149 il əvvəl Həsən bəy Zərdabinin başlatdığı yol Azərbaycanın gələcək taleyinə böyük təsirlər göstərib. Məhz Həsən bəy Zərdabi və “Əkinçi” qəzetindən başlanan yol sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparıb çıxardı.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid iyulun 19-da Bakıda keçirilən “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, sovet dövründə də Azərbaycan jurnalistləri ana dilimizin saflığının qorunub saxlanmasında böyük rol oynayıblar. Ulu Öndər Heydər Əliyev hələ sovet vaxtında Azərbaycana rəhbərlik etdiyi dövrdə jurnalistikaya, söz azadlığına böyük önəm verirdi. Müstəqillik illərində də biz bunun şahidi olmuşuq. Azərbaycanda uzun illərdən bəri mövcud olan senzuraya 1998-ci ildə Ümummilli Liderin Sərəncamı ilə son qoyuldu. Ulu Öndər Heydər Əliyevin başlatdığı mətbuata dəstək siyasəti Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir. Dövlətimizin başçısı Azərbaycanın müstəqil mətbuatına dəstək məsələsində dəfələrlə fikirlərini bildirib. “Media haqqında” yeni Qanunun qəbulu, Medianın İnkişafı Agentliyinin yaradılması bu nümunələrdən biridir.