yazdı. 30 il işğalda olmuş torpaqlar azad olundu.

"Məğlubedilməz erməni" mifi darmadağın edildi və dünya erməniliyinə sağalmaz yara vuruldu. Ancaq, problem ondadır ki, hərb meydanında əldə olunmuş qələbə, diplomatik masada tam təsdiqini tapmamışdır. Böyük sülh müqaviləsinin bağlanması, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində işlər çox ləng gedir. Bunun da günahı, bilavasitə Ermənistan siyasi rəhbərliyinin üzərindədir. Çünki erməni tərəfi özlərinin belə imzaladığı 10 noyabr, 11 yanvar üçtərəfli bəyannamələrdən irəli gələn müddəaları yerinə yetirməkdən boyun qaçırır, müxtəlif bəhanələrlə vaxt uzadırlar. Qəbul olunmaz şərtlər ( gah Minsk qrupu, gah da ,,status,,) irəli sürməklə məşğul olurdular.

 Digər tərəfdən isə, acı məğlubiyyətlə barışmaq istəməyən, siyasi müxalifət və onların xarici havadarları bölgədə sülhün yaranmasını özləri üçün əsas təhlükə olaraq görürlər.

 Tarixən, Cənubi Qafqaz regionu müxtəlif böyük dövlətlərin maraq dairəsində olmuşdur. Müharibə zamanı və ondan sonra da, bəzi məkrli qonşularımızın dostluq, mehriban qonşuluq prinsipləri ilə uzlaşmayan davranışlarının, açıq şəkildə təhdidlərinin şahidi olduq. Çox təəssüflər olsun ki, bu gün də həmin fürsətcil qüvvələr vardır.

 Bütün bunlar günümüzün reallıqlarıdır və potensial riskləri nəzərə alan ölkə Başçımız, Ali Baş Komandan, Silahlı Qüvvələrdə aparılan struktur dəyişiklərinin mahiyyəti, NATO standartlarına uyğun komando hissələrinin yaradılması, müasir silahların, yeni döyüş texnikasının alınması üçün görülən işləri ictimaiyyətin diqqətinə çatdırdı. “Ordunun daha da güclənməsi üçün nə qədər maliyyə vəsaiti lazım olacaqsa, o qədər ayrılacaq” fikrini bildirdi.

 Müasir dünyada olduqca mürəkkəb proseslər gedir. Rusiya-Ukrayna müharibəsi göz qabağındadır. Müstəqilliyin, ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmin olunması üçün güclü ordunun olması şərtdir. Məşhur bir kəlam var; “öz ordunu inkişaf etdirməlisən ki, yad orduları baxmaq məcburiyyətində qalmayasan”. Ordumuzun güclənməsi isə, dövlətimizin güclənməsi, dipomatik masada söz sahibi, bölgədə lider dövlət olması deməkdir. Vətən müharibəsində əldə olunmuş qələbə, güclü iqtisadi inkişaf, ölkənin beynəlxalq nüfuzu, Prezident İlham Əliyevin apardığı siyasətin düzgünlüyünün sübutudur və milli təhlükəsizliyimizin yeganə qarantıdır.

90-cı illərin əvvəllərində ordumuzun olmaması ucbatından torpaqlarımız işğal olundu. Mülki əhali arasında xeyli itkilər oldu, yüz minlərlə insan evlərini tərk etdi. Yerləşdiyimiz coğrafiya və bir daha tarixin acı nəticələri ilə qarşılaşmamaq üçün güclü ordumuzun olması vacibdir. Zəif olmağa ixtiyarımız yoxdur.”.